İranın fars rejimi hazırda barıt çəlləyidir, hətta bu çəlləyin altında kifayət qədər benzin də var. Çünki ayətullahlar artıq o qədər irəli gedirlər ki, partlayışın gücü sadəcə barıt çəlləyi ilə deyil, onun altında olan benzinin də alışmasından təsirlənəcək. Bir tərəfdən narazı xalq kütləsi, bir tərəfdən panfarsist rejimin nüvə siyasəti oyunları, bir tərəfdən də beynəlxalq aləmin buna etinasız yanaşmaması, davamlı sanksiyaların qəbul etməsi. Yəni ayətullahların başı yaman dərdə düşüb, özü də nə düşüb!
Üstəlik, İsrail dövlətinin müharibə barədə ciddi və rəsmi bəyanatlar, açıqlamalar verməsi, Qərbin də bunu dəstəkləməsi, daha dəqiq desək, yuxarıda sadalanan məsələlərin qarşısının tez bir zamanda alınması cəhdi bütün məqamlarda "İslam dövləti"nin, həqiqətən də, islama xidmət etmədiyini yəqinləşdirir. Qısası, İran adlı islam respublikası müsəlmanlara layiq dəyərlərdən sui-istifadə edərək, yalnız fars şovinizminin inkişafına xidmət edir. Buna misal kimi, İranın dünya dövlətləri tərəfindən işğalçı ölkə kimi tanınan təcavüzkar, eləcə də, onlar kimi şovinist Ermənistanla "bir yalaqdan su içməsi" mövzusunu qabartmaq mümkündür. Şovinist Əhmədinejadla şovinist Sarkisyanın il ərzində bir neçə dəfə "üç öpüb, bir dişləməsi" hər şeyi özü-özlüyündə ifadə edir. Bir sözlə, İranın bu şovinizmdən doğan mövqeyi onun başına bir gün çox bəlalar gətirəcək desək, yanılmarıq...
Düzdür, bu gün fars ayətullahlarının yanında olan başqa dövlətlər də mövcuddur ki, onlardan biri və ən ələlxüsusu Rusiyadır. Çünki Rusiyanın da zaman-zaman şovinizm meyillərini dəstəkləməsi (buna misal olaraq, yay günlərdə ultramillətçilərin Moskvadakı yürüşünü göstərmək mümkündür) sirr deyil. İrqi məsələlərin tez-tez baş verdiyi bu dövlətdə soydaşlarımızın da vaxtaşırı bəzi problemlərlə qarşılaşdıqları məlumdur. Amma hazırda söhbət İrandan getdiyinə görə, Rusiyanın "çoxşaxəli" siyasəti barədə gələn yazımda toxunacağam. Bu gün İranın nüvə başlığı hazırlaması və Buşehr AES-ində bu başlığın hazırlanması istiqamətində Rusiyanın canfəşanlıq göstərməsi hörmətli oxuculara heç nəyi demirmi? Və demirmi ki, Rusiya nəyə görə BMT TŞ-də ciddi-cəhdlə İranın çaldığı "zurna havasına" züy tutur? Əslində, hər şey məlumdur. Bu məlum səbəblərdir ki, yaşadığımız Dağlıq Qarabağ problemində hər iki dövlət- İran və Rusiya işğalçı Ermənistan rejiminə qahmar çıxırlar.
Bu gün rəsmi Tehranın siyasəti nəticəsində 30 milyona yaxın soydaşımız bütün normal və sivil həyat tərzindən məhrum olub. Beş-on nəfərlik erməni icması üçün kilsələr, ümumtəhsil məktəbləri, jurnal və qəzetlər, televiziya kanalları mövcud olsa da, azərbaycanlılar üçün ümumiyyətlə heç bir şərait yaradılmır. Hələ, üstəlik, İran rejimi davamlı olaraq Azərbaycan hökumətinə, dövlətinə və xalqına, xalqın rəhbərliyinə qarşı ultimativ bəyanatlarla çıxışlar edir. Həmin çıxışları edən şovinist rejiminin generalları, mollaları, siyasiləri, əlbəttə ki, bu söylədiklərinə görə lazımi cavablarını alacaqlar. Özü də təbii surətdə alacaqlar! Çünki onların törətdikləri pərdəarxası çirkin əməlləri yalandan ibadət etdikləri Allah da görür və gördüklərini qəbul etmir! Qəbul etmir həm də ona görə ki, orada hər gün onlarla soydaşlarımız dar ağacından asılaraq öldürülür, qəbul etmir, ona görə ki, "Ettealat"ın zindanlarında siyasi dustaq adı altında yüzlərlə günahsız insan döyülür, söyülür, əzilir və qəbul etmir ona görə ki, ayətullahların zindanlarında məhbus həyatı yaşayan hamilə qadınlar belə dar ağacından asılırlar! Belə yerdə bir həqiqət mövcuddur-İranın qondarma molla rejimini ya zəlzələ gözləyir, ya da ki, vəlvələ...