Qabil Hüseynli:
Əli də, İsa da yaman kövrəkdi,
Bizim dəstəkçilər fəal, zirəkdi,
Yazağzı "İP"-ə bir meydan gərəkdi,
Kütlələr küçəyə, meydana qalsın.
Araz Əlizadə:
Başda beyin yoxdu, dolubdu saman,
Xaricdəki kimi düşübdü tuman,
Sizdə potensial tükənib yaman,
Dilində bir lənət şeytana qalsın.
Qabil Hüseynli:
"İP" boss boğazına oxdu, keçibdi,
Artıq radikalın baxtı keçibdi,
Qıratın, Düratın vaxtı keçibdi,
Kütlələr yabıya, maydana qalsın.
Araz Əlizadə:
Qaytarmaq çətindi ötüb keçəni,
Get viski yerinə hörtdət cecəni,
Payızda sayarlar, düzü, cücəni,
Üzə gələn bahar faydana qalsın.
Qabil Hüseynli:
Qışda kütlələrin çoxu kürklüdü,
İsa da, Əli də hələ şərqlidi,
"İP"-in qaydaları xeyli fərqlidi,
Qoy sənin ASDP qaydana qalsın.
Araz Əlizadə:
Meydan radikala gətirər ziyan,
"İP"-in liderləri həmişə piyan,
Biri Paris deyir, biri slavyan,
Soyad həvəskarı soydana qalsın.
Qabil Hüseynli:
Ayağa durmaqdan bezib kəsiklər,
İndi siyasətdə artıb tezliklər,
Çoxalıb meydandan qaçan əskiklər,
Təzyiqin çoxusu qaytana qalsın.
Araz Əlizadə:
Xalqın başı üstü nurdu, ziyadı,
Sizin ürəyiniz xıltdı, riyadı,
Küçə yürüşləri bir fiksiyadı,
Çay içmək həvəsi çaydana qalsın.
Qabil Hüseynli:
Eyləmə özünə tuş gələcəyi,
Gözlə ASDP-də boş gələcəyi,
Sənin partiyanın xoş gələcəyi,
Bəlaya tuş gəlsin, ziyana qalsın.
Araz Əlizadə:
Zaman daraldıqca "İP" də qudurur,
Sizin liderlərdə yox azca qürur,
Arxada uzun süst bir boşluq durur,
Yürüş-mitinqlərin ziyana qalsın.
Qabil Hüseynli:
Bir qədər kütləşib paslanmış qafan,
Nə də ki, sinəndə çatışmır havan,
Vaşinqtonda qopan fırtına, tufan,
Sənin qurumdakı qayana qalsın.
Araz Əlizadə:
Yazda olacaqdır qəm yürüşləri,
Olacaq sizlərin dəm yürüşləri,
"İP"-in mitinqləri, həm yürüşləri,
Alkaşa-ulkaşa, piyana qalsın.
Qabil Hüseynli:
Küçə meydanları basar hürüşlər,
Planımızda var çoxlu görüşlər,
Bizi məşğul edir mitinq-yürüşlər,
Məlumat israrla yayana qalsın.
Araz Əlizadə:
Kütlə qəmi sizlə bölməyəcəkdir,
Bəxtiniz yazda da gülməyəcəkdir,
Əlinizdən bir iş gəlməyəcəkdir,
Təşkilati işlər həyana qalsın.
Qabil Hüseynli:
Yığırıq meydana şeytanı-şəri,
Yazda biz olarıq mitinqin əri,
Arvadı ər saxlar, pendiri dəri,
Soğanın acısı soyana qalsın.
Araz Əlizadə:
Sizlərə qıl verməz, əsla, ələkçi,
"İP"-ini bəyənməz heç bir məsləkçi,
Sizi qınamayan adi dəstəkçi,
Bu ağ yalanlara uyuna qalsın.
Qabil Hüseynli:
Küçə-meydanlarda qurarıq bardaş,
Taparıq kütlədən sevimli sirdaş,
Atarıq birtəhər başımıza daş,
Pənahın ilana-çayana qalsın.
Araz Əlizadə:
Üzüldü canınız lay arasında,
Arzunuz boss verən pay arasında,
Əli-İsa Qərblə hay arasında,
Qərb buna, Sarkisyan - hay ona qalsın.
Qabil Hüseynli:
Asudəlik buna, hərb ona məxsus,
Başqası vursa da zərb ona məxsus,
Bütün Amerika, Qərb ona məxsus,
Erməni göndərən pay buna qalsın.
Araz Əlizadə:
Fevral ötüb keçər, yazım gələcək,
Sizə dəstək ərəb Kazım gələcək,
Çoxlu pul xərcləmək lazım gələcək,
Mitinqin, piketin mayana qalsın.
Qabil Hüseynli:
Biz kinli, kütlələr havalı-cinni,
Mitinq keçirərik sənni, ya mənni,
Altdan çıxa bilməz heç bir müğənni,
Küçə şənliyiniz Ayana qalsın.
Araz Əlizadə:
Yaz gələnə kimi çıxmaz bığınız,
Tezlikdə artacaq puç dığdığınız,
Sizin kütlələrə qonaqlığınız,
Qoşa qulplu dəmir tiyana qalsın.
MİRZƏ QƏRƏNFİL