Araz Əlizadə:
Üzvlər bir-birinə ziddi, asidi,
Morqda bu qurumun sabah yasıdı,
Bu "İP" xəstəxana palatasıdı,
Sosdemlər heç zaman girməyəcəkdir.
Qabil Hüseynli:
Sosdem on il əvvəl uduzub tası,
Qırxı o vaxt çıxıb, olubdu yası,
Arzunuz, əlbəttə, "İP"-in iflası,
Onu gözləriniz görməyəcəkdir.
Araz Əlizadə:
Qulaqlarınıza eyləyin sırğa,
Xaric "İP"-inizi qoyubdu torqa,
Reanimasiya olunub, morqa
Gedəndə, orada hürməyəcəkdir.
Qabil Hüseynli:
Hər kəs göstərməkdə öz nömrəsini,
Sən də xeyli azalt öz həvəsini,
Yetkili palata bünövrəsini,
Dediyiniz tərzdə hörməyəcəkdir.
Araz Əlizadə:
Reanamision, morqdu təməlli,
Ölü bir qurumdu aləmə bəlli,
Biabır etməkdə sizi əməlli,
Qurumlar içində "İP"-iniz "təkdir".
Qabil Hüseynli:
"İP"-in daxilində Müsavat coşar,
Fərəhim, sevincim kükrəyər, daşar,
"İP" olub, olacaq əbədiyaşar,
İfrat liderlərə arxa-dirəkdir.
Araz Əlizadə:
Qələti düzəldin qələt etməmiş,
İşin gedişinə qoyun siz qəmiş,
"İP"-iniz son məkan-morqa getməmiş,
Yolunu bağlamaq, kəsmək gərəkdir.
Qabil Hüseynli:
Kiçik görünsə də, iri çıxardı,
Döyülsə, üstünün kiri çıxardı,
Dəyirman gözündən diri çıxardı,
"İP" ölü deyildir, xeyli zirəkdir.
Araz Əlizadə:
Bu fürsət əlimdə bəhanə deyil,
"İP"-i pisləyənlər divanə deyil,
Nurun dövrəsində pərvanə deyil,
Sizin "İP" parazitsayaq böcəkdir.
Qabil Hüseynli:
ASDP günbəgün verir irinə,
Susardım, olsaydım sənin yerinə,
Çox da ağ eyləyib getmə dərinə,
Bəlkə azdan-uzdan bir bicənəkdir.
Araz Əlizadə:
Cavabdeh olmuşam doğru sözümə,
Əminəm həmişə özüm özümə,
Onu düyünləyib dürtmə gözümə,
"İP" otu biçilmiş bir biçənəkdir.
Qabil Hüseynli:
Özünü sınadın çox siyahıda,
Təmsil olunmusan lox siyahıda,
ASDP adları yox siyahıda,
Bizim "İP" bizlərə müsbət örnəkdir.
Araz Əlizadə:
Silinib "İP" adlı ləpirin, izin,
Sənə bildirərdim, versəydin izin,
Adi xəstəxana nəzdində, sizin,
"İP"-iniz lüzumsuz adi dərnəkdir.
Qabil Hüseynli:
Qərb bossları burda boşaltmaqda cib,
Bu ocaqdan keçsə yaxşıdı hər tip,
Elə müalicə ocağı ki, "İP",
Təcili sağaldır, kim döyənəkdir.
Araz Əlizadə:
Bosslar göndərməkdə dolu miskilər,
Səhərlər yediniz siz sosiskilər,
Nahar içkinizdi mestni viskilər,
Zakuskanız leşdi, həm siyənəkdir.
Qabil Hüseynli:
Ayaz əl uzatdı İvanə kimi,
Qaldın boynubükük divanə kimi,
ASDP dolaşdı pərvanə kimi,
"İP" ələ keçməyən dinc kəpənəkdir.
Araz Əlizadə:
Ay ağa, nə bəzək məlum boyağa?
Mum adı verirəm sizin dayağa,
"İP"-iniz, özünüz başdan-ayağa,
Bosslara yalmanan adi köpəkdir.
Qabil Hüseynli:
Əzəldən bəd olur üzü dönməyin,
"İP" bilmir dadını siz tək sönməyin,
Siz onu səhv edib morqa gömməyin,
"İP" ASDP-dən də yüngül, yüyrəkdir.
Araz Əlizadə:
Durumunuz çətin, ağır durumdu,
Önünüzdə duran sərt uçurumdu,
ASDP səbatlı, dözən qurumdu,
"İP"-in qanadları xeyli kövrəkdir.
Qabil Hüseynli:
Vəzifən daima qan qusmaq olar,
Sənin də nəsibin, hey susmaq olar,
ASDP-nin sonu uduzmaq olar,
Yerə verəciyi qoşa kürəkdir.
Araz Əlizadə:
O, həm çox mükəmməl, naqis oğrudur,
Sizin qurumunuz xalis oğrudur,
"İP"-inizin yönü morqa doğrudur,
O, hazır çürümüş iki böyrəkdir.
Qabil Hüseynli:
Qaldın mat, ağıllı söz qabağında,
İflic ASDP-nin döz qabağında,
Sənin susqunluğun göz qabağında,
İşinin gedişi təkəmseyrəkdir.
Mirzə QƏRƏNFİL