PDF Oxu

Köşə

  • 1 338

Qrant almaqla əsil ziyalılığın fərqi nədədir?

Qrant almaqla əsil ziyalılığın fərqi nədədir?

Bu gün Azərbaycanda xalqımız tərəfindən qəbul olunan kifayət qədər ziyalılar, görkəmli elm adamları, akademiklər mövcuddur. Təbii ki, həmin insanlar ölkənin inkişafı, tanınması, gələcək perspektivi üçün əhəmiyyətli işlər görməklə, həm də dövlətçilik baxımından çox böyük işlərə imza atırlar. Əbəs yerə deyil ki, hər bir ölkənin tanıdılmasında həmin ölkənin ziyalıları xüsusi rol oynayırlar. Hazırda yazıçılarımız, görkəmli elm xadimlərimiz, tanınmış mədəniyyət nümayəndələrimiz də hər fürsətdə ölkəmizi ən yüksək səviyyədə tanıdır, Azərbaycanın dünya dövlətləri arasında nə qədər əhəmiyyətə malik olmasını aşılayırlar.

Təəssüflə qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycanda xalqı və müqəddəs dövlətçilik amillərini bir kənara qoyaraq, zorla özlərini "ziyalı" kimi qələmə vermək istəyən şəxslər də tapılır. Və həmin şəxslər sırasında elə adamların adları hallanır ki, onlar nəinki xalqa və dövlətə xidmət etməyən şəxslərdir, hətta onların aralarında bütövlükdə Azərbaycan xalqına qarşı çıxanlar, dövlətçiliyə qarşı xəyanətlər göstərənlər də mövcuddur. Onlar, çox təəssüf ki, bu gün də həmin fəaliyyətlərini davam etdirməkdə "israrlı olduqlarını" bəyan edirlər. Müxtəlif siyasiləşmiş qurumlarda bir-iki ağız dövlət və hökumət əleyhinə söz işlədənlərin "ziyalı" qismində xalqa sırınması isə ümumilikdə qəbuledilməzdir.

Eləcə də, bu gün arxiv araşdıraraq, hansısa mövzunu gündəmə gətirməyin özü də Azərbaycanı sevməkdən irəli gələn hal kimi dəyərləndirilməməlidir. Bu sözlər isə bilavasitə Cəmil Həsənliyə aiddir. Əgər C.Həsənli tarixçidirsə, işi də bundan ibarətdirsə, öz işini görüb, özünü reklam etməməlidir. Yəni arxiv araşdırmaçılığı ilə bu gün yüzlərlə tarixçi çalışır və onlar hələ bu günə qədər bir dəfə də olsun ziyalı olub-olmadıqlarını xalqa deməyiblər. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, ziyalını xalq seçir. O ki qala hələ "görkəmli" olsun".

Eyni zamanda, ssenari yazmağın da bu mövzuya-"ziyalı" olmağa heç bir dəxli yoxdur. Çünki burada söhbət tamamailə başqa mövzudan və başqa motivdən gedir. Bu, sırf yaradıcılıqdır. Bu gün Rüstəm İbrahimbəyov özünü "ziyalı" kimi təqdim etməkdənsə, yaradıcı fərd kimi təqdim etsə idi, daha məqsədəuyğun olmazdımı? Axı onun Azərbaycan üçün hansı ziyalı səmərəsi mövcud olub? Film çəkmisən, çox sağ ol, ssenari yazmısan, ona da çox sağ ol. Amma bir vaxtlar erməni rejissorlarla birgə film çəkmək arzusunda olmusan və həmin arzunu gizlətmisən, bax, ona çox sağ ol düşmür axı! Bunun müqabilində R.İbrahimbəyov necə "görkəmli ziyalı" ola bilər?!

Burada eks-deputat, ABŞ-ın müəyyən anti-Azərbaycan siyasi dairələrindən qrantlar alan Gültəkin Hacıyevanın, Sumqayıt hadisələrində "barmağının olması" istisna olunmayan vəkil Aslan İsmayılovun, əli Azərbaycan xalqının qanına batmış "bambılı" Əbdürrəhman Vəzirovun ideoloji katibi və donosyazanı işləyən Rafiq Əliyevin necə "ziyalı" olmalarından xəbər verən amilləri vurğulasaq, bir çox qaranlıq hadisələri də üzə çıxarmış olarıq. Bu gün onların "görkəmli ziyalı" deyil, görkəmli xəyanətkarlar toplumu adlandırsaq, daha düzgün nəticə çıxarmış olarıq. Və yaxşı olardı ki, onlar boş-boş fikirləri ilə ictimaiyyəti bu tipli vasitələrlə özlərinə cəlb etməkdənsə, açıqlasınlar ki, necə olub son bir il ərzində onlar eyni xarici təşkilatlardan ayrı-ayrılıqda qrantlar alıblar? Hər halda, "ziyalı" olmasalar da, bu suala cavab vermək onlar üçün elə də çətinlik yaratmaz.

Digər xəbərlər