Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir?,-indi hamı bu məsələdə bir-birinə sual edib çənə boğaza qoymur. Həm də bu açarın kimin cibində olduğunu bilə-bilə. Dağlıq Qarabağ münaqişəsinin hesabına ATƏT-in Minsk Qrupu deyilən oyuncaq qurum da düz 19 il neçə aydır ki, əməlli-başlı maaşla, pul-para ilə təmin olunur. Heç öz ölkələri bir yana qalsın, hətta evdəki arvadı tərəfindən belə adam yerinə qoyulmayan Minsk Qrupunun həmsədrləri, neçə illərdir ki, regionu su yoluna döndəriblər. Yerevan konyakı içməkdən, Bakıda quzu kababı dadmaqdan artıq "təngə gəliblər" bu "qonaqlar", amma Azərbaycan torpaqlarında erməni faşistləri hələ də ağalıq edirlər.
Bilirsiniz kimin hesabına? Bakıda quzu əti yeməkdən təngə gələn bu həmsədrlərin və onların ölkələrinin hesabına. Hələ mən orasını demirəm ki, bizlərdə heç politologiya cümləsinin siyasi mənası bir yana, adicə qramatik quruluşunu belə düz -əməlli yaza bilmədikləri halda, qəzet səhifələrində özünün heç kimə lazım olmayan boşboğaz və savadsız mülahizələri ilə cəmiyyətə, "politoloq", nə bilim, "siyasi ekspert" kimi sırıdan neçə-neçə adam var. Ən maraqlısı isə odur ki, guya heç kim münaqişənin əsil "memarını" tanımırmış kimi yalandan özü-özünü, əsasən də, ətrafdakı insanları aldadan fikirlər səsləndirir. Baxmayaraq ki, onların bu savadsız mülahizələri heç kimə lazım da deyil.
Artıq faktiki olaraq, 1988-ci ilin fevralından, yəni azərbaycanlıların Dağlıq Qarabağ ərazisindən döyülüb-öldürülərək qovulmasından 23 ildən çox vaxt keçir. Bu vaxta qədər heç bir beynəlxalq təşkilat Azərbaycan xalqına real və ədalətli sülhü nəzərdə tutan heç bir təklif irəli sürməyib. Ən əsası isə heç kim Moskvadan Qarabağın açarını istəmək bir yana, bu qanlı münaqişənin "siyasi dirijoruna" sarı baxmağa belə cəsarət də etmir. Bəli, Dağlıq Qarabağ münaqişəsinin AÇARI Moskvada, Kremldəki prezident otağında "gizlənir". O otaqda ki, bir azdan Vladimir Putin o otağa yenidən qayıdacaq. Nəzərə alsaq ki, elə indi də, faktiki olaraq, balacaboy V.Putin de-fakto o otağın sahibidir, onda hər şeyin bu balacaboy leninqradlının əlində olduğunu tam məsuliyyətlə deyə bilərik.
Bunu birdəfəlik beyinlərə həkk etmək lazım olacaq ki, yalniz Moskva Dağlıq Qarabağ "düyün"ünün açarı rolunda çıxış edə bilər, başqa heç kim!
Əgər Moskva Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razı olmasa, heç bir beynəlxalq təşkilat-filan bu məsələdə heç neyə, heç bir rus rubluna da dəyməz. Çünki regiondakı bütün məsələlərdə söz sahibi RUSİYADIR. Bu faktla barışsaq da, barışmasaq da, Rusiyadan xoşumuz gəlsə də, gəlməsə də, bu, belədir. Siyasət reallıq sənətidir əzizlərim, regionda "oyun qaydalarını" Kreml müəyyənləşdirir, vəssalam! Amma məsələnin bir başqa tərəfi də bizim nə dərəcədə VƏTƏNPƏRVƏR olmağımıza bağlıdır. Çünki erməni əlində olan toprağı biz xilas edəcəyik, yəni bu ölkənin insanları. Bizim əvəzimizə amerikalının, fransızın və ya bir başqasının torpaq xilas edəcəyi utopik bir yalan və ya özümüzün-özümüzə yönəltdiyimiz təhqirdən başqa bir şey deyil. Ona görə də öz torpaqımıza sahib olmaq üçün Kremldə gizlədilən "Qarabağ açarı"nı tapmaqdan əvvəl, bircə dəfə də olsa öz vətənpərvərlik vəziyyətimizə də nəzər yetirsək, məncə, əla olardı.
Təəssüf ki, vətənpərvərlik məsələsində biz hələ də formallıqdan o yana bir addım da ata bilməmişik. Gəlin görək vətəndaş olaraq biz vətənpərvər olmaq üçün nə edirik?
Bu gün Qarabağ sevdasını ürəyində daşıyan VƏTƏNDAŞ cəmiyyəti qurmaq üçün nələr həyata keçiririk? Hər kəs mənimlə razılaşar ki, hər şeyi dövlətin boynuna atmaq OLMAZ!
Vətənpərvərlik elə bir məfhumdur ki, o damarlarda axan qanda, çiyinlər üzərində qərar tutan başlarda, düşünən beyinlərdə mövcud olur. Özü də hər saat, hər saniyə.
Bu gün internet klublarda laqqırtı vuran, qulağına qız kimi sırğa taxan, öz xalqının dilində danışmağı özünə ayıb bilən, bu xalqın əsil KİŞİLİK MƏFHUMUNDAN yüz min kilometrlərlə uzaq olan "oğlanlarla" torpaq azad etməyimiz, vətənpərvər olmağımız, nağıldan başqa bir şey deyil. Bu gün gənc nəsillərin düşünən beyninə Qarabağın Azərbaycan üçün bir şərəf davası olduğunu yeridə bilməmişiksə, əvəzində, "onun yarısı", "toy olsun" kimi bu xalqın dəyərlərini göz görə-görə məhv edən əttökən proqramlarda vətənpərvərlik hisslərimizi də ayaqlar altına atıb məhv ediriksə, onda açığı deməliyik ki, "ip də getdi, it də!"
Ona görə yaddan çıxarmayaq ki, Qarabağın bir "açarı" Moskvadadırsa, o birisi elə bizim özümüzdədir. Gəlin üstündə yaşadığımız bu torpaqlar üçün əsl vətənpərvər olaq!