İndi hər kəs mənimlə razılaşar ki, hələ sovetlərin qılıncının kəsə-kəs vaxtlarında, din-iman, Allah sevgisi zəmanəmizin bu keşməkeşli, imansızla-imanlının çətin ayırd edildiyi indiki günlərindən qat-qat güclü idi. Yalançı mollalar, varlı "kliyent" dalınca qaçan axundlar, məşədilər belə şəkildə ayaq açıb yerimirdi o zamanlar. O vaxtın din adamlarını camaat yaxşı mənada barmaqla göstərirdi. Çünki Məşəddə, Səmərqənddə dini təhsil alıb gələn, sözün əsil mənasında, islam dinini dərindən bilən və elmi baxımdan dəyərləndirən din adamları, mollalar, indiki yalançı,"xalturşik" mollaların, axundların tayı deyildilər.
Əvvəlki kişilər, xalqın yas mərasimlərini "qiymət bazarına" çevirmirdilər, yas çadırları indiki kimi dedi-qodu, siyasət qiybətləri üçün istifadə olunmurdu, dəb yarışmasına çevrilməmişdi. O vaxt ölü yiyəsinə "qiymət oxumurdular", kasıbın ölüsünü yerdə qoyub "yağlı kliyent" dalınca qaçmırdılar...
Yasin surəsini nəinki ərəb dilində, heç latın qrafikası ilə hecalaya bilməyən indiki "bazar mollaları", kənd və şəhərlərdəki acgöz axundlar insanların dinə, imana inamı yamanca sarsılıb desəm, qətiyyən yanılmaram.
İndi barəsində danışacağım məsələ də mənəvi dəyərələrimizi və inanclarımızı sarsıdan bir faktla bağlıdır. Hələ uşaq ikən insanların, sözün əsil mənasında, öz inanclarının və arzularının reallaşması üçün, dua etmək və Allaha sevgilərini diləmək üçün axın-axın Xıdırzında, yaxud daha çox Beşbarmaq piri kimi tanınan əraziyə gəldiklərini, hələ də bir kino lenti kimi yaxşı xatırlayıram. Özü də SSRİ-nin hələ qüvvədə olduğu, Allah adının, din-iman cümləsinin yasaq olduğu vaxtlarda insanların daxildən gələn Allah sevgisi ilə axın-axın dağ döşündə qərarlaşan bu müqəddəs məkana üz tutduqları uşaqlıq yaddaşımda özünə möhkəm yer edib. Təəssüf ki, indi Xıdırzında pirində hər şey tamam başqadır. İndi nə əvvəlki gur insan axını var buralara, nə də....
Yəqin yolu Quba tərəfə düşənlər yaxşı bilirlər, Beşbarmaq pirinin altında bir məscid tikilib, bir də nəzir qutusu qoyulub. Ətrafı isə, sözün əsil mənasında, əsil Ərəb Əmirliyini, lap elə Dubay şəhərini xatırladır. Pirin altında, şıdırığı alver baş alıb gedir. Burada müxtəlif sərinləşdirici içkilərdən tutmuş əcaib antisanitariya şəraitində hazırlanan, insan sağlamlığı üçün ölümcül təhlükə olan ərzaq məhsullarına qədər hər şey zəm-zəm suyu kimi camaata satılır. Qiymətlər isə, sözün əsil mənasında, "od tutub yanır".
Dağın başındakı müqəddəs pirin adından istifadə edib, yol kənarını əsil alver mərkəzinə çevirənlər, müsəlmançılıq və mənəviyyat prinsipləri bir yana, hətta adi sanitariya qaydalarını da pozaraq, heç bir mənbəyi və nişan qeydiyyatı olmayan məhsulları əhaliyə sırıyırlar. Təsəvvür edin ki, adi 20 qəpiklik qazlı su müqəddəs ocağın ətrafında 50-60 qəpiyə satılırsa, bunu görən birisinin Allaha, dinə, imana necə inancı və sevgisi ola bilər?
Hələ mən demirəm ki, burada balıq kababından tutmuş lüləkabablara qədər, min bir nemətə qədər hər şey təklif olunur yol yolçusu olan sərnişinlərə. Burada bişirilən kababın iyi, su içməyə, məscid qapısında qoyulmuş nəzir qutusuna pul atmağa düşən hər kəsi, xüsusi ilə ikicanlı qadınları və xəstə adamları daha tez tutur. Bu isə, açıq şəkildə əsil vicdansızlıq işidir ki var.
Bir yanda müqəddəs "Qurani-Kərim", Məhəmməd Peyğəmbərin, həzrəti Əlinin şəkilləri, insanları inanca, mənəvi paklığa çağıran kitablar satılır, bir tərəfdən isə həmin müqəddəslərə sevgisi olan insanları soyub-talamaq "əməliyyatı" keçirilir. Maraqlısı odur ki, bu özbaşınalığa nə bu məsələlərə cavabdeh olanlar, nə də dini qurumlar heç bir reaksiya belə vermirlər. Hər halda haçansa onların hər hansı biri il ərzində bir dəfə də olsun müqəddəs ziyarətgaha qalxmasalar da, heç olmazsa istirahət üçün Nabrana, Qubaya üz tutmalı olublar. Burası yəqin belədir. Amma yəqin bu antisanitariyanı, adamda hər şeyə qarşı ikrah oyandıran vəziyyəti onlar ya doğrudan da görməyiblər, ya da "görməyə" vaxtları və həvəsləri olmayıb...