Qondarma "ziyalı" sözünün özü, məncə, hər şeyi aydın edir. Aydın edir ki, həmin qondarmalığın arxasında hansı epizodlar dayanıb. Epizod demişkən, bu an yadıma "Otel otağı" adlı milli kinomuzdan bir epizod yadıma düşdü. Belə ki, hələ sovetlər dönəmində birgə elmi fəaliyyətlə məşğul olan iki ziyalı alim məruzələrlə çıxışlar edir, onlardan biri sovet nomenklaturasına məxsus qırmızı imperiyaya təriflər yağdırır, digəri isə öz məruzəsində çatışmayan cəhətləri qeyd edir. Bundan sonra birinci məruzəçi "hörmətini" birə-beş artırır, digəri isə nüfuzdan düşür. Və beləcə illər ötdükdən sonra, dövr dəyişir, ölkəmizdə müstəqillik əldə edilir. Zamanında nüfuzdan düşmüş alim Türkiyədəki universitetlərin birində dərs deməyə dəvət alır, lakin məlum olur ki, onun yerini məhz sovet nomenklaturasına təriflər yağdıran "alim" tutub. Bundan sonra alimin ürəyi sancır və otel otaqlarının birində həyatından məhrum olur.
Bu epizod təsadüfən yadıma düşmədi. Çünki bu günün özündə də sovet nomenklaturasına təriflər yağdıran, bu istiqamətdə millətinə belə xəyanətlər edən qondarma "alimlər", "ziyalıllar" mövcuddur ki, hazırda onlar siyasətbazlıqla məşğul olaraq, guya vətənə, xalqa canıyananlıq göstərirlər. Onların "portret" cizgiləri pafoslu xarakterdə cəmiyyətə sırınır və əsil sifətləri qalır bir kənarda. Sanki bunlar aydan-arı, sudan da duruymuşlar. Hətta bir "mələkmişlər". Amma bu, nə qədər doğrudur? Bax, ona görə də həmin "portret"lərin cizgilərinə özünəməxsus xülasələr etmək fikrinə düşdüm. Bugünkü "portret" Əbdürrəhman Vəzirovun ideoloji işçisi Rafiq Əliyevə aiddir. O Rafiq Əliyevə ki, Vəzirovun Azərbaycana rəhbərlik etdiyi bir dönəmdə ondan da artıq dərəcədə Azərbaycan xalqının qanına susamışdı. Bəlkə də Vəzirov, müəyyən mənada, 20 Yanvar faciəsinin baş verməməsi üçün az da olsa təşəbbüs göstərmişdi. Amma onun ideoloji katibi olan R.Əliyev bunun qarşısını kəsmişdi. Hətta demək istərdim ki, o zamanlar SSRİ-nin birinci katibləri öz ideoloji katiblərindən qorxduqları qədər heç kimdən qorxmurdular. Çünki Moskvaya onlar haqqında ən birinci donos yazanlar da ideoloji katiblərin sərəncamında idi. Bax bu, "portret" xülasəsindən yanaşsaq, görərik ki, bəli, bu gün özünü "elm fədaisi", "xalq yolunda başını daşa döyən", "dünya şöhrətli" qaniçən R.Əliyevi dəstəkləyən radikal müxalifət başbilənləri də əldə olunmuş müstəqilliyimizi təhlükə altına qoymuş Kreml donosçularıdırlar. Əbəs yerə deyilmir ki, R.Əliyevin "mələk" baxışlarına vurulan Müsavat başqanı İsa Qəmbərov "KQB" agenti, R.Əliyevi "doğma atası" kimi görən AXCP (i) sədri Əli Kərimov isə "komsomol stukaçı" kimi fəaliyyət göstərib. Görünür, burada, onların oxşar cəhətləri arxasında daha çox məqamlar dayanıb. Bu baxımdan da, demək istərdim ki, yəqin R.Əliyevin "sayəsində" neçə-neçə alimlərimiz Azərbaycana səmərə verəcək elmi işlərini reallaşdıra bilməyiblər və onların bundan iztirab çəkən ürəkləri partlayıb. Neçə-neçə igidlərimiz 90-cı illərdə müstəqillik yolunda, Qarabağ uğrunda sağ-salamat mübarizə aparacaqmışlar ki, R.Əliyevin sovet ideologiyasına olan "sədaqəti" ucbatından 20 Yanvar faciəsinin qurbanlarına çevrildilər. Bu da mənim bir "portretə" əlavə etmək istədiyim, xülasə. Yerdə qalanını hörmətli oxucular müəyyənləşdirsinlər. Bəlkə, onlarda daha çox xülasələr var?