Əhməd Oruc:
"İP"-in öz məxsusi uçurumu var,
Tam iflas olmaqçün ay yarımı var,
Ən zəifinin də bu qurumu var,
İndi QHT-siz radikal yoxdu.
Arzu Səmədbəyli:
Onlarla yetkili eşqi təmiz var,
"İP"-də İsa üçün böyük bir miz var,
Partiyada çoxlu QHT-miz var,
Bizim Müsavatda puç sual yoxdu.
Əhməd Oruc:
Narıncı rəngli bir tent də buraxmır,
İsaya "Malbro", "Kent" də buraxmır,
Xaric QHT-siz sent də buraxmır,
İndi radikalda pak amal yoxdu.
Arzu Səmədbəyli:
Uğura heç zaman vermədik xitam,
Bizə yaxınlaşır liberal "madam",
Başqan olmaq istər 10-dan çox adam,
Guya qalib gələn bir kamal yoxdu.
Əhməd Oruc:
Bizim radikala qrant çatır gec,
Çətin məqamlarda dalğınlaşır vec,
QHT vermədi potensial heç,
Yetkili cismində heç zülal yoxdu.
Arzu Səmədbəyli:
Bizim QHT-nin mənası dərin,
Maliyyəçisi boss şeytanın-şərin,
Nə başqan olmağa namizədlərin,
Nə İsa qəlbində qara xal yoxdu.
Əhməd Oruc:
İsanın, Əlinin həvəsi haram,
Dubayda dəmlənən qəhvəsi haram,
Müsavatı haram, cəbhəsi haram,
QHT-lərində bir halal yoxdu.
Arzu Səmədbəyli:
Əlisi, İsası miskindi bizdə,
Həmişə qalmaqal, pis gündü bizdə,
Şərik, Qərb amili üstündü bizdə,
Deməyək "İP" üstə bir Şimal yoxdu.
Əhməd Oruc:
İstefa vermirlər, kəllələrdə daz,
Küçədə-meydanda səslənir rep, caz,
İsa da, Əli də olub tündməcaz,
Burda bir sifətdə xoş camal yoxdu.
Arzu Səmədbəyli:
Bulaşıb İsanın özünün altı,
Düz məna verməmiş sözünün altı,
Qaralıb hamının gözünün altı,
Nəzərlər önündə bir şümal yoxdu.
Əhməd Oruc:
Radikal üzməkdə gur ləpələrdə,
Gəzib tapmazsınız azca təpər də,
Müxalifətdəki QHT-lərdə,
Nə bir möhkəm arxa, nə də dal yoxdu.
Arzu Səmədbəyli:
İsa, Əli olub Məşədi İbad,
Qərbin də xoşuna gəlməkdə bu ad,
QHT-lər edir hər yanı abad,
İşlər çox yaxşıdı, nəhs pamal yoxdu.
Əhməd Oruc:
Bahar bayramında hər "Yurd", hər oba,
Durub arxamızda Karakas, Kuba,
Müsavat günəşi enib qüruba,
"İP"-də Aylarda da bir hilal yoxdu.
Arzu Səmədbəyli:
Siyasi meydandan aralı çoxdu,
İfratın turş alma xaralı çoxdu,
"Yurd"da Haqverdiyev "maralı" çoxdu,
"İP"-də, Müsavatda bir maral yoxdu.
Əhməd Oruc:
İfrat radikallar labüd günündə,
Çoxdan olmamışlar sabit günündə,
Müsavatın özü, "İP" it günündə,
Orda bir bər-bəzək, cah-cəlal yoxdu.
Arzu Səmədbəyli:
Yaxşı lider yoxdu, şurum-burum var,
"Mu-mu" deyən kəslər, başdan bum-bum var,
Burda QHT var, digər qurum var,
Nə avro, nə dollar, nə də mal yoxdu.
Əhməd Oruc:
İsa tərəfindən təklənib Əli,
Çoxu elə bilir tükənib Əli,
Burda qəm üstündə yüklənib Əli,
Həm də İsa adlı bir məlal yoxdu.
Arzu Səmədbəyli:
O biri ağacı bu biri çırpmır,
Çırpsa da, anidən gözünü qırpmır,
Burda narıncı rəng nəzərə çarpmır,
Xeyi alabəzək saf emal yoxdu.
Əhməd Oruc:
Yetən pajar edib tüstünə çıxıb,
Qərbin, Kremlin büstünə çıxıb,
QHT QHT üstünə çıxıb,
Burda aqil yüklü bir xammal yoxdu.
Arzu Səmədbəyli:
Qərbə meyillənir oğuzlar burda,
Çatmır ünvanına kağızlar burda,
Yumulmur açılan ağızlar burda,
Qara-ağ çeşidli nə də fal yoxdu.
Əhməd Oruc:
Hər biri hazırlar özünü hərbə,
İstəyir dəyməsin özünə zərbə,
Hamı ləbbeyk deyir xaricə, Qərbə,
Öz yükünü çəkən bir hambal yoxdu.
Arzu Səmədbəyli:
İsası-Əlisi "bəşər"dən yüksək,
Aparar özünü hər serdən yüksək,
Tullanmaq istərlər baryerdən yüksək,
Qərbi qane edən müsbət bal yoxdu.
MİRZƏ QƏRƏNFİL