Elçin Mirzəbəyli:
İkilik-üçlüklər kralsız-tuzsuz,
Radikal liderlər erməni-russuz,
Birliklər yaranır faydasız-duzsuz,
Çəkir ağuşuna onları iflas.
Pənah Hüseynov:
Cümlə radikala lazımdı para,
Kiminsə qəlbinə vuranda yara,
Sən öz qurumunu çəkmə kənara,
Səbət deşiyindən tökülmür gilas.
Elçin Mirzəbəyli:
Uğursuz liderlər yarışıb burda,
"Cırtdan"lar şəkərə daraşıb burda,
Vəziyyət o qədər qarışıb burda,
Çətin ki, ifratlar olsunlar xilas.
Pənah Hüseynov:
İdeya ixracı adi həb deyil,
Barışıq bu yerdə heç də dəb deyil,
Vəziyyət o qədər mürəkkəb deyil,
Təzadlı danışıb, söyləmə cinas.
Elçin Mirzəbəyli:
Qulağın dibinə çatıb lığ, əlbət,
Dirənib boğaza çoxlu tıx, əlbət,
Sizin nəsibiniz bataqlıq, əlbət,
"İP"-ə yığışsa da çoxsaylı ünnas.
Pənah Hüseynov:
Çoxlu bədgümanı vuracaqdı tok,
Sən inanmasan da, olacaq bir şok,
Biz də yaradarıq məxsusi blok,
Qırğızlar qədimdə yaradıb "Manas".
Elçin Mirzəbəyli:
"Soros" diqqət vermir "İP" yeməyinə,
Sizlər məhkumsunuz qul əməyinə,
Yaratmaq bağlıdı boss köməyinə,
Qəbrə köməcəkdi sizləri finans.
Pənah Hüseynov:
Hələ hökmrandı "İP"-də iki rac,
Yəqin birləşməyə verilər əlac,
İsti şəraitə verilər rəvac,
Birliyə təminat verəcək təmas.
Elçin Mirzəbəyli:
Sizlərdə birliyə çatmaz heç səbat,
Burda yas ruhu var, olmaz toy-büsat,
"İP"-də birləşməyə yoxdu mümkünat,
Sizdə birdəfəlik pozulub balans.
Pənah Hüseynov:
Quzu da üzv olsa şirləşər burda,
Şadlıq rəvac verər, bitər şər burda,
İnşallah, ifratlar birləşər burda,
Vacibdi bu yerdə verək bir anons.
Elçin Mirzəbəyli:
Bir zaman çox məşhur heyətlər itib,
Arada olan xoş niyyətlər itib,
Dava-qalmaqaldan cəhətlər itib,
Sizdə son həddinə çatıb basabas.
Pənah Hüseynov:
Dönüb Qərbə doğru dəstəyə baxın,
Olmaz heç bir yana buradan axın,
Gəlməz heç qalmaqal bizlərə yaxın,
Birlik toxumudu bizlərə miras.
Elçin Mirzəbəyli:
Sənin üstündə də böyük babal var,
"İP"-də hökm sürən süst bir əhval var,
Qarşısıalınmaz bir qalmaqal var,
Çıxmasın yadından adi bir nüans.
Pənah Hüseynov:
Bizim məhlədə də söküləcək dan,
Həmrəyliyə gələr "İP"-də hər insan,
Yəqin hər bir lider durar yuxudan,
Hələ bundan sonra mümkündü trans.
Elçin Mirzəbəyli:
Tam nəticəsizdi qurumun səyi,
Sizdə müflis gördüm hər adi bəyi,
Cibidolu bosslar təam mənbəyi,
"İP"-in liderləri müflis bir alfons.
Pənah Hüseynov:
Qərb avro verəndə onu şax verər,
Bizə varlı bosslar pulu çox verər,
Nikbin nağıllarla bizə ruh verər,
Qrimm qardaşları və Anderson Hans.
Elçin Mirzəbəyli:
Yalandan közərtmə heç közü belə,
Yoxdu bu birliyin heç izi belə,
Sizə əlac etməz Sarkozi belə,
Heç işə yaramaz Anatol Frans.
Pənah Hüseynov:
Olmayan bir şeyi həm beş edərək,
Birləşməyə meyli vərdiş edərək,
Biz "İP"-in zalında gərdiş edərək,
Əsil rəqqaslar tək oynayırıq tans.
Elçin Mirzəbəyli:
Mübhəm sakitlikdə fikrə dalacaq,
Həmişə xaricdən vüsət alacaq,
"İP"-iniz daima tənha qalacaq,
Yoxdu bu birliyə adi gözəl şans.
Pənah Hüseynov:
Ahımız oxuyla daşı dələrək,
A qərbli boss deyib zülmlə mələrək,
Birləşə bilməsək, qeyzə gələrək,
Birgə bədxahlardan alarıq qisas.
Elçin Mirzəbəyli:
Ata bilməzsiniz serlik addımı,
Əvvəl atılmalı dirlik addımı,
Birgə atmaq üçün birlik addımı,
Sizin əlinizdə yoxdur bir əsas.
Pənah Hüseynov:
Heç zaman düşmərik dərin yarığa,
Əvvəl cəlb edilib böyük qoruğa,
Bizlər qoşularıq boyunduruğa,
Bizə yardım edən hansısa şünas.
MİRZƏ QƏRƏNFİL