Nurəddin Məmmədli:
Liderlər get-gedə durub ayılır,
Köhnələr qorxudan donub bayılır,
İsa da, Əli də köhnə sayılır,
Təzyiqlər artmaqda "İP" əleyhinə.
Əhməd Oruc:
Burda Mirmahmud var, Qulamhüseyn var,
Vaqifin dalınca Rəsul yol açar,
Fuadın mənimlə hövsələmiz dar,
Güclər toparlanıb tip əleyhinə.
Nurəddin Məmmədli:
Köhnənin kürəyi yorğana dəyir,
Yenilər köhnəni güc ilə əyir,
Köhnələr maşınlı olmaq istəyir,
Təzələr döyüşür cip əleyhinə.
Əhməd Oruc:
"İP"-də yaşamaqda maraq əksilir,
İsa da, Əli də artıq əkilir,
Yenilər köhnəyə qənim kəsilir,
Məqsədlər yönəlir cib əleyhinə.
Nurəddin Məmmədli:
Köhnələr xarici tuman sevirlər,
Dollarlar sevirlər, şampan sevirlər,
"İP"-də milçəklər tək yaman sevirlər,
Toplaşıb duralar müf əleyhinə.
Əhməd Oruc:
Kürsünü vermədi heç biri təhvil,
İsanı, Əlini yenməz heç dəlil,
Bacara bilmədi biri 20 il,
Ki, duruş gətirsin kef əleyhinə.
Nurəddin Məmmədli:
"İP"-də hökmranlıq artıq laxlayır,
İsanı, Əlini süqut haqlayır,
Köhnələr nostalji hissi saxlayır,
Təzələr çıxırlar mif əleyhinə.
Əhməd Oruc:
Köhnələr pislərin sırasındadı,
Mübahisə dəstə arasındadı,
Qovğa iki xəstə arasındadı,
Dava da güclənib tif əleyhinə.
Nurəddin Məmmədli:
Mirmahmud birləşib Qulamhüseynlə,
"İP"-də iş görülmür heç də beynilə,
İşgüzar mühit yox açıq eynilə,
Həvəslər köklənib kif əleyhinə.
Əhməd Oruc:
Kobud qəlbliləri yuxa biləcək,
Təzələr köhnəni yıxa biləcək,
Nə İsa, nə Əli çıxa biləcək,
Daş-qaş ilə dolu küp əleyhinə.
Nurəddin Məmmədli:
İndi radikalın gətirib təbi,
Yıxıb sürüyürlər Qərbdə ərəbi,
Hər iki tərəfin kini, qəzəbi,
Sürət götürübdü rif əleyhinə.
Əhməd Oruc:
Yenilər bunları bir hədəf seçib,
Onlar liderlikdə son həddi keçib,
İsa da, Əli də sanki and içib,
Hətta çıxa bilmir ip əleyhinə.
Nurəddin Məmmədli:
Əgər baş verərsə nələr-nələrsə,
O da qübarlanıb bağrı dələrsə,
Bir qurtuma içmək lazım gələrsə,
Getməz mübahisə həb əleyhinə.
Əhməd Oruc:
Əli də, İsa da baş sarıdan daz,
Bosslar da etmirlər onlar ilə naz,
Obyekt olsa əgər çox şirinməcaz,
Çıxan da tapılmaz ləb əleyhinə.
Nurəddin Məmmədli:
Yenilər köhnəyə gözucu baxmaz,
Ancaq onlar kimi tərsinə axmaz,
Təbi olmayanlar, sözsüz ki, çıxmaz,
Bir qədər mükəmməl təb əleyhinə.
Əhməd Oruc:
Yeni olub köhnə səmtinə axsaq,
Bədxahlar üzünə meh təki çaxsaq,
"İP"-çilər üzünə səmimi baxsaq,
Çıxan da tapılar dəb əleyhinə.
Nurəddin Məmmədli:
Olmasa da belə biliyi iti,
Söz deyə bilsəydi yerində qəti,
Əslində, olsaydı səlahiyyəti,
Üsyan qaldırardı çəp əleyhinə.
Əhməd Oruc:
"İP"-ə tətbiq elə qotur buxuru,
Ölü diriltməyə qadir buxuru,
Ovcunda tutduğun nadir buxuru,
Götür cəsarətlə səp əleyhinə.
Nurəddin Məmmədli:
Elə ki, öyrəndin, zilə-biməsən,
Xəncər sən, tüfəng sən, bıçaq, qəmə sən,
Zəhəri bədxahdan əsirgəmə sən,
Götür tərəddüdsüz təp əleyhinə.
Əhməd Oruc:
Səbr eylə həmkarın səbr eyləsə,
Xəbr eylə bədxahlar cəbr eyləsə,
Səni sevənlərin təqdir eyləsə,
Götür təbərrükü öp əleyhinə.
Nurəddin Məmmədli:
Öyündük kiçiklə, həm ulumuzla,
Həm də qane olduq biz pulumuzla,
Həmişə getmişik öz yolumuzla,
Bizə biz sancanın çöp əleyhinə.
Əhməd Oruc:
Çalışın olasız bir qədər fəal,
Sizi qaranlığa aparır xəyal,
Ay İsa, ay Əli, xaricdən pay al,
Onu tənha yeyib köp əleyhinə.
MİRZƏ QƏRƏNFİL