Son günlər ölkəmizdə ailədaxili çaxnaşmalardan tutmuş bir sıra kriminal cinayətlərə qədər hər şeyin başlıca səbəbi kimi internet göstərilir. İnsan zəkasının məhsulu olan bu texnologiyadan müasir dünyada daha da inkişaf etmək və irəli getmək üçün istifadə olunursa, biz tərəflərdə bu insan beyninin gözəl ixtirasından xeyirli əməldən, başqa xalqlar kimi ağıl və biliyimizi artırmaqdan savayı istənilən "zad" üçün istifadə edilir.
İndi Azərbaycanda nəinki hansısa dağlıq bir rayon, hətta elə bir uzaq, ucqar kənd olmaz ki, orda kompüter istifadəçisi tapa bilməyəsən.
Burası əladır. Demək ki, 21 əsrin ən uğurlu inkişaf modeli ilə ayaqlaşan bir xalqıq və hansısa bir avropalının bu məsələdə bizə yuxarıdan aşağı baxması mümkünsüzdür. Yenə də deyirəm, buna görə qürurlu olmağımıza haqqımız da çatır. Yəni uşaqlarımızın öz gələcəklərini qurmaları üçün, onların gələcəyə gedən dünyanın bir parçası olmaları üçün, ən əsası isə gələcəyin "Novruzəliləri" olmamaları üçün bu informasiya texnologiyalarının evlərimizdə olması böyük şansdır. Amma görünən odur ki, biz hələ də bu texnologiyadan, pis çıxmasın, "müsəlmansayağı", yaxud bir az yumşaq desək, yenə də öz bildiyimiz kimi istifadə edirik.
Deyəsən, mən bu məsələyə bir neçə yazımda toxunmuşam. Bizlərdə internetdən istifadə əsil barbar mağara şüuruna əsaslanır desəm, qətiyyən yanılmaram. Sizcə nəyə görə belə düşünürəm?
Çünki bizim bəzilərimiz - uşaqlardan tutmuş böyüklərimizə qədər, subay qızlardan tutmuş ərli arvadlara qədər hər kəs, bu ağıl ixtirasından tamam başqa "şeylər üçün" istifadə edir. Paytaxt Bakıdan başlayaraq, ucqar rayonlara qədər hər yerdə internet klublar fəaliyyət göstərir. Pis çıxmasın, ağsaqqalımızdan tutmuş qara saqallımıza, ağbirçəyimizə qədər hər kəs artıq internet istifadəçisinə çevrilib. Bu da, əla haldır. Demək ki, ölkəmizin istənilən yerindən bizi dünyaya bağlayacaq informasiya texnologiyasına sahibik və bizim bu uğurmuzla istənilən şəkildə qürur duymaq haqqımız var. Burası belədir. Amma yenə də qayıdıram o məsələyə ki, əsas iş bu imkanlardan necə yararlanmağımızla bağlıdır.
Təəssüflər olsun ki, bu məsələdə üzümüz qaradır. İndi deyəcəm niyə belə iddialı və xoş olmayan bir əminliklə danışıram. Son bir həftədə ölümlə və kütləvi dava-dalaşla nəticələnən iki ən böyük kriminal cinayət faktlarına səbəb bilirsiniz nədir? İnternet!
Yenə də gəlirik o məsələyə ki, bizdə internetdən istifadə mədəniyyəti, sadəcə, sıfır vəziyyətdədir. Əvvəla, ona görə ki, ailələrimizdə internetdən istifadə qaydaları deyilən bir şey yoxdur. Təsəvvür edin ki, bir qrup 12-14 yaşlı yeniyetmə oğlan və qızlarımızdan başlamış, ərli xanımlara, bığıburma kişilərə qədər internetdə hansı "əməliyyatlardan" keçirlər, onu daha yazmağa belə ehtiyac yoxdur. Məsələ burasındadır ki, "odnaklassikdən" tutmuş "Mail.ru"-ya qədər bütün interner vasitələrində elm-savad öyrənmək, ağlını daha da zənginləşdirmək əvəzinə, min cür ədəbsizliklə dolu dedi-qodu yazışmaları baş alıb gedir. Dəhşətlisi odur ki, bəzi ərli arvadlar qazan boyda noutbukunu mətbəxdəcə qabağına qoyub, tikintidə, çöl-bayırda min bir əziyyətlə onun üçün çörək qazanan namuslu ərinə xəyanət yolu tutur, ərindən xəbərsiz "odnaklassiklər"də, "Mail.ru" saytlarında cavan "qaqaşlarla mırtlaşaraq" onlarla görüş təyin edib min hoqqadan çıxırlar. Hələ mən internetdə səhifə yaradıb özünü 25-28 yaşlı cavan qız kimi təqdim edən 45-60 yaş arası qoca arvadları, bəzi cavan gəlinlər "ovuna" çıxan "ağsaqqal kişiləri" demirəm.
Bütün bu sadaladıqlarım, bir xalqın genofonun məhv edilməsi baxımından olduqca dəhşətli bir prosesdir. İnanın ki, bunun sonu bizim üçün həqiqətən çox dəhşətli nəticələrə gətirib çıxara bilər. Sonda yuxarıda dediklərimi təsdiq edən bir faktı xatırladım sizə.
Bu yaxınlarda Bakıda baş verən qanlı hadisə də birbaşa internetlə bağlıdır. Ərdə olan keçmiş nişanlısına "odnaklassik"də "tərif yağdıran" oğlan, özü bir yana, başqa bir cavan oğlanın ölümünə və neçə adamın yaralanmasına səbəb oldu. İnternet "mədəniyyətimiz" daha bir gəncin həyatına son qoydu, neçəsini isə xəstəxanaya saldı. Budur internetdən bizim istifadə "sevdamız"!