PDF Oxu

Köşə

  • 1 004

Rəsul Quliyev gələcəyini bəyan edir, Sərdar Cəlaloğlu inanmır

Rəsul Quliyev gələcəyini bəyan edir, Sərdar Cəlaloğlu inanmır

Rəsul Quliyev:


Hər iki gözünə çəkdirərəm mil,

O, çox göstəribdi mənə uzun dil,

Bakıya qayıdıb, şəksiz, gələn il,

Ataram Sərdarı yolumun üstdən.


Sərdar Cəlaloğlu:


Tərsinə gətirib bu adamda baxt,

Özü dediyi tək olubdu "badbaxt",

Tutub boğazından Rəsulun o vaxt,

Atmışam ADP rulunun üstən.


Rəsul Quliyev:


Mən öz "MMH"-mdən götürüb daşı,

Vuraram Sərdarı, axar göz yaşı,

Çox da öyünməsin sınmazdı başı,

Çırparam poluma polumun üstdən.


Sərdar Cəlaloğlu:


Rəsul alacaqdı məndən çox kötək,

O zaman açılar pul dolu ətək,

Ona zərbə vurub futbol topu tək,

Qapıya ötürrəm "qol"umun üstdən.


Rəsul Quliyev:


Mənə gəlmişimlə şöhrət-şan gəlsin,

Ağzından selləmə irin-qan gəlsin,

Yediyi pullarım burnundan gəlsin,

Onu tez atmadım qolumun üstdən.


Sərdar Cəlaloğlu:


Bu adam ömründə bilmədi pərdə,

Bir məni pislədi xeyirdə-şərdə,

Qalıb yetişmişim yetişmiş yerdə,

Rəsulu ataram kalımın üstdən.

Rəsul Quliyev:


Sərdara qoy bəla göndərsin o haqq,

Bu adam üzümə qayıdaraq şax,

Yaxşılığa pislik elədi bədxah,

Mən onu yüksəltdim pulumun üstdən.


Sərdar Cəlaloğlu:


Məni, həm İlyası qəsdən vurmuşdu,

Onu sədr etmişdim, o, qudurmuşdu,

Bir qəpik vermədən möhkəm durmuşdu,

İtələyib atdım çulumun üstdən.


Rəsul Quliyev:


Sərdar çox susanda, ona "din" dedim,

"Burax o eşşəyi, ata min" dedim,

Yağımı yeyəndə "afərin" dedim,

Onu durğuzmadım balımın üstdən.


Sərdar Cəlaloğlu:


Beş-üç manat verib etdi ah-aman,

Qurumda altına doldurdum saman,

Rəsulun nəfəsi kəsilən zaman,

Sağıma keçirdim solumun üstdən.


Rəsul Quliyev:


Pul verdim, üstümə o, çəkdi sürü,

Onunla bölüşdüm sərvəti, dürrü,

O üzə istəyir üzsün o, Kürü,

Atmadım Sərdarı salımın üstdən.


Sərdar Cəlaloğlu:


Başımız üstündə o qadir Allah,

Sözümü təsdiqlər yəqin ki, Pənah,

Böyük hörmət qoyub Rəsula, vallah,

Şəklini asmışam canımın üstdən.


Rəsul Quliyev:


Ona bağışladım çox restoran, bar,

Pul verdim, mal verdim, verdim dövlət-var,

O qədər qudurub, düzü, bu Sərdar,

Çıxıbdı başıma dalımın üstdən.


Sərdar Cəlaloğlu:


Bu Rəsulda yoxdu adi bir savad,

Çox rəzil adamdı-mərkli, bərbad,

Çəkirdi o qədər ahaaman, fəryad,

Çətinliklə keçdim zalımın üstdən,


Rəsul Quliyev:


Heç vaxt bəyənmədim pis gün Sərdarı,

Atdım ayaq altda kəskin, Sərdarı,

Qaldıra bilmərəm miskin Sərdarı,

Bir qədər sol gedib ulumun üstdən.


Sərdar Cəlaloğlu:


Ona şirin şərbət içirməzdim mən,

Qrant zəmiimi də biçirməzdim mən,

Rəsul kimisini keçirməzdim mən,

Pənahın canıyçün, nolumun üstdən.

Rəsul Quliyev:


Əvvəl güclü idi ona diqqətim,

Uzun müddət oldu pullu şəfqətim,

Sərdara o qədər böyük nifrətim,

Onu keçirmərəm qulumun üstdən.


Sərdar Cəlaloğlu:


Cibdə tükənməyib çox vaxt param heç,

Mən çox əsəbiyəm, olmam aram heç,

Uçmağa şərait yaratmaram heç,

Hətta milçək kimi xalımın üstdən.


Rəsul Quliyev:


Mən özüm xaricdə güclü bir klan,

Var-dövlətim çoxdu, pulum da kalan,

Sərdarı məhv etmək başlıca plan,

Bir çimdik vermərəm malımın üstdən.


Sərdar Cəlaloğlu:


Paytaxtda qalmayıb onun dayağı,

Son vaxtlar olubdu süni, bayağı,

Sınar qabırğası, əli-ayağı,

Rəsul keçə bilməz kolumun üstdən.


Rəsul Quliyev:


Əvvəl yaxşı olub onunla aram,

Sərdara hörmətim qalmayıb qram,

Onun ayağını vurub qıraram,

Tullanmaq istəsə hollumun üstdən.


Sərdar Cəlaloğlu:


Rəsulun bədəni bəd xora salsın,

Bu bəla qoy onu lap gora salsın,

Üstümdən aşmağı o yana qalsın,

Keçməyə qoymaram qılımın üstdən.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər