PDF Oxu

Köşə

  • 1 255

Müxalifət partiyalarında kadr axını güclənir

Müxalifət partiyalarında kadr axını güclənir

Tahir Kərimli:


İfratlar bölünür bəylərə, xana,

Bosslar pul verməkdən doyublar cana,

"İP"-də qaçmaqdadı hərə bir yana,

Burda güclənməkdə kadr axını.


Nüşabə Sadıxlı:


İçimizdə bu gün Əli ağ gedir,

İsanın işləri lap çim yağ gedir,

Bizlərdə hər bir iş cağbacağ gedir,

İfrat birləşdirir uzaq-yaxını.


Tahir Kərimli:


Zaman gedənlərin yolunu tezlər,

"İP"-dir ağzınadək ilan-kələzdir,

Sənin İsa, Əli dediyin kəslər,

Gətirib quruma çoxlu zahını.


Nüşabə Sadıxlı:


Nahaq deyirsiniz düzlər gedirlər,

Guya ki, əlillər, yüzlər gedirlər,

Gedəndə, həmişə pislər gedirlər,

Biz seçə bilirik çiçi-pıxını.


Tahir Kərimli:


Bu qurum adi bir bölmədi, bilin,

Nə İsa, nə Əli gülmədi, bilin,

Xoşunuza gəldi-gəlmədi, bilin,

Tuşlarlar bu "İP"-ə mismar-mıxını.


Nüşabə Sadıxlı:


Çöhrələri açar sərvət-var yəqin,

Çoxları qiyamət qoparar yəqin,

"İP"-i də uzağa aparar yəqin,

Selin üstümüzdən keçən axını.

Tahir Kərimli:


Bossun qrantını bölməyib İsa,

Hələ də başqandı, ölməyib İsa,

Neçə ki, həzm edə bilməyib İsa,

Çıxarın damaqdan balıq tıxını.


Nüşabə Sadıxlı:


Çoxu susdu, İsa işi əyəndə,

Sevindik, narıncı paltar geyəndə,

Özü şirin-şəkər meyvə yeyəndə,

Bizə rəva görüb ərik qaxını.


Tahir Kərimli:


Sizə yer verəcək bir qonaq kimi,

İsa əzər sizi ispanaq kimi,

Yeyib sağlamını qayğanaq kimi,

Həmişə verəcək sizə laxını.


Nüşabə Sadıxlı:


Sözümdə bir tənə, bir məlamət yox,

Nə onda, nə bunda qədd-qamət yox,

İsada, Əlidə bu əlamət yox,

Mehtərə tapşırmaq lazım ilxını.


Tahir Kərimli:


Qurumun o yana, bir özün düzəl,

"Tariq"i deməmiş, kəkələ "cəbbəl",

Hələ "bərəkallah" deməmiş, əvvəl,

Tullan "İP"-indəki ensiz arxını.

Nüşabə Sadıxlı:


Gedənlər, getməmiş yığışsın küncə,

Hər bir qərarını qoy versin incə,

Liderlər məvacib versin ilk öncə,

Sonra qaydasınca qoysun nırxını.


Tahir Kərimli:


Bossla ifratlarda kley alınmır,

Çox qışqırsan belə vurrey alınmır,

Tələsik iş görmə, bir şey alınmır,

Bir az yavaş fırla "İP"-in çarxını.


Nüşabə Sadıxlı:


Biz cüzi xəyala daldıqdan sonra,

"İP"-də möhkəm özül saldıqdan sonra,

İsadan ərizə aldıqdan sonra,

Yerinə qoyarıq daha toxunu.


Tahir Kərimli:


Artıq uzaqlarda ilham pəriniz,

Çoxunu çərlədər real çəriniz,

Xatırladır bu cür fikirləriniz,

Çin çıxmamış yanlış acı yuxunu.


Nüşabə Sadıxlı:


Geyimlər narıncı xalat şəklində,

Biz çıxarıq üzə talant şəklində,

Qərbin bosslarının qrant şəklində,

Göndərdiyi pulun allıq çoxunu.

Tahir Kərimli:


Liderlər sizlərə qoymasın minnət,

Nə İsa, nə Əli verməz bir zinət,

Köhnə liderlərdə artıb üfunət,

"İP"-də kəsməsəniz müdhiş qoxunu.


Nüşabə Sadıxlı:


Bizə qismət olmuş yarımız budur,

Buğda, çovdarımız, darımız budur,

Neyləyək, hələlik, varımız budur,

İstərik, Yaradan kəssin yoxunu.


Tahir Kərimli:


Cavanlar doldurmur sizdə planı,

Çıxıb bəxtinizə yaşa dolanı,

Bizə nəsib olub kamil olanı,

Tale ünvanlayıb sizə loxunu.


Nüşabə Sadıxlı:


"İP"-i yaşatmadı xəstə səhhətlər,

Maliyyə gətirib bizə qəhətlər,

Bizlərdə yeganə zəif cəhətlər,

Kamanı gizləyən saxlar oxunu.


Tahir Kərimli:


Çətin nərdivanla şiş dağa getmək,

Əlinin yolunda sadağa getmək,

Çətindi İsayla qabağa getmək,

Sonda uduzacaq daha yorğunu.


Nüşabə Sadıxlı:


Gərək biz dayanaq "İP"-in səddində,

Düzəliş görünmür lider qəddində,

Qalırıq İsa və Əli həddində,

Dəf edə bilməsək ifrat qorxunu.


Mirzə Qərənfil

Digər xəbərlər