Arzuxan Əlizadə:
İfratlar qarşılar həyat dəbi tək,
Yerimiz həyatın xalis dibi tək,
Deyirəm qurumun baş katibi tək,
Radikalizm yıxıb sürüdü, vallah.
Yusif Bağırzadə:
İfadəm deyildir "Bonn qənaəti",
Saf-çürük etmişəm on qənaəti,
Budur çağdaş sədrin son qənaəti,
İflas üfunəti bürüdü, vallah.
Arzuxan Əlizadə:
Etibar yüksəkdə lider tək çoxdu,
Sən radikalsansa, problem çoxdu,
Burda hamı deyir, eşidən yoxdu,
Radikallar adi sürüdü, vallah.
Yusif Bağırzadə:
Ajiotaj, bir də səs və səmir çox,
Olanda, yetkili qrant əmir çox,
Burda qızıllar yox, paslı dəmir yox,
Radikal iflasın "dürüdü", vallah.
Arzuxan Əlizadə:
İfrat vurur üzə çovğun, qar kimi,
Aparır özünü canı var kimi,
AMİP-ə qudurmuş canavar kimi,
Radikal it kimi hürüdü, vallah.
Yusif Bağırzadə:
Qurum yasa batır vəfat olanda,
İflas yaxınlaşır çox çat olanda,
Pis olur mövqelər ifrat olanda,
Radikal "İP"-ləri kürüdü, vallah.
Arzuxan Əlizadə:
AMİP-də görməzsən pak amal ruhu,
Qranta köklənib "pak kamal" ruhu,
Çökəndə qurumda radikal ruhu,
Radikal, liberal əridi, vallah.
Yusif Bağırzadə:
Davamlı İsanın, Əlinin feli,
Bizi Etibarın əyildi beli,
AMİP-i də yıxdı radikal yeli,
Müsavat "İP"-iylə yeridi, vallah.
Arzuxan Əlizadə:
İflasa düşəndə onun qurumu,
Uçdu çarter ilə hər uçurumu,
İstədi düzəlsin biznes durumu,
Etibar Londonda kiridi, vallah.
Yusif Bağırzadə:
İndi hər partiya keçirməkdə yas,
Radikalizm gəlcək bağlanıbdı tas,
Bütün qurumları bürüyüb çirk-pas,
Bu, elə radikal kirdi, vallah.
Arzuxan Əlizadə:
AMİP əridikcə əsir bədənim,
Əriyir get-gedə AMİP vətənim,
Diri olan bir şey AMİP-ə qənim,
Çürük radikallıq diridi, vallah.
Yusif Bağırzadə:
O olub ən zəif, lüzumsuz bandan,
Salıbdı AMİP-i nüfuzdan, candan,
Radikalizm, düzü, yaranan andan,
AMİP-i sümürən pəridi, vallah.
Arzuxan Əlizadə:
Tamam dağılmayıb, hələ ki, dözür,
Bu qədər tükənməz selə ki, dözür,
Radikal təzyiqə belə ki, dözür,
AMİP möhkəmlərin biridi, vallah.
Yusif Bağırzadə:
Etibarda arzu-kam dağılmayıb,
Biznesdə qurduğu dam dağılmayıb,
AMİP indiyədək tam dağılmayıb,
Yəqin o, həddindən iridi, vallah.
Arzuxan Əlizadə:
Olacaq onlarla qurumun toyu,
Hələ ağzınadək dolmayıb quyu,
Çox xəmir aparıb radikal suyu,
Bu, azman Koroğlu tiridi, vallah.
Yusif Bağırzadə:
Hərə başa düşür bunu bir cürə,
İstər ki. əlində olsun bağ-bərə,
Əgər dağılmırsa, göz görə-görə,
AMİP-də Etibar miridi, vallah.
Arzuxan Əlizadə:
Hücumlar naqafil, həm də az olub,
AMİP də, o - bu da əsil qaz olub,
Radikal bizlərə yaman paz olub,
Bəlkə müxalifət şəridi, vallah.
Yusif Bağırzadə:
Çevirməz "İP"-dəki bəyə dal, virus,
AMİP-i çökürdü sakit, lal virus,
Artıb-çoxalmaqda radikal virus,
Bəlkə də parazit şiridi, vallah.
Arzuxan Əlizadə:
AMİP də "İP" kimi oldu lox qurum,
Onun fəsadından kənar yox qurum,
Bu çər aparıbdı, düzü, çox qurum,
Cəmi müxalifət çəridi, vallah.
Yusif Bağırzadə:
Sönüb getməkdədi mübarizlik, əzm,
Bizdə hökm sürür mey, bakalizm,
Çox fəsad törədir radikalizm,
Elə bil, erməni teridi, vallah.
Arzuxan Əlizadə:
Heç zaman radikal olmamış kamil,
Özü də edilmir müsbətə şamil,
Bəlkə də kiminçün lüzumsuz amil,
Kiminçün, müəmma pirdi, vallah.
Yusif Bağırzadə:
Sarsıdıb bu amil çox bəyi, gici,
Onu adlandıra bilərlər cücü,
Heç onun yenməyə çatmayıb gücü,
Bu da ifratların sirridi, vallah.
MİRZƏ QƏRƏNFİL