İran yenədə ağzını köndələn qoyub, Azərbaycan əleyhinə nə gəldi üyüdüb tökür. Vallah, adam belə qonşuluqdan az qala xəcalət çəkə. Bu nədir axı, bizim tərəflərdə deyilmiş kimi, hay-bəri olan kimi, İran tumanını atır başına, başlayır zəqqumunu üstümüzə tökməyə. Ayıbdır, vallah, başını sal aşağı, papağını qoy dizinə, eynəyi tax gözünə və ətrafına yaxşı bax. Bax və gör, gör və bil, bil və anla ki, bizdən sizə düşmən ola bilməz.
Biz, ümumiyyətlə, düşmən olan xalq deyilik, biz düşməni olan millətik və düşmənimizə də özümüz dərsimizi verməyə qadirik. İndi İran qoşa əzası qapı arasında qalanlar kimi, hay-həşir salır ki, Azərbaycan yəhudi kəşfiyyatına şərait yaradır ki, Tehranın nüvə zavodlarını vurmaq üçün araşdırma aparsın. Yaxud iki nüvə aliminin ölümündə günahkar bilinən "Cavidan"çı yəhudiləri himayə edir. Gərək o, qədər xər olasan ki, xər-xər danışıb ürək bulandırasan. "Bulandırasan" dedim, İranın ikinci cəfəng ittihamı yadıma düşdü. Bizim tərəf guya ki, Xəzəri çirkləndirir və dənizin üstündəki ləkələri külək qovub gətirir İranın dəniz ərazisinə. Birincisi, dəniz çirklənirsə, bütün Xəzəryanı ölkələr tərəfindən çirkləndirilir, ikincisi də, biz öz ərazimizi çirkləndiririk, həmin ləkəni siz tərəfə şimaldan əsən külək gətirir. Elə ittihamı, duxlu oğlansınız Rusiyaya verin də, deyin, əsdirməyin şimal küləyini, day bizim çirkabla nə işiniz var, ay başı çarşablılar.
Belə getsə, İranı vuracaqlar. İran uranın zibilinə düşəcək, ABŞ bir tərəfdən, İsrail o biri tərəfdən şiə qonşularımızı təhdid edir. Deyəsən, bölgədə onların halına acıyan təkcə bizik. Nə olsun ki, İran bunu başa düşmək istəmir. "Balıq bilməsə də, xalıq biləcək" məsəlimiz var bizim. Qoy İran bizimlə soyuq müharibə aparsın, eyni zamanda, Ermənistana qaz və neft versin ki, ermənilər də bizimlə odlu müharibə aparsın. Amma ölkə başçımızın dediyi kimi, Azərbaycan İranın vurulmasında heç vaxt vasitəçi olmayacaq. Bəs yaxşı, İranın bizə qarşı ittihamları nəyə əsaslanır? Bəlkə özlərini dindar elan edib, dindən çox uzaq olan dar düşüncəli insanların əməllərinə görə həbs olunmalarını şəninə sığışdırmır, bunları özlərinə təzyiq kimi başa düşür? Əgər bu, belədirsə, çox nahaq. Bizim ölkəmiz İrandan fərqli olaraq dünyəvi və demokratik bir ölkədir. Bizdə hər bir zorakılığa görə qanun çərçivəsində cəza növləri mövcuddur. Eləcə də, narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olanlar, sərt cəzalar tətbiq olunur. Yəni həbs qəti-imkan tədbiri və narkotik asılılıqdan məcburi müalicə. İrandan fərqli olaraq, biz qonşu ölkələrin ərazisinə qaçaqmalçılıq yolu ilə "ağ ölüm" adlanan bəlanı göndərmirik. Bu baxımdan ölkəmizdə qanun pozuntusunu edən və buna rəvac verən və cinayətdə suçlu olanlar layiq olduqları cəzanı alırlar.
O insanlar dindar da ola bilər, məmur da, başqa təbəqənin nümayəndəsi də. İndi İran bir də fikirləşsin görək, Azərbaycana yersiz ittihamlar irəli sürməkdə, nə qədər haqlıdır? Nə olsun ki, İRANIN URANI VAR. Uranı olmaq o demək deyil ki, səni vurmayanı "vurasan", çalış, səni vurmaq istəyəni vur. Amma İran yadında saxlasın, Allah eləməsin, ərazisinə hər hansı bir hücum olsa, ilkin olaraq vasitəçi rolunu Ermənistan boynuna götürəcək, o Ermənistan ki, qucaq dəyişməklə özünə bucaq tapır. Olmasın farsın qucağı, olsun Qərbin qucağı....
ÖTGÜN