Radikal müxalifət düşərgəsi yenidən öz köhnə azarına tutularaq "vahid namizəd" problemi üzərində var-gəl etməyə başlayıb. Baxmayaraq ki, 2013-cü ilə hələ uzun müddət var, bunların birdən-birə "vahid namizəd" məsələsi ətrafında bir-birlərinə "girməsi" düşərgədəki sakitliyin yenidən pozulmasına qədər gətirib çıxarıb. Bunu qarşılıqlı davranışlardan, həqarətlərlə dolu olan müsahibələrdən də sezmək mümkündür. Məsələn, Müsavat partiyasının sonuncu toplantısında "İctimai Palata" adlı qondarma qurum sərt şəkildə qınanılıb. Çünki bu qurum Müsavatın keçirmək istədiyi mitinqin keçirilməsinə dəstək verməyib. Amma niyə?
Məsələ ondadır ki, Müsavat partiyası bir-iki dənə aksiya keçirməklə özünü 2013-cü ilin prezident seçkilərinə hazır olduğunu nümayiş etdirmək istəyir. Yəni Müsavat İsa Qəmbərovun müxalifətdən "vahid namizəd" olmasını bu vasitə ilə sərgiləməyə cəhd göstərib. Fəqət, "İctimai Palata" müxtəlif bəhanələr gətirərək, Müsavatın təkbaşına aksiya keçirməsinin qarşısını alıb. Çünki burada başqa məsələ də mövcuddur -Əli Kərimov məsələsi...
AXCP (i) sədri bütün rıçaqlarından istifadə edib, bunun qarşısını almağa müvəffəq oldu. Yəni hazırda "İctimai Palata"da İsa Qəmbərovdan daha çox, Əli Kərimov söz demək imkanına malikdir və Müsavatın aksiya keçirmək istəyinin "vahid namizəd" məsələsi olduğunu AXCP (i) sədri çox gözəl bilir. Ona görə də buna heç cür imkan verilmədi.
Onu da xatırladaq ki, hələ bir neçə gün öncə "debat" mövzusu ilə gündəmə çıxmaq istəyən Ə.Kərimov bunun nəticə vermədiyini, ciddi qəbul edilmədiyini gördükdən sonra, "Azadlıq" qəzetində gen-bol müsahibə verdi və özünü müxalifətin "vahid namizəd"i qismində təqdim edərək sığortaladı. Bax, bundan sonra aləm dəydi bir-birinə... Müsahibə gün işığına çıxandan dərhal sonra Müsavat başqanı "Yeni Müsavat" vasitəsi ilə "topun onda olduğunu" dedi. Yəni Ə.Kərimova işarə etdi ki, "vahid namizəd" məsələsində növbə onundur. Hətta bunu isbat etməkdən ötrü, dedi ki, hazırda AXCP (i) daxilində onu dəstəkləyən "müsavatsevərlər" var və "vahid namizəd" kimi onu dəstəkləməyə hazırdırlar. Lakin İ.Qəmbərov burada da ipini boş buraxıb. Belə ki, "İctimai Palata" daxilində "bayrağın" Ə.Kərimovun əlində olduğunu unudan başqan sözünü şappıltı ilə AXCP (i) sədrinə yönəldərkən tamamilə bir həqiqəti unudub. Belə ki, Müsavat başqanının Ə.Kərimovu ondan da həyasız olduğunu bilə-bilə, bu cür açıqlama verməsi ikincinin ona qarşı hiddətini daha da artırıb. Məhz bu səbəbdən də "İctimai Palata"da Müsavatın aksiya keçirmək cəhdinin qarşısı "səs çoxluğu" ilə alınıb. Əgər Müsavat pis-yaxşı qondarma bir aksiya keçirməyə müvəffəq olsaydı, İ.Qəmbərov "vahid namizəd" məsələsində Ə.Kərimovdan bir addım irəli keçmiş olardı. Və buna imkan vermədi.
Düzdür, bu dəfə sözügedən məsələyə daha erkən toxunulsa da, nəticə indidən bəllidir. Yəni nəinki Ə.Kərimov, İ.Qəmbərov, eləcə də, digər radikallar tərəfindən "vahid namizəd" olmaq arzusu sonuncu və yerinə yetməyəcək arzu kimi də qalacaq...Hər "beşillikdə" olduğu kimi...