PDF Oxu

Köşə

  • 965

Müxalifət bir gündə bir neçə fikrə düşür

Müxalifət bir gündə bir neçə fikrə düşür

Sərdar Cəlaloğlu:


Tabe buralarda gücə taktika,

Qalaqlanıb çox, iç-içə taktika,

Neçə konsepsiya, neçə taktika,

Bir gündə on fikrə düşür bədnamlar.


Vurğun Əyyubov:


Siyasi qurumlar çoxdu, kəm deyil,

Burda əmr eyləyən Cimmi, Sem deyil,

İdeya çoxluğu problem deyil,

Odur ki, günbəgün artır inamlar.


Sərdar Cəlaloğlu:


Yetkili fikrində tam qəti olar,

Münasib təklifin qiyməti olar,

Adamın bir fikri, niyyəti olar,

Qozdan dəm vururlar içi badamlar.


Vurğun Əyyubov:


Hər bir qurumun var qüruru, əzmi,

Hər müşkül həll olar gecmi, ya tezmi,

Anlamaq lazımdı plüralizmi,

Xain-xoflu olub indi adamlar.


Sərdar Cəlaloğlu:


Sərsəm təklifləri çıxdaş edib çıx,

İşlər olacaqdı yoxsa çox fırıq,

Cəm olun bir təklif arxasında sıx,

Lüzumsuz təklifə verin xitamlar.


Vurğun Əyyubov:


Danışın lüzumsuz dağda-bağlarda,

Axtarın əlacı falçı, maqlarda,

Sıxlaşıb oturun dar otaqlarda,

Yandırıb hamınız çoxsaylı şamlar.


Sərdar Cəlaloğlu:


Buzdaə, buludlardan saray tikəcək,

Bihuda danışan zaval əkəcək,

Səmərəsiz söhbət uzun çəkəcək,

İçin, meyxoş olun, doldurun camlar.


Vurğun Əyyubov:


Axşamdan səhərə danışacaqsız,

Nahaqdan hədərə danışacaqsız,

O qədər boş yerə danışacaqsız,

Hikkədən, qüssədən çökəcək damlar.


Sərdar Cəlaloğlu:


Baxmaz üzünüzə hətta klanlar,

Qursanız əlçatmaz, sərsəm planlar,

Biçsəniz siz libas yalan-palandar,

Sizə lağ edəcək bekarlar, xamlar.


Vurğun Əyyubov:


Sizin üstünüzə xoruzlar banlar,

İşsiz otursanız şişəcək canlar,

Ətli-canlı olur boş danışanlar,

Dadlı ətinizi yeyər yam-yamlar.


Sərdar Cəlaloğlu:


Şöhrət qazanmaqdan çox uzaq sizlər,

Faydasız danışsan, bükülər dizlər,

Yalandan qaçanı yalandan izlər,

Düşər dalınızca itlər, ham-hamlar.

Vurğun Əyyubov:


Radikal kəslərin məntiqi dardı,

Çox fikir qəlbə də mərəz salardı,

Çərənləmək üçün vaxt çox qalardı,

Yığıncaq yeriniz olsa hamamlar.


Sərdar Cəlaloğlu:


Qeyri-konkretlikdən əks-səda çox,

Bu çoxfikirlikdə bəla-qada çox,

İdeya onlarla, taktika da çox,

Müxtəlif mövqeyi yenə davamlar.


Vurğun Əyyubov:


Pis deyil, arada səddən çox olsa,

Az fikir yaxşıdı bəddən çox olsa,

İdeya, taktika həddən çox olsa,

Radikal liderlər onu nizamlar.


Sərdar Cəlaloğlu:


İfratlar birləşməz, başın kəsələr,

Naqis min fikirlə yolu kəsələr,

Yekdil fikrə gələr aqil kimsələr,

Belə başa düşər ancaq avamlar.


Vurğun Əyyubov:


On xörəyi burax, bir xörək bişir,

Yüz fikirlə "İP"-lər, "Beşlər" büzüşür,

Pənah, Əli, İsa min fikrə düşür,

Bir fikirlə öldü xoşbəxt Səddamlar.

Sərdar Cəlaloğlu:


Çoxqütblü olmayın "İP" şefi kimi,

Dəqiq zərbə vurun cəld əfi kimi,

Bir az qəti olun Qəddafi kimi,

Xeyli dəqiqləşsin məqsəd-məramlar.


Vurğun Əyyubov:


İfrat düşüncələr dünyada təkdir,

Bunların hamısı xalis böcəkdir,

Hərə bir söz deyib didişəcəkdir,

Qəti fikrə gəlməz bizim cüdamlar.


Sərdar Cəlaloğlu:


Radikal liderlər itirə bilər,

Ömrü faciəylə bitirə bilər,

Çox fikir çox sifət gətirə bilər,

Sizin süfrənizi bəzər haramlar.


Vurğun Əyyubov:


"Var"ı xoşlayırıq, yox dedik "yox"a,

Kütlələr dartmaqdan cırılıb yaxa,

İndi vurmaqdayıq biz nala-çıxa,

Bizə də güləcək o xoş məqamlar.


Sərdar Cəlaloğlu:


Çox ideya verən getməli səssiz,

Min bucağa baxan qalardı gözsüz,

Həm yaxın, həm uzaq bədxahlar, sözsüz,

Bədnam sifətlərə salar şramlar.


Vurğun Əyyubov:


Boss başına çiçək ələrik mütləq,

"Beşlər"in bağrını dələrik mütləq,

Vahid ideyaya gələrik mütləq,

Səbir eyləsinlər səbri taramlar.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər