Yusif Bağırzadə:
Etibarın başı dolubdu, guya,
Rəsul qoyacaqdı onunçün maya,
Əslində, "MMH" sərsəm ideya,
Etibar, nəhayət, bunu bilməli.
Etibar Məmmədov:
Yaxşı sədr olmadı bizim ocaqda,
Ən pisi Yusifdi, bilir bu haqda,
Çəkilib çox zaman güncdə-bucaqda,
Yusif danışmaqda çəfəng, gülməli.
Yusif Bağırzadə:
Pislərin boş başı çalmalı daim,
Xaricdən çox qrant almalı daim,
Mənim tək yaxşılar qalmalı daim,
Etibar kimilər qəfil ölməli.
Etibar Məmmədov:
Gözlərim dolusu qeybət etmişəm,
Rəsula sirr verib ülfət etmişəm,
Xaricdə onunla söhbət etmişəm,
Mənə olduqca xoş hər bir əməli.
Yusif Bağırzadə:
"MMH"-də çoxlu qullar olacaq,
Bellərində gümüş çullar olacaq,
Rəsulun əlində pullar olacaq,
Etibar dayanıb əli qəməli.
Etibar Məmmədov:
Yolumuz düppədüz-təpəsiz, diksiz,
Zərərli qoşa şeş, onlar du yeksiz,
AMİP "MMH"-yə girəcək, şəksiz,
Rəsulla qoymuşuq dostluq təməli.
Yusif Bağırzadə:
Etibar etina etməz dostuna,
Rəsul kimiləri çıxar rastına,
Çıxsam da hazırda sədr postuna,
Mən evsiz-eşiksiz, odur küməli.
Etibar Məmmədov:
Biri metaldandı, o biri kaşı,
Rəsul sərvətlidi, Yusifdi naşı,
Çıxmır siyasətdən Yusifin başı,
Rəsulda məhsul var dadlı-yeməli.
Yusif Bağırzadə:
Çəkə bilməyəcəm mən başa daraq,
Liderim içəcək viski, cin, araq,
Etibar Rəsula yaxınlaşaraq,
Mənim axırıma çıxır, deməli.
Etibar Məmmədov:
Pullanmaq-Yusifi yaşadır bu mif,
Siyasi zehnini örtübdü çirk, kif,
AMİP-i əməlli çökdürüb Yusif,
Rəsul "MMH"-si inək-məməli.
Yusif Bağırzadə:
Deyir ki, Rəsula qalıbdı güman,
Sifəti nurlanıb açılıb yaman,
İndi Etibara işləyir zaman,
Günlər ötüb keçir şənbə-cüməli.
Etibar Məmmədov:
Bənzəyişləri var Elam oğluna,
İlişdim Yusif tək xlam oğluna,
Yer verdim qoynumda xalam oğluna,
Mənə qarşı çıxdı "VİP"-çi dəm Əli.
Yusif Bağırzadə:
Rəsulun yanında üstünə ənbər
Ataraq, Etibar olub təzə-tər,
Bu gün gedir "İP"-də zil İsa Qəmbər,
Etibar susubdu sanki bəm Əli.
Etibar Məmmədov:
Su götürmək üçün tapmır o, bir qab,
Bunlara çox sadə gətirməkdə tab,
Onun içindədi siyasi çirkab,
Çirk-pasdan danışır Yusif çiməli.
Yusif Bağırzadə:
Burun deşiyini soxaraq tütün,
Qəşş edib özünü unudur bütün,
Etibar qurumu gücləndirməkçün,
Deyir ki, buraya Rəsul gəlməli.
Etibar Məmmədov:
Mən bir fil, Yusifsə adi böcəkdir,
Rəng yeddi olsa da, Yusif min rəngdir,
Elə bilir Rəsul pul verəcəkdir,
Yusif şüurundan bunu silməli.
Yusif Bağırzadə:
Vaxt-bivaxt Rəsulun cipinə girib,
İndi o, süqutun dibinə girib,
Etibar Rəsulun cibinə girib,
Aldığı pulları yarı bölməli.
Etibar Məmmədov:
Sərbəstəm, hər iki qolum açıqdı,
"MMH"-də məlum rolum açıqdı,
Rəsulla gedəcək yolum açıqdı,
Yusifin palçıqlı yolu gölməli.
Yusif Bağırzadə:
Lider danışmaqda sanki bir həpənd,
Bunu deyə bilər bütün şəhər-kənd,
Sədr postunda da mənim dilim qənd,
Etibar son vaxtlar acı kəlməli.
Etibar Məmmədov:
Bəyanat səslənir sərsəm sayağı,
Bir mənəm Rəsulun arxa-dayağı,
Rəsulla yol getməz Yusif ayağı,
Yollar kələ-kötür, həm də ilməli.
Yusif Bağırzadə:
Rəsuldan qaçarsan, yaxını görsən,
Çox tez uçacaqdır mənə bənd hörsən,
Lidersən, get lider işini gör sən,
Yapışma yaxamdan sanki bir zəli.
Etibar Məmmədov:
Yumruğa dözməyə saf dişim vardır,
Rəsulun yanına girişim vardır,
Liderəm, qulumla nə işim vardır,
Mən ağıllı adam, sən isə dəli.
MİRZƏ QƏRƏNFİL