PDF Oxu

Köşə

  • 1 124

ÇIRAĞI SÖNMÜŞ “AZADLIQ”

ÇIRAĞI SÖNMÜŞ “AZADLIQ”

Vay o gündən ki, hansısa radikal müxalifət qəzetinin redaksiyasında elektrik naqilləri qısa qapanmadan yansın, qəzet çapa getməsin, vay o gündən ki, hansısa radikal müxalifət qəzeti əməkdaşının işlədiyi redaksiya qarşısında ayağı büdrəsin və gəlsin ağzı üstə yerə, burnundan da qan açılsın və vay o gündən ki...

Bax, belə "vay" günlərindən biri də "Azadlıq" qəzetinin o gün şadlıq saraylarının birində "möhtəşəm" tədbir keçirdiyi vaxt işıqların sönməsi ilə yadda qalıb. Daima istənilən prosesə öz təbirlərincə don geyindirməyə cəhd göstərən haray-şivənçi radikal müxalifət mətbuatı bu dəfə də həmin şakərindən geri qalmayıb. "Azadlığ"ın bir zamanlar, daha dəqiq desək, 80-ci illərin sonlarındakı - sovet totalitar rejiminə qarşı yönəlik həqiqi xalq hərəkatı dövründəki özəlliklərinə sahib çıxmağa çalışan bu günün müxalifət "liderləri" imtiyazları, haqları çatmayaraq həmin özəllikləri öz adlarına çıxarmağa çalışıblar.

Bu və sonrakı mənalarda xalq hərəkatına aidiyyatı olmayanların xalqın qəhrəmanlıqlarını, tökülən qanını öz adlarına çıxmalarını isə Allah götürməyib və onların çıraqları sönüb. Çünki bu qədər yalana, bu qədər mənəm-mənəmliyə, bu qədər yersiz pafosa nəinki elektrik enerjisi, heç ən yüksək enerji mənbəsi tab gətirməz! Belə olan vəziyyətdə şəxsi məziyyətlərini ortaya qoymaq istəyən radikal müxalifət liderləri və mətbuat yazarları- Əli Kərimovun, İsa Qəmbərovun, Qənimət Zahidovun, Rauf Arifoğlunun mikrofonları eləcə əllərində qaldı. Çünki işıq sönmüşdü. Çünki işıqların sönməsinə baiskar olanlar məhz onların özləri oldu. Əgər həqiqətləri söyləyərək, heç bir şeyə qadir olmadıqlarını, bu günə qədər xalqı aldatdıqlarını, yalan danışdıqlarını, şərbaz olduqlarını, dövlətçiliyi satdıqlarını, xəyanətkarlıqlarını desəydilər, nə işıq sönərdi, nə də ki, mən bu köşəni yazardım. Yoxsa yazmağa o qədər mövzu var ki... Amma nəticədə həmin mövzular qaldı sonraya və bu mövzu önə çıxdı.

Belə ki, əlləri xalqın qanına bulaşmış kəslər bu "şərəfə" nail olduqları üçün yenicə sağlıq qaldırmaq istəsələr də, "rumkalar" bir-birinə dəyər-dəyməz həmin auraya qaranlıq çökdü. Və o saat özlərini "lider" hesab edənlər durub cumublar yuxarı başa və başlayıblar hansısa "qəsddən" danışmağa (?!) Bu müstəvidə ən çox canfəşanlıq edən isə yenə də AXCP (i) sədri Əli Kərimov oldu. Amma deyən olmadı ki, (və ya deməyə cəsarəti olan tapılmadı ki) ay "şef", axı sən İsa Qəmbərovla birlikdə mərhum Elçibəyin keçirdiyi prezident müşavirəsində (1993-cü ilin yaz ayları) respublika prokuroru İxtiyar Şirinovdan tələb etmişdiniz ki, Əbülfəz "bəy" həmin müşavirədəcə həbs edilsin. Bəli, bunu deyən tapılmadı. Amma əvəzində Ə.Kərimov Elçibəy "ideyalarından" dəm vurdu. Daha demədi ki, şadlıq evinin işıqlarının söndürülməsini özü planlaşdırıb. Yəni bu planı onun özü, şəxsən reallaşdırıb ki...

Ya da deyən tapılmadı ki, ay İsa "bəy" axı məhz sən Avropada güllələnmə cəzası ləğv olunduğu, bununla bağlı konvensiya hazırlandığı bir zamanda bir neçə gəncin güllələnməsinə fərman vermisən! Amma İsa "bəy" durub xalqın qeyrət-namusundan çərənləyib. Sonra da bundan "nəticə" çıxararaq deyib ki, işıqlar "qəsdən" söndürülüb (?!) Daha bunlara nə deyəsən?!

Amma belə yerdə bir atalar məsəli yada düşür: həm suçlu, həm güclü! Bunların və çırağı sönmüş "Azadlığ"ın bir də heç vaxt çıraqları yanmayacaq. Çünki bir kəslər ki, beş-üç dollar üçün hər bir rəzilliyə əl atmağa qadirdilərsə, onların çıraqları heç yanmasa yaxşıdır. Yoxsa bunlar çox şər-böhtanlar ataraq, çıraqlar, ocaqlar söndürməyə cəhd göstərərlər. Vay o gündən ki...

Digər xəbərlər