PDF Oxu

Köşə

  • 1 105

Əli Kərimov AXCP (i)-də, demək olar ki, tək qalıb

Əli Kərimov AXCP (i)-də, demək olar ki, tək qalıb

Qüdrət Həsənquliyev:


Özünü lider tək süsləyən gündən,

Beyin-başımızı hisləyən gündən,

Əli Əbülfəzi pisləyə gündən,

Yanında könüllü qalan olmadı.


Nurəddin Məmmədli:


Rəsul dəli etdi, mən cinli gəldim,

Sərdarın yanından tam ünlü gəldim,

Əlinin yanına könüllü gəldim,

Məni burdan qovan-filan olmadı.


Qüdrət Həsənquliyev:


Çoxları ağzında qanad, bud getdi,

Əlində saz, qarmon, kaman, ud getdi,

Fazil, Qulamhüseyn, Mirmahmud getdi,

Əli bir ağıllı klan olmadı.


Nurəddin Məmmədli:


Qınından üsullu sivrildi cəbhə,

Əlinin dövründə devrildi cəbhə,

Açıq darvazaya çevrildi cəbhə,

Əlini qoruyan dalan olmadı.


Qüdrət Həsənquliyev:


Tam xain çıxaraq öz yuvasına,

O qalxdı ayağa dən davasına,

Oynamadı Əli "Bəy havası"na,

Əli zurnasını çalan olmadı.


Nurəddin Məmmədli:


Əli deyilən kəs-əməli bəddə,

İnsaf qalmamışdı aşağı həddə,

Bir mənim özümə münasibətdə,

Əli mələk oldu, ilan olmadı.

Qüdrət Həsənquliyev:


Biz getdik, saymadıq çox yerimizdə,

Qurumlar yaratdıq qan-tərimizdə,

Əlidən ayrıldıq, içərimizdə

Saralan olmadı, solan olmadı.


Nurəddin Məmmədli:


Qələbə himnimi çaldım asudə,

"Yurd"da lövbərimi saldım asudə,

Əlinin yanında qaldım asudə,

"Yurd" da cəbhə kimi talan olmadı.


Qüdrət Həsənquliyev:


Əbülfəzi atan Əlini atdıq,

Ona pəl qurmaqçün marıqda yatdıq,

Yeni plan cızıb, qurum yaratdıq,

Cəbhədə qalmaqçün plan olmadı.


Nurəddin Məmmədli:


Mətləbi boss verən payda saydılar,

Alınan pulları fayda saydılar,

Əlinin əmrini qayda saydılar,

Bu yöndə bir səs-küy salan olmadı.


Qüdrət Həsənquliyev:


Niyə Elçibəyi belə sıxmısan?

Hesab etmirsənmi zilə çıxmısan?

Ay Əli, sən "Yurd"u himdən yıxmısan?

Yoxsa suvamağa malan olmadı?

Nurəddin Məmmədli:


Kətməni və beli pislik edəcək,

Guya mənə dəli pislik edəcək,

Dedilər ki, Əli pislik edəcək,

Nə qədər gözlədim olan olmadı.


Qüdrət Həsənquliyev:


Bu şəxsin qəlbini alıbdı azar,

Cəbhədə əməlli açıbdı bazar,

Bizləri qaçıran Əli bəy ki var,

Hər hansı ulağa palan olmadı.


Nurəddin Məmmədli:


ADP-dən getdim bir kalça kimi,

"Yurd"um döşəmədə saf xalça kimi,

Ona xidmət etdim bir dayça kimi,

Əli at olsa da, qulan olmadı.


Qüdrət Həsənquliyev:


Düşdüyümüz yerə yaxşı, dik düşdük,

Əli elə bildi xam, çürük düşdük,

Elçibəy xəttindən biz perik düşdük,

Əli də bir fayda bulan olmadı.


Nurəddin Məmmədli:


Qərbin qrantından tox, doğru oldu,

Dəymədi ürəyə ox, doğru oldu,

Əli nə dedisə, çox doğu oldu,

Sözündə zərrəcə yalan olmadı.

Qüdrət Həsənquliyev:


Ay Əli, zil yeri oxuma pəsdən,

Biz tez uzaqlaşdıq sənin tək tərsdən,

Səni tərk eyləyib gedəndə, hirsdən

Bizi yedirtməyə tulan olmadı.


Nurəddin Məmmədli:


Dediniz siz faşist, fris Əliyə,

Vermədiniz konfet, iris Əliyə,

Necə ki, çatmadı Paris Əliyə,

Elə də sizlərə Milan olmadı.


Qüdrət Həsənquliyev:


Pul səni yenmədi, sən pulu yendin,

Qərargahda gələn məhsulu yendin,

Sən axı Sərdarı, Rəsulu yendin,

Əliyə çatacaq "silan" olmadı.


Nurəddin Məmmədli:


İzləyib gözlədi Əli elə an,

Sizi bir kənara tulladı dövran,

"Yurd"da Əli oldu real hökmran,

Bu işi üstünə alan olmadı.


Qüdrət Həsənquliyev:


Onda nə nufuz var, nə sanbal, çəki,

Bilmir neçə edər ikiylə iki,

Əli elə bədnam siyasətçi ki,

Yanında bir namaz qılan olmadı.


Nurəddin Məmmədli:


Sizdə bizdəkindən pisdi durumlar,

Önünüzdə durub sərt uçurumlar,

Nəzərə çarpmazdı sizin qurumlar,

"Yurd"dan da balaca balan olmadı.


MİRZƏ QƏRƏNFİL


Digər xəbərlər