Bu gün haçalanmış və paçalanmış radikal müxalifət liderləri yenidən "fəal" olduqlarını müxtəlif cür və ayrı-ayrı səpgilərdə ictimaiyyətə sırımağa cəhdlər göstərirlər. Həmin cəhdlərin arxasında daha nələr dayanmayıb ki? Daha hansı təlxəkliklər, mərdimazarlıqlar və LİDERBAZLIQ oyunları oynanılmır? Nədi-nədi ki, qarşıdan 2013-cü il prezident seçkiləri gəlirmiş. Gəlsin də, gəlsin və hər zamankı kimi özü ilə xoş səfa gətirsin. Bir də ki, məgər 2013-dən 6 il öncə, yəni 2007-ci ildən sonra 2008-ci il gəlmirdimi? Və həmin seçki illəri ərəfəsində də bu günün radikal müxalifət liderləri məhz indiki kimi həmdən-həmə, dəmdən-dəmə sərsəmləmirdilərmi? Necə deyərlər, köhnə hamam, köhnə tas.
Bu ərəfədə sabiq spiker Rəsul Quliyevin də yuyulmamış qaşıq qismində atılıb ortaya düşməsi radikal düşərgənin vəziyyətini daha da gərginləşdirib. Mövqeyini indidən, hətta İsa Qəmbərovdan, Əli Kərimovdan da qabaq açıqlayan R.Quliyev 2013-cü il seçkiləri ilə bağlı ictimai-siyasi mühitdə hətta istehza doğura biləcək açıqlama da verib. Deyib ki, "hər kəsə qarşı alternativ özü olacaq". Amma nəticədə, özünün hansı vəziyyətdə qalmasını tamamilə yadından çıxarıb binəva.
Bu günlərdə əlimə bir məlumat keçdi ki, AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov arasında qəşəng bir yaxattutdu olub, yəni dartışma. Məlumatın mahiyyəti belədir ki, Müsavat başqanı İ.Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov 2013-cü il prezident seçkilərini müzakirə ediblər. Müsavat başqanı seçkidə "əsas müxalifətin", daha doğrusu, "İctimai Palata"nın "vahid namizədi" olmaq istədiyini "cəbhə" sədrinə eşitdirib. Müsavat başqanı hətta bu işə partiyasının keçirilməsi nəzərdə tutulan (amma baş tutacağının sual altında olan) qurultayında da baxılacağını və onun böyük ehtimalla seçkilərə qədər başqan postunda saxlanacağını nəzərinə çatdırıb. Bir sözlə, İ.Qəmbərov Ə.Kərimova yalvarıb ki, ona bu dəfə "aparıcı müxalifətin vahid namizədi" olmaq üçün sonuncu şans versin. Sözsüz ki, Ə.Kərimov İ.Qəmbərovun bu təklifinə qarşı çıxıb. O, açıq şəkildə bildirib ki, heç kimə güzəştə getmək fikri yoxdur. Eləcə də, AXCP (i) sədri Müsavat başqanına 2003-cü ildə namizədliyini geri götürdüyünü xatırladaraq, növbəti dəfə belə bir addım atmaq niyyətində olmadığını bildirib. Və növbəti dəfə radikalizmin liderbazları düşərgənin haçalanmasına və paçalanmasına qəşəngcənə şərait yaradıblar. Həmin şərait isə, əslində, ictimaiyyətə sərf edən şəraitdir. Çünki bunlar nə qədər tez şəkildə "ənənəvi müxalifəti" tərk edəcəklərsə, yəni siyasətdən birdəfəlik təcrid olunacaqlarsa, ictimaiyyətin də baş-qulağı bir o qədər dincələr. Və belə bir şəraitdə onların yaratdığı "İctimai Palata"nın fəaliyyəti də çox yekə, ağırtonajlı sual altına düşür. Həmin ağırtonajlı sual altında isə bir-birilərinə yarımca metr belə vermək fikrində olmayan liderbazların qalacağı şəksizdir. Ona görə də indidən kənara çəkilsələr, daha yaxşı olmazdımı?