Bir gün, hələ sovet hökuməti vaxtı bir zəhmətkeş çobana deyirlər ki, bəs sən bundan sonra SSRİ Ali Sovetinin deputatı seçilmisən və sənin yerin artıq dağlar, dərələr yamaclar deyil, Moskvadır. Ona görə də, get yapıncını çıxart, əyninə də kostyum-qalstuk geyin və get Moskvaya. Beləcə yazıq çoban deyilənləri edir və Moskvaya çatır. Növbə kürsüyə çıxaraq, nitq söyləməyə yetişəndə, rus dili bilməyən həmin zəhmətkeş çoban əlindəki mətni qoyur bir kənara və öz dilində deyir ki, "vallah, nə deyim, bu günə qədər bir inəkdən altı bala alırdımsa, əynimdəki kostyum-qalstuk mənə dedizdirir ki, bundan sonra bir inəkdən lap onunu doğuzduracam". Və beləcə, həmin çobanın deputatlıq müddəti vur-tut bircə gün çəkir. Qayıdır doğma inəklərinin yanına və yapıncısını da atır çiyninə. Başlayır çobanlığını etməyə. Yəni onu danışdıran həmin bu kostyum və qalstuk imiş.
Sözüm onadır ki, bu gün kostyum-qalstuk geyinmiş müasir çobanlarımız da mövcuddur ki, həmin çobanlar özlərinə, yəni bir-birilərinə "bəy" deyə müraciət edirlər. Hara gedirlərsə, əllərinə yekə portfel alırlar, özlərini də "ciddi" aparırlar. Amma nə faydası, çoban elə çobandır ki, var. Və mən burada çobanlıq sənətində heç bir qüsur-zad axtarmıram. Ona görə ki, bu cürünə "bəy" olmaqdansa, düzgün çoban olmaq daha yaxşıdır. Ulu Nizamimiz demişkən, kamil palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan...
Həmin "bəylər" bu gün gah ziya(n)lı qismində, gah siya(pur)sətçi qismində millətin canına daraşmağa cəhdlər göstərirlər. Ancaq ha səy göstərirlər, ha cəhd edirlər, bunu bacarmırlar. Ona görə ki, "çobandırlar" onlarınkı odur ki, gedib qoyundan-moyundan otlatsınlar və bununla da sübut etsinlər ki, çobanlıq sənəti bunların alınlarına yazılıb. Amma görünür, bu iş də onların səviyyəsində deyil. Çünki adicə çobanlığı da bacarmırlar. Hərgah qəzet-sayt səhifələrinə çıxıb qəliz-qəliz siyasi teoremlər üzərində dilləri topuq vurmaqdansa, verilən məsləhətlərimizə qulaq assınlar. Yox, əgər qulaq asmaq istəmirlərsə, demək bunlar nəinki çobanlığa, heç adamlığa belə layiq deyillər. Onda sual verirəm ki, adam olmayanların adam arasında nə işləri var? Yəqin geyindikləri kostyumları və taxdıqları qalstukları bunları "adam" edib, ortaya çıxarıb. Hələ, üstəlik, "bəy" də olublar. Amma unudublar ki, gədadan bəy olmaz.