Həsrət Rüstəmov:
Nizamnamə heç uzlaşmır bir qram,
Kökündən fərqlidi bizim proqram,
Natamamdı Müsavat, "Yurd", bizik tam,
İsadan, Əlidən öndədi Sərdar.
Tofiq Yaqublu:
ADP işləmir, qoyulub dincə,
Əlinin özündə rəftar çox incə,
İsada genişdi məntiq, düşüncə,
Sərdarda ağıl da, düşüncə də dar.
Həsrət Rüstəmov:
20 il ərzində bir xəyanət yox,
Guya heç birində bir cinayət yox,
Bunlarda nə əzm, nə mətanət yox,
Nə də həmkarlarla olub düz ilqar.
Tofiq Yaqublu:
Heç bossumuz yoxdu, guya arsızıq,
Mitinqlər sarıdan miskin, barsızıq,
İsalı-Əlili biz vüqarsızıq,
Guya bir Sərdarda tapılıb vüqar.
Həsrət Rüstəmov:
Əlinin gözündən itən gəmidi,
İsa qabağında bitən gəmidi,
ADP cəbhəni ötən gəmidi,
Keçər Müsavatı vursa on avar.
Tofiq Yaqublu:
Sərdar biz qoyunlar önündə quzu,
"İP"-in də İsadı, Əlidi tuzu,
Çoxmu ADP-nin gürcüsü, rusu?
Bizim Müsavatda çox çeçen, avar.
Həsrət Rüstəmov:
Onlar asılacaq bir vaxt payada,
Bizdə səhbəstlik var həddən ziyada,
Əli də, İsa da hələ piyada,
Sərdarla olmuşuq biz ata süvar.
Tofiq Yaqublu:
ADP-ylə qilü-qalımız açıq,
Kütləyə mülkümüz-malımız açıq,
Bizim qabağımız-dalımız açıq,
ADP önündə baryerdi divar.
Həsrət Rüstəmov:
ADP düşməzdi dərin quyuna,
Əlilər, İsalar düşüb oyuna,
Müsavat həsrətdi bulaq suyuna,
"Xırdalan" içmirik, pivəmiz bavar.
Tofiq Yaqublu:
Biz çələng hörürük Qərbin tacından,
İsa, Əli azad bossun bacından,
Sərdar qərargahda ölür acından,
Biz Soros puluyla edirik nahar.
Həsrət Rüstəmov:
İsa Əli ilə yeməkdə qarğış,
"Bəylər" bir-birinə deməkdə alqış,
Bir hücum görmədik nə payız, nə qış,
Guya "Yaz hücumu" başlanar bahar.
Tofiq Yaqublu:
Rəsul da Sərdara çox dedi "səysən",
Pul buraxmayacam xətrimə dəysən,
Bizim nəsibimiz alqışla əhsən,
Sərdar ADP-də yeməkdə qübar.
Həsrət Rüstəmov:
Qazancları Qərbdən sentdir, qəpikdir,
Sümüklərə düşən şaqraq çəpikdir,
Onların nəsibi yumruq-təpikdir,
Hər bahar dadırlar bir zərbə nübar.
Tofiq Yaqublu:
ADP Müsavat önündə bir bit,
Liderlərin yeri siyasətdə xit,
Burada yaratdıq normal şərait,
Bizim sıralarda Sərdarçün yer dar.
Həsrət Rüstəmov:
Hər biri meydanda Həsən Turabdı,
İçdikləri içki viski, şərabdı,
İsa da, Əli də başdan xarabdı,
Təkrar eyləyirlər 20 il şüar.
Tofiq Yaqublu:
Salıb quyruğunu suya, nəmişə,
Daim mitinqlərdə dönüb qəmişə,
Bizim şeş qoşaya Sərdar həmişə
Dütdülü atıbdı, ya da dörd-çahar,
Həsrət Rüstəmov:
"İP" də radikalın qoçağı düşüb,
Altı aydan sonra uşağı düşüb,
"Bəy"lərin qiyməti aşağı düşüb,
Siyasi qiyməti öldürüb tavar.
Tofiq Yaqublu:
Bizdə iş rəvandı, Sərdar bəy çaşıb,
ADP sədrinin iştahı qaçıb,
Rəsul "ACP"-də "MMH" açıb,
İndi Sərdar üçün daralıb civar.
Həsrət Rüstəmov:
Vahid liderlikdən keçməkdə xətri,
Sonralar bilinər Sərdarın qədri,
Müsavat lideri, cəbhənin sədri,
Bossdan pul yığırlar, qurublar mağar.
Tofiq Yaqublu:
Üst-başa yapışan pıtırğan olub,
Bu ahıl vaxtında bağrı qan olub,
Bu Sərdar o qədər qudurğan olub,
Bizim işimizə yanpörtü baxar.
Həsrət Rüstəmov:
Söhbətləri Qərbdə, sözləri Qərbdə,
Elə zənn edirlər özləri Qərbdə,
"İP"-də oturublar gözləri Qərbdə,
İsa da, Əli də verməkdə buxar.
Tofiq Yaqublu:
Əsəbdən bu şəxsin əsir əlləri,
Elə bilir dollar kəsir əlləri,
Bir zaman gördüyü bəd əməlləri,
Sərdar bəy adamın başına qaxar.
Mirzə QƏRƏNFİL