Nüşabə Sadıqova:
İsa üzərinə götürüb qəmi,
İanə istəyi sarır aləmi,
Müsavatın sədr müavini kimi,
Bəyanat verirəm: birlik görünmür.
Gözəl Bayramova:
Radikal gözləyir Qərbdən bal, pətək,
Qrant əvəzinə alırlar kötək,
Dedim Əli bəyin dəstəkçisi tək,
Birlik olmayanda, dirlik görünmür.
Nüşabə Sadıqova:
İsa da yalandan təriflər "İP"-i,
Basıbdı yetkili həriflər "İP"-i,
Təngə gətiribdi təkliflər "İP"-i,
Yersizlər çoxalıb, yerlik görünmür.
Gözəl Bayramova:
İsa dayansa da koslar önündə,
Əriyib-yumşalır "as"lar önündə,
Əli yalmansa da bosslar önündə,
Adının önündə serlik görünür.
Nüşabə Sadıqova:
Başqan başdan-başa şərdi-xatadı,
O, elə bilir ki, tənha adadı,
İsa daha böyük iddiadadı,
Heç ona liderlik, merlik görünmür.
Gözəl Bayramova:
İşdə-əməlimdə nər xislətliyəm,
Əli mis, mən isə zər xislətliyəm,
Qadınlığım ilə ər xislətliyəm,
Sədrin durumunda ərlik görünmür.
Nüşabə Sadıqova:
Bunların köməyi olmayacaq haqq,
Birini isitmir ən isti otaq,
İsa materialı çürük bir budaq,
Onda heç pərdlik, tirlik görünmür.
Gözəl Bayramova:
Yoxdu bu fərasət dilsiz qoynunda,
İsa da, Əli də başdı oyunda,
Hamısı dəmirdi qızıl suyunda,
"Yurd"da birilyantlıq, zərlik görünmür.
Nüşabə Sadıqova:
Özü Qərbə baxan qrant oğrusu,
Bossları ac qoyur onu, doğrusu,
Bizlərdə yaradıb ürək ağrısı,
İsada bir qətrə çərlik görünmür.
Gözəl Bayramova:
Maşallah, İsa bəy zəlidən fəal,
Bütün yetkililər dəlidən fəal,
İsa görünməkdə Əlidən fəal,
Əlidə azacıq fərlik görünmür.
Nüşabə Sadıqova:
İsa zildə bədğur əməllərilə,
Ölkədə tanınır Əli şərilə,
Liderlər barışıb talelərilə,
Qrant az olanda, kürlük görünmür.
Gözəl Bayramova:
Uzun ayları da, həm illəri şər,
Kobud ayaqları, həm əlləri şər,
Bizim liderlərin əməlləri şər,
Ancaq özlərinə şərlik görünmür.
Nüşabə Sadıqova:
Təqdim olunurlar əsil pir kimi,
Ayaqlar altında onlar tir kimi,
Kükrərlər mitinqdə pələng, şir kimi,
Əsil həqiqətdə şirlik görünmür.
Gözəl Bayramova:
İsanın, Əlinin başlarına daş,
Edə bilmədilər heç kəsi sirdaş,
Bunların planı hər gün olur faş,
Burda bir məxfilik, sirlik görünmür.
Nüşabə Sadıqova:
Onlar yalnız bossu, Qərbi gördülər,
Küncdə-bucaqlarda ömür sürdülər,
Elə bilirlər ki, xalis dürdülər,
Hərəkətlərində dürlük görünür.
Gözəl Bayramova:
Bir cürə girləyir başını hərə,
Belələri ilə dolu dağ-dərə,
Barışa bilmirlər bunlar heç cürə,
Bu yandan necəlik, cürlük görünmür.
Nüşabə Sadıqova:
İsa qrant deyib zar-zar ağlayır,
Onun bu fəryadı könül dağlayır,
Liderəm deyərək basıb-bağlayır,
Ancaq Cavanşirlik, Kirlik görünmür.
Gözəl Bayramova:
Düzdü, aparanda yavaş aparır,
Onları daxili savaş aparır,
"İP"-i, qurumları qan-yaş aparır,
Tərləyən olsa da, tərlik görünmür.
Nüşabə Sadıqova:
Özləri naəlac pat timsalında,
Bütün qurumları mat timsalında,
İsa, Əli qaçar at timsalında,
Ancaq nə qatırlıq, xərlik görünmür.
Gözəl Bayramova:
Sürünüb düşüblər yalağa kimi,
Onlar gedib çatmaz bulağa kimi,
Çirk-pas içindədi qulağa kimi,
Elə bilirlər ki, kirlik görünmür.
Nüşabə Sadıqova:
Bəylər tanınırlar "şər bala" deyə,
Bədnam iş görərlər Kərbəla deyə,
Döyər sinəsinə Nərbəla deyə,
Ancaq hərəkətdə nərlik görünmr.
Gözəl Bayramova:
Ağıl yox birində heç bircə qram,
İsanın hər püşkü, hər mərci dram,
Umub ermənidən cib xərci-dram,
Ter-Əliyəm deyir, terlik görünmür.
MİRZƏ QƏRƏNFİL