Eldar Namazov:
Son anda sayılar böyüyü sayan,
Bir çoxu durmadan etməkdə bəyan,
"Ana müxalifət" eşqi yaşayan,
Heç layiq də deyil "xala" olmağa.
Nurəddin Məmmədli:
"Ana" adlananlar keçibdi yüzü,
Opponent rəqiblər də çaşıb, düzü,
"İP"-də "ana bəylər" toplaşıb, düzü,
Layiq bir alınmaz qala olmağa.
Eldar Namazov:
Çoxunun xaricdən biş-düşü gəlmir,
Dişi qırılanın saf dişi gəlmir,
Məclislərinə heç bir kişi gəlmir,
Bir çoxu hazırdı bəla olmağa.
Nurəddin Məmmədli:
"İP"-də yığışmağı o, topa bilmir,
Doğru yola doğru heç sapa bilmir,
"Ana müxalifət" pul tapa bilmir,
Özünü atmaqçün çala almağa.
Eldar Namazov:
Qərbdən pul gözləyər o, söyə-söyə,
İstər ki, bossları salsın ilgəyə,
Sığmaz iddiası nə yerə, göyə,
Onda pul tapılmır mala almağa.
Nurəddin Məmmədli:
Adama xoş gəlir birincilik, ilk,
Dərhal yada düşür təbəqə və silk,
İstərlər xaricdə bir neçə ev, mülk,
Həm də allı-güllü tala almağa.
Eldar Namazov:
Daim radikallar küncdə yatardı,
Qərb kömək etməsə, yəqin batardı,
Sizin "ana" "İP"-in pulu çatardı,
Bir parça çörəklə sala almağa.
Nurəddin Məmmədli:
Gecə yarısı da, xoruz banı da,
Lazım gəlsə qəlbdə şirin canı da,
Ən baha, ən ucuz bir əşyanı da,
Bizdə öyrəşiblər pula almağa.
Eldar Namazov:
"İP"-də İsa, Əli maraqda yatar,
Sizə Qərbdə bosslar, xaric də atar,
Narahat olmayın, sözsüz ki, çatar,
Qəpik-quruşunuz tala almağa.
Nurəddin Məmmədli:
Yüzlərcəsi bilməz, bilsə də beşi,
İşlər zərərinə çərxin gərdişi,
Liderlərin baxmaz erkəkdi-dişi,
Cəhd edər öküzdən bala almağa.
Eldar Namazov:
"İP"-də hər bir lider xatadı-şərdi,
Nədən üstünüzə Qərb qanad gərdi,
Sizin radikallar dəymədüşərdi,
Başlar verdiyini dala almağa.
Nurəddin Məmmədli:
Alıcı quş olur çox mey alanda,
Yaman keyləşirlər, bil, key alanda,
Bizim radikallar bir şey alanda,
Onu bacarırlar əla almağa.
Eldar Namazov:
Olmamış, heç olmaz ərən əliniz,
Sağlammı-şikəstmi görən, əliniz?
Olmamış heç zaman verən əliniz,
Alanda da pəl vur, dola, almağa.
Nurəddin Məmmədli:
Kiminsə köndələn yatışı yoxdu,
Arada heç güllə atışı yoxdu,
İndi torpaq, sərvət satışı yoxdu,
Çalış ki, nəqşinlə cila almağa.
Eldar Namazov:
Qərb qəbul etmədi tağ yalanları,
"İp"-sə təsdiqlədi sağ yalanları,
Bosslar da sizdəki ağ yalanları,
Rəsmi imzasıyla qola almadı.
Nurəddin Məmmədli:
Guya yer verdilər gözləri üstə,
"İP"-i oturtdular bizləri üstə,
Bizim yükümüzü dizləri üstə,
Ya da ki, bir kimsə qola almadı.
Eldar Namazov:
Üstlərə icbari qanad sərənlər,
Qərbdən qrant alıb ömür sürənlər,
Sizə iyirmi il qrant verənlər,
Liderlərinizi nola almadı.
Nurəddin Məmmədli:
Diz üstə durmaqdan dizləri getdi,
Bossların ardınca gözləri getdi,
Liderlər xaricə özləri getdi,
Mənim kimiləri yola almadı.
Eldar Namazov:
Elə zənn etdi ki, sayıb-sayıldı,
Mitinqsiz hər bir gün qayıb sayıldı,
Sağçılığa meyil ayıb sayıldı,
Nə mərkəzçiliyə, sola almadı.
Nurəddin Məmmədli:
Çoxusu daldada iki büküldü,
Radikal nəsnələr sökdü-söküldü,
Dəymişi dalbadal yerə töküldü,
Biz sabiq bəyləri kala almadı.
Eldar Namazov:
Ayağa qaldırdı boss çökənləri,
Çəkdi ətrafına kef çəkənləri,
Çıxardı başına pul tökənləri,
Sənin tək kasıbı rola almadı.
Nurəddin Məmmədli:
Bosslar heç qoymurlar çağa yerinə,
Layiq olsa belə dığa yerinə,
Özünü sırıdı ağa yerinə,
Bizi heç dəyərsiz qula almadı.
Mirzə QƏRƏNFİL