PDF Oxu

Köşə

  • 1 237

Sərdarla Zəminənin Rəsul Quliyev davası

Sərdarla Zəminənin Rəsul Quliyev davası

Zəminə Dünyamalıyeva:


Keçmişəm soluna, həm də sağına,

Güllə də çaxmışam mən qabağına,

Onu dolamazdın sən barmağına,

Rəsulun qədrini bilsəydin əgər.


Sərdar Cəlaloğlu:


Rəsulla gördüyüm əməl mərd işi,

Çevirib etdilər onu dərd işi,

Dilim lənətləyir fani gərdişi,

Rəsulsuz ürəyim min həsrət çəkər.


Zəminə Dünyamalıyeva:


Rəsul dollar tökdü daim yoluna,

Qurumda çevrildin onun quluna,

Əlin çox çatıbdı Rəsul puluna,

Fağırın üstünə dilin od tökər.


Sərdar Cəlaloğlu:


Sənin də bənizin soldu arada,

Bir az mübahisə oldu arada,

Mənimlə olacaq bundan sonra da,

Mənimlə, nə qədər fırlanır təkər.


Zəminə Dünyamalıyeva:


Qayıtmaz geriyə qından sıyrılan,

Sən onu özündən etdin ayrılan,

O, buyuran idi, sənsə buyrulan,

Rəsul həmsədr idi, sən adi nökər.


Sərdar Cəlaloğlu:


Hirsindən yollardan yığaraq daşı,

Sındırdın onunla yolda çox kaşı,

Görəndə Rəsulla məni yanaşı,

Narahatlıq səni dağıdıb-sökər.

Zəminə Dünyamalıyeva:


Çoxdan boşalıbdı boşalmış çənə,

Barəndə o, mənə çox edib tənə,

Rəsulun qəzəbi artmaqda sənə,

Sən bunu eşitsən, qurumun çökər.


Sərdar Cəlaloğlu:


Sən sağa dönmüsən, o deyəndə sol,

Onun hüzurunda qəbahətin bol,

Haqqında səhvlərə çox vermisən yol,

Rəsul gəlib səni kəfənə bükər.


Zəminə Dünyamalıyeva:


Onun hüzurunda bir yox, qayıbsan,

Onu ADP-dən kənar qoyubsan,

Sən onu bir zaman xain sayıbsan,

Zənn etmə bağında bol məhsul əkər.


Sərdar Cəlaloğlu:


Gedir siyasətdə Rəsul batmağa,

Mən təklif edərdim səni satmağa,

Cəsarət etməzdi səni atmağa,

Qəbul etməyə də çətinlik çəkər.


Zəminə Dünyamalıyeva:


Leş oldun düşəndə sən cırnağına,

Görəndə düşməzdi o, qarmağına,

Doladın Rəsulu sən barmağına,

Səndə haradandı bu bədxah şakər?

Sərdar Cəlaloğlu:


Rəsulu son vaxtlar gətirdin cana,

Onu iyrəndirdi başında xına,

Gözündə tapmadı bir dəfə məna,

Sanma ki, gözünü gözünə dikər.


Zəminə Dünyamalıyeva:


O, səni istəmir, mən buna şadam,

Səndən də həmişə uzağam, yadam,

Rəsul nəzərində sən kobud adam,

Mən onun gözündə Venera, Ülkər.


Sərdar Cəlaloğlu:


Heç zaman düşməyib dara, lələşin,

Həmişə də tapıb para, lələşin,

Sənin sevmədiyin qara lələşin,

Rəsulun önündə qartal da səkər.


Zəminə Dünyamalıyeva:


Rəsul bənzəməkdə mənimçün şaha,

Onun nəzərində mən gəldim baha,

Bizi çıxdaş edib Rəsul bir daha,

Məni üstün tutub seçməyib məgər?


Sərdar Cəlalolu:


Elə bu dəfə də məndən keçməyib,

Verdiyin şərbəti heç vaxt seçməyib,

Sənin dostluğunu Rəsul seçməyib,

Məni xatırlayıb, deyibdi digər.

Zəminə Dünyamalıyeva:


Sevindin Rəsulda dəni görəndə,

Acığı tutmuşdu səni görəndə,

Necə sevinmişdi məni görəndə,

Sənə nəzər salsa, o, dərhal hürkər.


Sərdar Cəlaloğlu:


Öndəydin, Rəsula qarşı axında,

Çox şeyi qarışıq saldın yuxunda,

İşdi, görsə səni Rəsul yaxında,

Dərhal o, çırpınıb üstünü silkər.


Zəminə Dünyamalıyeva:


Saqisi olaram, barda olsa da,

Dadına yetərəm, darda olsa da,

Mən onu seçmişəm harda olsa da,

O, tanınmış memar, sən adi dülgər.


Sərdar Cəlaloğlu:


Çoxunun canına salıb vəlvələ,

Aciz görkəm alıb, arvad, az mələ,

Rəsul bir qərara gəlməyib hələ,

Seçim edənədək sənə dəyər çər.


Zəminə Dünyamalıyeva:


Sözsüz, arzuna da heç vaxt çatmadın,

Etdin pisliyini, küncdə yatmadın,

Rəsulun özünə az şər atmadın,

Sənin əməlindən sezilməkdə şər.


Sərdar Cəlaloğlu:


Mən qartal, sən isə bədxah dolaşa,

Çirkin niyyətlərin çıxıbdı boşa,

Çalışıb-əlləşdin onunla qoşa,

Rəsulun uğrunda axıtmadın tər.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər