Rauf Arifoğlu:
Xaricdən gəlməkdə xek, sardin deyir,
Arxada çeçen, rus, qabardin deyir,
İsa mətbuatda qabardın deyir,
Sürət götürməkdə "ərəb baharı".
Nurəddin Məmmədli:
Qərb təlqin etməkdə min təblər bizə,
Veriblər cürbəcür ləqəblər bizə,
Rəğbət göstərirlər ərəblər bizə,
Qüvvəmiz onlarla yarıbayarı.
Rauf Arifoğlu:
Tapıbdı falçıda, maqda çörəyi,
Üyüdür üsullu bağda çörəyi,
İsa özü yeyir buğda çörəyi,
Bizə təklif edir çovdarla darı.
Nurəddin Məmmədli:
Yeyir kabab üstdən suxarı deyir,
Baxır o, başından yuxarı deyir,
Gələr "Azərbaycan baharı" deyir,
Tutubdu İsanın yeni azarı.
Rauf Arifoğlu:
Yaz gələr, İsanın özü pat olar,
İnanıram, "İP"-də xeyli çat olar,
İsa bəy qorxur ki, narahat olar,
Artar günü-gündən dərdi-qübarı.
Nurəddin Məmmədli:
Çoxaldaq başqanın az qədəmini,
Yamsılayaq onun qaz qədəmini,
Bakıya qoyanda yaz, qədəmini,
Meydana çevirək bütün bulvarı.
Rauf Arifoğlu:
İsa deyir Qərbə dollarçün çapaq,
Pul qatdığı küpə qoyubdu qapaq,
Gəlir gələn yerə dirəməz papaq,
Tutur qrant altda bomboş xalvarı.
Nurəddin Məmmədli:
Mətbəxindən quzu, kəvələr asır,
Başının üstündən gəvələr asır,
Çoxları talvardan meyvələr asır,
Pul ilə doldurur İsa talvarı.
Rauf Arifoğlu:
Qərbdən avro alır İsa hər ayda,
Artıq bu olubdu adi bir qayda,
"Ərəb baharı" da verməz bir fayda,
Yazda dolduracaq İsa şalvarı.
Nurəddin Məmmədli:
Eyləyər avro da, dollar inqilab,
İnşallah, ətrafa dolar inqilab,
Bizim küçədə də olar inqilab,
Yazda eyləyəcək İsa nübarı.
Rauf Arifoğlu:
"İP"-i reklam edən "Deyli-meyli" var,
İsanın həmişə pula meyli var,
Hələ yaz fəslinə, sözsüz, xeyli var,
İsanın indidən sınıb vüqarı.
Nurəddin Məmmədli:
Dünyanın varlısı və bici bosslar,
Pul buraxanların ən gici bosslar,
Ən böyük insanlar xarici bosslar,
İsa radikalın bəyi, kübarı.
Rauf Arifoğlu:
Deyirəm, qoy batsın radikal boyun,
"Ərəb baharı"nda baş tutmaz oyun,
Əli yaz gələndə otarar qoyun,
Qatar qabağına İsa davarı.
Nurəddin Məmmədli:
Mənə yuxumda da olmuşdu əyan,
Çox ağır seyidlər ediblər bəyan,
Tezliklə başlanar iğtişaş, üsyan,
"Vətən baharı"nın bizdə açarı.
Rauf Arifoğlu:
Xaric sindromundan hər biri dəli,
"İP"-in bir bossa da qovuşmur əli,
İsa adamlara yovuşmur, Əli
İntim həyatında keçib Qacarı.
Nurəddin Məmmədli:
Başqan aşar hər boss dolayınadək,
"Vətən baharı"nın qolayınadək,
Pul üçün dəryanın o tayınadək,
İsa bəy tək-tənha çəkər avarı.
Rauf Arifoğlu:
Enişə aparan yolu çox qısa,
Başqanın əlindən çıxmaqda masa,
Elə qalmaqallı zümrə ki, İsa
Pul qazandırmayıb əlin qabarı.
Nurəddin Məmmədli:
Ayaqlar narıncı çox tenti belə,
Öyər öz yararlı kliyenti belə,
Başqan heç buraxmaz bir senti belə,
Gözaltı etməkdə daim civarı.
Rauf Arifoğlu:
Qərbin tez tutardı kultunu gözü,
Götürməz özgənin pultunu gözü,
Görməz ayağının altını gözü,
İsanın tamahı deşər divarı.
Nurəddin Məmmədli:
Könüllü versəydi, doyardı yəqin,
Onu öz qanına boyardı yəqin,
İsa düşünmədən soyardı yəqin,
Qərargaha gələn varlı macarı.
Rauf Arifoğlu:
İsa sədr postunu, düzü, götürməz,
Boss yerə pul atsa, özü götürməz,
Xarici viskini gözü götürməz,
Arzular kif verən əla macarı.
Nurəddin Məmmədli:
İsa səddi yarar, önü sədd bilsə,
Bədxahlıq püskürər işi bəd bilsə,
Yerində qalmağı fəlakət bilsə,
Anidən arxada qoyar Ucarı.
Mirzə QƏRƏNFİL