"İctimai Palata" yenidən yazın ilıq nəfəsini duyub, aprelin 8-də növbəti aksiyasını keçirməyə hazırlaşır. Və aprelin 8-də baş verəcək proseslərin dəqiq ssenarisini sizə indidən açıqlaya bilərəm. Məsələn, qondarma qurumun başbilənləri Bakı Şəhər İcra Hakimiyyətindən paytaxtın mərkəzi meydanlarında kütləvi aksiya keçirmək üçün "icazə" istəyəcək və gerisi də məlumdur.
Sonda isə bəlli olacaq ki, "İctimai Palata" aprelin 8-də paytaxtın mərkəzində saat 16-dan 18-ə qədər icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərəcək. Polis küçələrə çıxaraq asayişin qorunmasını təmin edəcək, paytaxtın bəzi yerlərində "palata" psixodispanserinin xəstələri tərəfindən gərginliklər törədiləcək. Hüquq-mühafizə orqanları isə öz işinin öhdəsindən peşəkarcasına gələrək, ötən icazəsiz aksiyalarda olduğu kimi, bu dəfə də onları saxlayacaq.
Onu da xatırladım ki, Müsavat və AXCP (i) indiyə qədər bir neçə bu cür razılaşdırılmamış aksiyalar keçiriblər. Əli Kərimov-İsa Qəmbərov cütlüyü növbəti aksiyalarda da "birlikdə" OLMAĞA (yəni başqa cür başa düşməyin haaa!) maraqlıdırlar. Və maraqlıdır, bəs "İctimai Palata"nın ötən aksiyalarda "qazandığı", "nailiyyəti", "uğuru" nə olub ki, onlar indi yenə mitinq tələblərini səsləndirirlər? "İctimai Palata"nın sonuncu aksiyaları ötən il aprelin 2-də və iyun aylarında keçirilib və böyük "uğurlarla" nəticələnib. Belə ki, elə həmin aksiyaların sabahısı günü AMİP boynuna keçmiş "İP"-i tez-tələsik tərk etdi.Tərk etdi ki, bədbəxt olmasın.
"UĞURLARDAN" DOĞAN BƏDBƏXTLƏR
"Uğurlar" bununla yekunlaşmadı. "İctimai Palata"nın aprel-iyun mitinqi ilə əlaqədar həbs edilərək barələrində cinayət işi açılanların sayı 16 nəfərdir. Şübhəli şəxs qismində saxlanılaraq barələrində Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə cinayət işi açılanlardan biri Müsavat partiyası icra aparatının rəhbəri, eyni zamanda, İ.Qəmbərovun yerinə gözünü dikmiş Arif Hacıyevdir. Müsavat partiyası gənclər təşkilatının sədri, divan üzvü Tural Abbaslı da içəridə taxtabiti saymaqla məşğuldur. AXCP (i)-nin şöbə müdiri Məhəmməd Məcidli isə T.Abbaslıya taxtabiti saymaqda kömək etməklə yanaşı, qəliz-qəliz siyasi terminlərin dilinə yatmasından ötrü ciddi məşq edir. Digərləri də müəyyən işlərlə başlarını qatırlar.
Və maraqlıdır, qondarma qurum aprelin 8-də yenidən razılaşdırılmamış aksiyalar keçirməklə, daha hansı "nailiyyətlərə" imza atmaq, daha kimləri bədbəxt etmək istəyir? Bəlkə bu dəfə elə liderlərin özlərinin-özlərini bədbəxt etmək zamanıdır? Yaşayarıq, görərik!
ZƏNGİBASARLI