Mirmahmud Fəttayev:
Payəndaz olaram ayağı altda,
Xoş gün keçirərəm dayağı altda,
Keçirəm Lalənin bayrağı altda,
"MBH" on "İP"-dən daha qüdrətli.
Lalə Hacıyeva:
Polad qılınc kimi Əvəz tək paslan,
Mənim gur çeşməmdə sən də gəl islan,
Bu gün siyasətdə mən diri aslan,
Məni məbəd bilən daha hörmətli.
Mirmahmud Fəttayev:
"MBH"-yə doğru çəkirəm avar,
"İP" ilə aramda sütunsuz divar,
Arvada qoşulma deyənlər də var,
Mənim məramımdan çoxu heyrətli.
Lalə Hacıyeva:
"İP"-çilər tabedi bossdakı gücə,
Qalanı yanıma qaçar bir gecə,
Qeyrətsizlər ağız açar xaricə,
Böyrümə qısılar sən tək qeyrətli.
Mirmahmud Fəttayev:
Qərb bizə köməyi müs-müftə edir,
Lalə də xaricdən həm siftə edir,
"MBH"-yə çoxlu boss qibtə edir,
Hazırda Lalədi, mənəm sürətli.
Lalə Hacıyeva:
"İP"-də bir çoxunu girləyib əcəl,
Bu qurumdan sən də Əvəz tək üz əl,
Baxma "İP" tərəfə, "MBH"-yə gəl,
İndii sənin kimi azdı cürətli.
Mirmahmud Fəttayev:
Önündə dayanıb "İP"-in uçurum,
Xeyli yaxşılaşıb hazırda durum,
Lalədən, Əvəzdən ibarət qurum,
Duzlu-çörəklidi, həm də nemətli.
Lalə Hacıyeva:
Zər atdım yekimi çox şeşə vurdum,
Bir vaxt "Altılar"ı mən "5-ə" vurdum,
İsanı, Əlini çox dişə vurdum,
Mirmahmud mənimçün daha qiymətli.
Mirmahmud Fəttayev:
Artıq liberallar yeməkdə qovud,
Lalə, sən Əlini, İsanı ovut,
"İP" onun yanında yöndəmsiz, kobud,
Lalə "MBH"-si qəşəng, zinətli.
Lalə Hacıyeva:
Düzü, çoxusunu heç əfv etmədik,
Səhv edən kəsləri tez məhv etmədik,
Uzun illər boyu biz səhv etmədik,
Səhv edən düşməli önə minnətli.
Mirmahmud Fəttayev:
İndi "MBH" də çox dəb olunur,
Çoxusundan hasil mətləb olunur,
Quruma girəndən tələb olunur,
O adam olmalı ancaq sünnətli.
Lalə Hacıyeva:
"İP"-in liderləri görür pis yuxu,
Mənim birliyimdə gəl sərbəst oxu,
Hümmətsiz radikal qurumun çoxu,
Bir mənim qurumum ancaq hümmətli.
Mirmahmud Fəttayev:
Radikal durumu basıb kədər-qəm,
Onların alt-üstü tamam olub nəm,
"İP" özü çevrilib olub cəhənnəm,
"MBH" çiçəkli-güllü, cənnətli.
Lalə Hacıyeva:
Bosslar da qoyubdu "İP"-i nemətsiz,
"İP" mənim yanımda çürük, qiymətsiz,
Liberal əsilli mənəm lənətsiz,
Əli, İsa adı bu gün lənətli.
Mirmahmud Fəttayev:
İfrat qurumlarda küləklər əsir,
Liberal durumda artmaqda kəsir,
Başqa qurumlarda sərvət nə gəzir,
Lalə "MBH"-si əsil sərvətli.
Lalə Hacıyeva:
Qurumlar çoxdusa, yanaşma fərdi,
Üstünə tökərəm kədəri-dərdi,
Bir mənim qurumum vətənpərvərdi,
Qalan qurumlara dedim qürbətli.
Mirmahmud Fəttayev:
Bu qurum sünidi, həm də miyanə,
"İP" çox üzvlərə olub biganə,
Əliyə, İsaya baxanda yenə,
Lalədi onlardan çox mərifətli.
Lalə Hacıyeva:
Uysan "Yurd" Əliyə, demək, bəhməzsən,
İsa qurumunda nemət əkməzsən,
Mənim qurumumda xiffət çəkməzsən,
Radikal qurumlar xeyli xiffətli.
Mirmahmud Fəttayev:
"İP" tutub işgəncə, nalə yolunu,
Biz tutduq meyvəli "Jalə" yolunu,
Tutmuşam onunçün Lalə yolunu,
Lalədi insaflı, həm də mürvətli.
Lalə Hacıyeva:
Bosslarda verməyə zinət qalmayıb,
Dostda-sirdaşda da qiymət qalmayıb,
İndi bir kimsədə ibrət qalmayıb,
Bir mənəm füsunkar, həm də ibrətli.
Mirmahmud Fəttayev:
Heç kimdə bacarıq, zəhmət qalmayıb,
İndi ifratlarda hörmət qalmayıb,
Əlidə, İsada şöhrət qalmayıb,
Bir Laləni gördüm eldə şöhrətli.
Lalə Hacıyeva:
"İP" özü hazırda yaman haldadı,
İndi hər birisi məndən daldadı,
Əlinin, İsanın başı qaldadı,
Odur ki, olublar daim töhmətli.
MİRZƏ QƏRƏNFİL