Deyirlər ki, filankəs filan məsələdə çulunu sudan quru çıxardı. Yəni yaxşı qurtardı və s. Ancaq mən bu dəfə həmin məsəlin tarixçəsi haqqında danışmaq istəməzdim. Çünki bu məsəlin tarixçəsi bir qədər uzundur, köşəyə sığmaz. Ona görə də həmin məsəlin mahiyyətindən və bu mahiyyətdən yararlananlardan danışmaq (yazmaq) istədim. Mahiyyət isə budur ki, biri bir "zibil" qaynadıb, sonra da "məharətlə" həmin "zibildən" yaxasını qurtara bilib. Əynindəki ( ya da belindəki) çulu sudan quru çıxıb. Lap Müsavat partiyasının başqanı İsa Qəmbərov kimi. İndi bu adam çox rahat şəkildə (bu vaxta qədər iynə üstündə oturmuşdu) oturub öz kreslosunda və fikirləşir ki, baxın, ən yaxın təqibçim, rəqibim həbsdədir, digərləri isə mənimlə mübarizə aparmaq gücündə deyillər və mən yenə də qurultay-murultay keçirməmiş oturmuşam başqanlıq kürsümdə. Yəni özüm sulu-mulu olsam da, çulum-palanım qupqurudur.
Bu gün bu barədə fikirləşən İ.Qəmbərovun çulu hələ bundan öncə də sudan quru çıxıb. Məsələn, 20 yanvar hadisələrindən qupquru çıxan Müsavat başqanı hələ o zamanlar aspirant kimi gözlərinə yekə bir eynək qoyaraq, Kreml "KQB"-sində var-gəl edirdi. Hətta onun çuluna əməlli-başlı agentura nömrəsi də yapışdırmışdılar. Hətta ona "ne troqayte yeqo on naş paren" (ona toxunmayın, o, bizim uşaqdır) əmri gəldi. Nəticədə, nə oldu? Faciə baş verdi, insanlar şəhid düşdü, İ.Qəmbərov isə nömrələnmiş çulu ilə sudan quru çıxdı.
Sonra da Xocalı soyqırımı... İndi məndən soruşa bilərlər ki, sən İ.Qəmbərovun quru çulunu niyə islatmaq istəyirsən? Məgər başqa quru çullular yoxdurmu? Quru çullular çoxdur, ancaq onlar barədə sonra yazacağam, özü də necə lazımdır isladacağam. Lakin İ.Qəmbərovun çulu qurudan da qurudur. Ona görə də məhz onun çulundan danışıram. Nə isə, Azərbaycan xalqı Xocalı soyqırımına yas saxlayarkən, İ.Qəmbərov çırtıq çalıb oynayırmış. Niyə? Ona görə ki, Ayaz Mütəllibov çulunu quru çıxara bilmədi və qaçdı. İ.Qəmbərov isə məhz bu sözləri işlətdi: "Xocalı soyqırımının baş verməsi bizim üçün vacib idi. Biz başqa cür hakimiyyətə gələ bilməzdik". İnanmırsınızsa, həmin sözlər həkk olunmuş stenoqramı axtarıb tapın və eşidin həmin rəzil ifadələri!
İndi də başqanlıq postunda rahatca əyləşən bu fərd, "Eurovision" məsələsində də çulunu sudan quru çıxarmağa cəhd göstərəcək. Elə bilir ki, quru çullu olmaq bunun alnına yazılıb. Fəqət, hər şeyin sonu olduğu kimi, bunun da çulunun yaş olmasının vaxtına çox qalmayıb. Elə Azərbaycanın "Eurovision" zirvəsində onun başına neçə yüz min ton qaynar su ələnəcək. Bax, onda həmin çulun ağırlığına tab gətirməyə "oğul" istəyirəm. Hərgah İ.Qəmbərovun "oğul-moğulluğa" heç bir aidiyyəti-filanı yoxdur.