Əli Kərimov:
Boss da danlamaqda gündə üzünü,
Zavallı "İP"-də də yırtıb özünü,
İsa iyirmi il dartıb özünü,
Axırda hellənib ayağa düşdü.
İsa Qəmbərov:
Özünü öldürüb şəhid etsə də,
Məni məhv etməyə o, əhd etsə də,
Hətta yanaşmağa çox cəhd etsə də,
Əli çorta gedib uzağa düşdü.
Əli Kərimov:
Aparıb özünü o, nökər kimi,
Dili olmayıbdı heç şəkər kimi,
Şini qaralmamış nəhs təkər kimi,
İsa diyirlənib yalağa düşdü.
İsa Qəmbərov:
Avara-avara gəzdi bulvarı,
Olmadı heç məndən başqa talvarı,
İstədi yaraşa "İP"-ə şalvarı,
Özü gen tikilmiş balağa düşdü.
Əli Kərimov:
Lider eyləmişəm sədaqətimlə,
Onu ucaltmışam qəbahətimlə,
İrəli dartmışam məhəbbətimlə,
Mənim hesabıma qulluğa düşdü.
İsa Qəmbərov:
İraq o adından, Əli bir itdi,
Bu İsa qədeşin onu kiritdi,
Elçibəy yanında adi şagirddi,
Yanımda o, həddi-buluğa düşdü.
Əli Kərimov:
Boz-bulanıq olub bədxahın zehni,
Yazığın son vaxtlar açılmır eyni,
Şaxtadan donubda İsanın beyni,
Hərif uzun müddət ilığa düşdü,
İsa Qəmbərov:
"Yurd"unda bəd üstdən gəlməkdədi bəd,
Vaxtında Əli bəy bilməmişdi hədd,
İndi durub məni edir məzəmmət,
Öz işi dolaşıb fırığa düşdü.
Əli Kərimov:
Qərbli bosslarından çox aldı hədə,
Daim xilaf çıxdı İsa bəy vədə,
Yad yalı içməkdən pozuldu mədə,
Şalvarı buladı, dırığa düşdü.
İsa Qəmbərov:
O, bir xəstəhaldı başında sarğı,
Qrant görən zaman olur bir qırğı,
Biləndə işlərim gedir şıdırğı,
Pişik tək şəklənib marığa düşdü.
Əli Kərimov:
İsanınkı odu qapıb qovlasın,
Keçdi xəyalından məni tovlasın,
İstədi əməlli qrant ovlasın,
O, bir şikar kimi qoruğa düşdü.
İsa Qəmbərov:
Mən döndüm qabana qaban yeməkdən,
İrin-qan yeməkdən, çiban yeməkdən,
Əli qan qusmuşdu yavan yeməkdən,
Meyli çaylaqlarda moruğa düşdü.
Əli Kərimov:
Boss çox hədəf oldu İsa oxuna,
Bir tikə qalmadı, vallah, çoxuna,
Boss da qrantını verdi yoğuna,
Sent-ment də mənim tək arığa düşdü.
İsa Qəmbərov:
Bir ləzzət görmədi Əli hapıdan,
O, çox az keçibdi Qərbdə qapıdan,
Çıxıb yevponeyski ayaqqabıdan,
Əli bəy klassik çarığa düşdü.
Əli Kərimov:
Yaraşdı boss deyib yallanmaq ona,
Uyğun gəldi Qərbə qullanmaq ona,
Şərəf gətirmədi tullanmaq ona,
İsa məngənə tək yarığa düşdü.
İsa Qəmbərov:
Paxıla çevirdi qibtələr onu,
Mən tək tanımadı qitələr onu,
Təqib eylədilər kütlələr onu,
Qərargah yarıldı, çırığa düşdü.
Əli Kərimov:
Heç nə olmayanda yeyir şoraba,
Onu muşğul edir indi araba,
İsanın qurumu qalıb xaraba,
Onun özü çökmüş qırığa düşdü.
İsa Qəmbərov:
Hələ çox cavandı, o, taxmır eynək,
Gedib sümüyünə dirəndi köynək,
Onu isitmədi narıncı köynək,
Əli eyni rəngli sırığa düşdü.
Əli Kərimov:
İsanın nitqi də olub bayağı,
İndi partiyada yoxdu dayağı,
Qırıldı qəzada əli-ayağı,
İsa başdan-başa sarığa düşdü.
İsa Qəmbərov:
Bir nəfər də sevmir Əli əclafı,
Onu əldən salıb süqutun xofu,
Gördü ki, tərk edir onu ətrafı,
Ürəyi kövrəlib qılığa düşdü.
Əli Kərimov:
Daim oturmuşam məni duyanla,
Saziş bağlamışam əclaf, piyanla,
Parisdə görüşdü Manukunyanla,
İsanın həvəsi balığa düşdü.
İsa Qəmbərov:
"İP"-i etməkdəyəm hazırda abad,
Əli əvvəlki tək qalıb bisavad,
Mənim taleyimə çıxdı Müsavat,
"Yurd" Əli bəy kimi yoluğa düşdü.
Mirzə QƏRƏNFİL