PDF Oxu

Köşə

  • 1 262

Müxalifətin parçalanmaqdan sığortalanmaq cəhdi

Müxalifətin parçalanmaqdan sığortalanmaq cəhdi

Tahir Kərimli:


Birlik yoxdu, qıçalanma labüddü,

Hər gün, hər an haçalanma labüddü,

Daxilində parçalanma labüddü,

Radikalın ümidi yox sabaha.


Taliyət Əliyev:


Boss dalınca qaçmaq üçün nəfəs yox,

İfratların düşmədiyi qəfəs yox,

"İP"-də cüzi inkişafa həvəs yox,

Məhv edəcək radikalı Əjdaha.


Tahir Kərimli:


Hər əsəbi, tarımlarda problem,

Araq, viski, yarımlarda problem,

Həll edilmir qurumlarda problem,

Liderlər də başlayırlar pəsdaha.


Taliyət Əliyev:


Liderlərə elə gəlir əqiqdir,

Siyasətdə kimlərəsə rəqibdir,

Gecə-gündüz bircə fikir dəqiqdir,

Radikallar parçalanır bir daha.


Tahir Kərimli:


Boss istəmir çox mükəmməl sağılma,

Çoxalıbdı ürəklərdə sıxılma,

Belə getsə labüd olar dağılma,

Dinc yaşamaq gələcəkdi çox baha.


Taliyət Əliyev:


Xırda batır, lap irilər cəhənnəm,

"İP"-də qalan lox dirilər cəhənnəm,

O birilər, bu birilər cəhənnəm,

Yeniləşmə qismət olmur Pənaha.


Tahir Kərimli:


Radikaldan kütlə etməkdə həzər,

Hər birisi Qərbdə, Londonda gəzər,

İnkişafdan, tərəqqidən yox əsər,

"Bəylər" batıb qulağacan günaha.


Taliyət Əliyev:


Bir iş görmək liderlərə yasaqdır,

Üz qızardan boss pulu yox, sazaqdır,

Yeniləşmə reallıqdan uzaqdır,

Ümid qalıb Yaradana, Allaha.


Tahir Kərimli:


Çökməkdədi radikalın hər "bəyi",

Liderlərin reallaşmır istəyi,

Çətinləşib Qərbdən almaq dəstəyi,

Üz tutubdu "bəylər" də əks-cinaha.


Taliyət Əliyev:


Yeknəsəqdi lider, tifil yeknəsəq,

Qərbdə vurur ara qəfil yeknəsəq,

Hər liderin özü səfil, yeknəsəq,

Bənzədirlər özlərini padşaha.


Tahir Kərimli:


Pulsuzluqdan ürəkləri seyrəkdir,

Çoxu elə bilir Bamsı Beyrəkdir,

Liderlərin ağılları seyrəkdir,

Səfillər də bənzəyərmi heç şaha?


Taliyət Əliyev:


Qırğınlarda qoymadılar leş belə,

"Bəylər" süqut, iflasdadı beş belə,

Əllərindən gəlmir adi iş belə,

Yaxaları çəkibdilər qırağa.


Tahir Kərimli:


"Bəy"in büdcəsi boş, nol dağarcığı,

Liderlər narıncı çul dağarcığı,

Qərb onların əsil pul dağarcığı,

Bu "bəylər"in dözümü yox fərağa.


Taliyət Əliyev:


Onlar "İP"-də minbir hiylə hazırlar,

Bir-birinə dərin qəbir qazırlar,

"Bəylər" Qərbə daim donos yazırlar,

Bu müsibət sığmaz heç bir varağa.


Tahir Kərimli:


Zəhərlənmiş küt tiyəsi azalıb,

Sahibkar, həm yiyəsi azalıb,

İfratların maliyyəsi azalıb,

Bir boss belə Qərbdən gəlməz sorağa.


Taliyət Əliyev:


Pul bəndinə düşür, gəlsə bənd səsi,

Şənlənirlər gəlsə kliyent səsi,

Eşidəndə "bəylər" adi sent səsi,

Od vururlar dərhal yanmaz çırağa.

Tahir Kərimli:


Çox vaxt olmur başı üstə çətirlər,

Boss dalınca hərdən Qərbə gedirlər,

Pul olmasa kasıbçılıq edirlər,

Qrant alcaq "bəylər" düşür marağa.


Taliyət Əliyev:


Başlarında Qərbdən çatan çarx durur,

Önlərində keçilməz bir arx durur,

"Bəylər" bir il nə başını qırxdırır,

Nə də çəkmir onlar saqqal darağa.


Tahir Kərimli:


Yetkili var sonsuz göyə meyilli,

Yetkili var haya-küyə meyilli,

Bəziləri tünd viskiyə meyilli,

Liderlər var cumur möhkəm arağa.


Taliyət Əliyev:


Kiçik qarışqanı həm fil edirlər,

Pulçün özlərini kor-şil edirlər,

Yeddi qat səmanı təhlil edirlər,

Görməyiblər nə Şamaxı, Marağa.


Tahir Kərimli:


Qəsəbə, kənd, şəhər, hər mahal "bəylər",

İstəyir qazana dövlət-mal "bəylər",

Gedir yuxarıdan radikal "bəylər",

Bu cür təkəbbürlü deyil hər ağa.


Taliyət Əliyev:


Bir vaxt xoşlarına gəlmirdi Qross,

Təşkil eyləyirlər Qərbədək kross,

Dəysə gözlərinə maliyyəçi boss,

Buraxmırlar özlərindən irağa.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər