Rəsul Quliyev:
"En" qədər xülyaya uyub miflənən,
Burda ayıq azdı, çoxdu keflənən,
İfratlar içində qalıb kiflənən,
Liderlər meydandan çıxmalıdırlar.
İsa Qəmbər:
Xeyli fərqləndirəm narıncı çulla,
Qalaram yerimdə min bir üsulla,
Qoy hamısı getsin müxtəlif yolla,
Başqanlı həmkarlar tıxmalıdırlar.
Rəsul Quliyev:
Öyünün narıncı üst-başınızla,
Nümunə deyilsiz siz yaşınızla,
Gedən deyilsiniz öz xoşunuzla,
Sizləri daxildən yıxmalıdırlar.
İsa Qəmbər:
Hər bir yetkiliyə çox demişəm tuş,
Yeyib-içdikləri qarınlara nuş,
Həmkarlar viskidən olmalı meyxoş,
Kazinoda qumar sıxmalıdırlar.
Rəsul Quliyev:
Yalnız istəyiniz avrolar, dollar,
Gəzməli yeriniz göydələn hollar,
Gəlsin burnunuzdan verdiyim pullar,
Müf yeyən nakəslər pıxmalıdırlar.
İsa Qəmbər:
Bərkisin deyirəm yel qanadları,
Xaricdən, aldığım dəst qrantları,
Mənim verəcəyim mükafatları,
Yetkililər döşə taxmalıdırlar.
Rəsul Quliyev:
Sonda düyünləşib iplər, qaytanlar,
Dolub ürəklərə iblis-şeytanlar,
Liderlərin deyil küçə-meydanlar,
Onlar zibilliyə axmalıdırlar.
İsa Qəmbər:
Bossları vəsf etdim nəsr, nəzmimlə,
Onlar qane oldu azman həzmimlə,
Yetkililər mənim hökmüm, əzmimlə,
Sıçrayıb ayağa qalxmalıdırlar.
Rəsul Quliyev:
Sizə ənam verdim neçə gəmilər,
Doymaz qarnınızda itdi zəmilər,
Verdiyi pulları, mənim kimilər,
Sizlərin başına qaxmalıdırlar.
İsa Qəmbər:
Düşübdü başıma hələ yeni dən,
Məni sevməməli yetkili nədən?
Əvvəl başqan seçib məni yenidən,
Sonra gələcəyə baxmalıdırlar.
Rəsul Quliyev:
Dodaqlarınızda hələ mey-məzə,
Qəhərlər göndərdim xaricdən sizə,
Kütlələr tökülüb, əleyhinizə,
Meydanda şimşək tək çaxmalıdırlar.
İsa Qəmbər:
Zirvəyə ucalıb dünyada sonlar,
İndi yaxşılaşıb narıncı donlar,
Məni başqan seçib yenidən onlar,
Silkinib nehrə tək çalxmalıdırlar.
Rəsul Quliyev:
Bostanın olmadı heç vaxt bitkili,
Getdiyin Müsavat, "İP"-in itkili,
Özünə bənzəyən beş-üç yetkili,
Sənin tək yerində qoxmalıdırlar.
İsa Qəmbər:
Bosslardan alaram saf əqiqləri,
Davam etdirərəm mən təqibləri,
Onlar sənin kimi pis rəqibləri,
Cırnadıb yandırıb-yaxmalıdırlar.
Rəsul Quliyev:
Çox edib yanında səbir yetkili,
Axırda alıbdı qəbir yetkili,
Sənə xidmət edən hər bir yetkili,
Demə ki, çörəkli-yaxmalıdırlar.
İsa Qəmbər:
Qərb qrant göndərdi, çıxdıq çətindən,
Qorusun bizləri Tanrı bədindən,
Yetkililər, bossun səxavətindən,
Hər biri çörəkli-loxmalıdırlar.
Rəsul Quliyev:
Dilini, ay İsa, sən az nəmişlə,
Sənin fərqin çox az çürümüş leşlə,
Boyunu ölçərik sənin qəmişlə,
Səni yerdən yerə soxmalıdırlar.
İsa Qəmbər:
Sərdar səni burdan qovanda uddu,
Odur ki, danışma çox xoddu-xoddu,
Yetkili deyilən yanar bir oddu,
Onlar vulkan kimi maqmalıdırlar.
Rəsul Quliyev:
Sən özün təndirə düşmüş bir kündə,
Get tamadalıq et toyda-düyündə,
Yetkili deyir ki, başqan pis gündə,
Vəziyyətindən də tam halıdırlar.
İsa Qəmbər:
Xeyli tündməcazlıq vardı canında,
Haqsızsan özünün həyəcanında,
Mən cavan oğlanam sənin yanında,
Sizlər qocaların xam malıdırlar.
Rəsul Quliyev:
Sən öndən çıxıbsan, ard hissəsisən,
Liderlərin ölgün, qart hissəsisən,
Eşşək quyruğunun alt hissəsisən,
Ətrafda olanlar pak dalıdırlar.
İsa Qəmbər:
Gedəndə getmisən boş bir dibçəklə,
Çarterlə qayıtdın kobud əlcəklə,
Səni dəstəkləyən güllə-çiçəklə,
Boz qatır boynunun sıx yalıdırlar.
MİRZƏ QƏRƏNFİL