Əhməd Oruc:
Xalqın əsəbləri deyildir dəmir,
Gözləmir o, ifrat liderdən əmr,
Radikal mövqeni xalq dəstəkləmir,
Kütlələr də getmir onun dalınca.
Araz Əlizadə:
Qrant da bossdan hər gedişdə gəlmir,
Qərbin özünün də ət dişdə gəlmir,
İndi əllərindən bir iş də gəlmir,
"Bəylər" də baş qoyub yumşaq balınca.
Əhməd Oruc:
İfrat bir meydana da girə bilmir,
Özü də heç vəchlə, heç cürə bilmir,
Nə mitinq, nə piket keçirə bilmir,
Radikal pul üçün çapır qılınca.
Araz Əlizadə:
"Bəylər" artıq çoxdan dikdən enibdi,
Şamı öləziyib, çıraq sönübdü,
Radikal liderlər xəstələnibdi,
"İP"-in liderləri düşüb qulunca.
Əhməd Oruc:
Zər arzulayırlar, sonu şər olur,
Bədənlər, sifətlər, üz qan-tər olur,
Onlar qərargahda lül-qəmbər olur,
İçirlər viskini kamın alınca.
Araz Əlizadə:
Gücləri çatanda qamçı olurlar,
Xalqa qarşı diliacı olurlar,
Gedirlər Məkkədə hacı olurlar,
"Bəy"in canı çıxır namaz qılınca.
Əhməd Oruc:
Daim "mənəm-mənəm" deyə bilərlər,
Özlərini xeyli öyə bilərlər,
Onlar döşlərinə döyə bilərlər,
Küçə-meydanlarda bir iz salınca.
Araz Əlizadə:
Həmişə kəfənlik ağ yanlarında,
Elə zənn edirlər dağ yanlarında,
Bir iz qoymadılar sağ yanlarında,
Nə də bir gedən yox "bəy"in solunca.
Əhməd Oruc:
Çox rəvan işləyir Qərbdə dilləri,
İllərə calandı durğun illəri,
Liderin simvolik qərənfilləri,
Əlbəttə, olmalı onun kolunca.
Araz Əlizadə:
Həmişə uduzub Tvister "bəylər",
Olmağa hazırdı Petros, ter "bəylər",
İşə yaramadı bu mister "bəylər",
Xalq qovdu onları bəniz solunca.
Əhməd Oruc:
Bunları Soros da adlandırdı gic,
Aşdı baryerləri xərc, məxaric,
Uğursuz "bəylər"ə nə Qərb, nə xaric,
Dəstək də vermədi qrant, pulunca.
Araz Əlizadə:
Axır zamanlarda tükəndi bunlar,
Qərb üçün işlətdi min fəndi bunlar,
Ömürləri boyu gücəndi bunlar,
Bir iş görmədilər "bəylər" qolunca.
Əhməd Oruc:
Bu "bəylər"dən boss da əl üzüşübdü,
İkisi də "İP"-də lap büzüşübdür,
Əli də, İsa da əldən düşübdü,
Canları çıxıbdı bir "bəy" olunca.
Araz Əlizadə:
Başları da çıxmır kolundan artıq,
Bir sent də verməzlər pulundan artıq,
Diqqət göstərməzlər çulundan artıq,
Hörməti edirlər "bəy"ə çulunca.
Əhməd Oruc:
Son vaxtlar dəyişib xeyli halı da,
Xaric qabağı da, "bəy"in dalı da,
Vallah, bu arının xalis balı da,
Ləzzətdə tən deyil "bəy"in balınca.
Araz Əlizadə:
Onun ürəyində şeytanlar, şərlər,
Əlinə keçəni udub-təpərlər,
O qədər yoxalıb seyrəkləşərlər,
"Bəy"in canı çıxar "bəylər" qalınca.
Əhməd Oruc:
Yığıbdı qrantı bol qucağına,
Kibrit də çəkibdi "bəy" ocağına,
Hər biri çəkilib "İP" bucağına,
"Bəylər" musiqini çalsın çalınca.
Araz Əlizadə:
İsanın, Əlinin "İP" xalı qaşda,
"Bəy" abır qoymadı qohum-qardaşda,
Xalq xal da qoymadı radikal başda,
İfrat radikala Qərbin xalınca.
Əhməd Oruc:
Biri xeyir verər, şər birisindən,
Çıxacaq bolluca tər birisindən,
Xaric əl götürər hər birisindən,
Radikallar gedib Qərbə dolunca.
Araz Əlizadə:
Radikal uğuru vəhylərdən uzaq,
Hər biri zəhmətdən, səylərdən uzaq,
Siyasi yetkinlik "bəylər"dən uzaq,
Bu məqam onlara çatar kalınca.
Əhməd Oruc:
Araz aşığından, topuqdan Kürdü,
İfratlar içində ötür-ötürdü,
"Bəy" yolu nahamar, kələ-kötürdü,
Yol olmaz radikal "bəy"in yolunca.
Araz Əlizadə:
Çox böyük bəladı radikal dərdi,
Onların hər biri Qərbə nökərdi,
"Bəy" keçəl başında tük əkdirərdi,
Radikal başında tükü yolunca.
MİRZƏ QƏRƏNFİL