Maraqlıdır, yəni çox maraqlıdır ki, bu gün öz ətrafında "yüz minlərlə gənc" kimi təqdim etdiyi bir qrup növcavanı min-bir cür kələklərlə öz tərəflərinə çəkmiş Əli Kərimov həmin növcavanları "Facebook", "Tvitter" vasitəsilə irəliyə-uçuruma doğru itələyərkən, onların arxasında dayanıb nə düşünür? Axı bu adam heç bir vaxt öndə dayanmayıb, irəliyə çıxaraq kişi kimi mübarizə aparmağı bacarmayıb. Ona görə də bu sualı verməyin lap yeridir. Ancaq indidən bəllidir ki, Ə.Kərimov heç vaxt həmin sualı cavablandırmayacaq. Çünki bu sualı cavablandırmağa da kişilik lazımdır ki, bu da onda yoxdur. Və əgər kişiliyi yoxdursa, demək, mübarizə əzmi də yoxdur. Bu səbəbdən də, "mübarizə əzmini" beş-on nəfərin qarşısına çıxıb, xoruz kimi banlamaqda görür. Gah "İctimai Palata"nın toplantılarında, gah "cəbhənin" iclaslarında gənclər qarşısında tara çıxaraq, banlayan bu xoruz nə isə anlatmağa cəhd edir. Həmin o aldanmış növcavanlar isə küyə gedərək, tara çıxıb banlayan bu binəva xoruzun hakimiyyətə yiyələnəcəyinə sadəlövhcəsinə inanırlar. Yuxarıda verilən suala isə mən özüm cavab verəcəyəm. Ə.Kərimov aldatdığı gəncləri irəliyə itələyərkən, düşünür ki, hər hansı icazəsiz aksiyadan sonra əməkdaşlıq etdiyi müəyyən xarici siyasi dairələr ona yeni-yeni qrantlar ayıracaq, o da həmin qrantları yüksək səviyyədə həzmi-rabeəsindən keçirəcək. Daha kimin, hansı gəncin həbsxanaya düşməsi onu qətiyyən maraqlandırmır. Qalır onlardan növbəti dividendlər güdməyə ki, bu da "Azadlıq" qəzeti vasitəsilə həyata keçirilir. Vurulur həmin növcavanların şəkilləri qəzetə və siyasi məqsədlər naminə istifadə olunur. Nə gözəl "gənclər siyasəti"dir, deyilmi?
Başqa tərəfdən yanaşsaq, daha bir fakt meydana çıxır. Bu gün Ə.Kərimovun papasının gül balaları Londonda keyfə baxırlar və onların heç biri AXCP (i)-nin üzvü deyil. Ancaq həftə səkkiz - mən doqquz AXCP (i)-də bir nəfəri on bir dəfə "cəbhəyə" üzv yazdıran Ə.Kərimovdan soruşan yoxdur ki, sənin gənc uşaqların niyə hələ də AXCP (i) üzvü deyillər? Məgər onlar da sənin "gənclər siyasətinin" yetirmələri deyillərmi? Bax, burada Ə.Kərimov banladığı tardan düşüb başını salacaq aşağı və küskün şəkildə deyəcək ki, mənə pasport versinlər, mən də gedib uşaqlarımı "cəbhəyə" üzv yazdırım. Əlbəttə ki, Ə.Kərimov siyasi maraqlarını, şəxsi mənafelərini başqalarının uşaqları üzərində, gənclərin bədbəxtliyi üstündə qurmağa cəhdlər göstərir. Təəssüflər olsun ki, həmin növcavanların az bir hissəsi hələ də Ə.Kərimov kimilərinin küylərinə gedirlər. Amma yarı yoldan qayıdanları da var. Məsələn, özünün də xəbəri olmadan "cəbhə"yə üzv yazdırılan bir gəncin etirafı hələ də yaddaşlardadır. Və digərləri də ondan örnək götürməlidirlər. Götürməlidirlər ki, sonradan Ruslan Bəşirliyə, Qənimət Zahidə, Elnur Məcidliyə, Azər Əhmədova, ən nəhayət, Ə.Kərimov kimisinə oxşamasınlar. Belə olan halda, sizlərə sualım budur: GƏNCLƏR, HARA GEDİRSİNİZ?