Rəsul Quliyev:
Mitinq dalğaları kükrər, coşarsa,
Kütlələr get-gedə aşıb-daşarsa,
Hərəkat başına kim toplaşarsa,
Lider başqası yox, olaram özüm.
Arif Hacıyev:
Gəlsən "Müqavimət Hərəkat"ınla,
Boğaza bağlansan mənfur çatınla,
Olsan əgər lider pul-barıtınla,
Göstərə bilmərəm "İP"-də mən dözüm.
Rəsul Quliyev:
Bədnam kütlələrin zatı qırıqsa,
İsası, Əlisi həlqəni sıxsa,
Onlarla namizəd qarşıma çıxsa,
Geri çəkilərəm, qurtarar sözüm.
Arif Hacıyev:
Namizəd sıxlığı kəsib nəfəsi,
İtib radikalın ərəb dəvəsi,
Artır Müsavatda lider həvəsi,
Özümü yandırır közərmiş közüm.
Rəsul Quliyev:
Mən cavantəhərəm, uca olacam,
Sizlərə dəstəkçi, baca olacam,
Növbəti seçkidə qoca olacam,
Namizəd olmalı, belədi çözüm.
Arif Hacıyev:
Belə kisəçiylə boldu hamamlar,
Radikal düşərgə dolu yam-yamlar,
İsa əməlini Rəsul tamamlar,
Mən nə eşidirəm, kor olsun gözüm.
Rəsul Quliyev:
Məni lider seçin, xəstə, şəkərəm,
Külli-radikala sadiq nökərəm,
Namizəd olarsam, tütün əkərəm,
Çoxlu pul yığıram, əkərək üzüm.
Arif Hacıyev:
Nə etdin, ABŞ-a uçmaqdan başqa,
Oğurluq pulları qucmaqdan başqa,
Bir iş görməmisən qaçmaqdan başqa,
Bu cür danışmağa açıqdı üzüm.
Rəsul Quliyev:
Mat qalmasanız da, onda pat durun,
Sakitəm, sizlərsə narahat durun,
Siz mənim önümdə farağat durun,
Özüm önünüzə qrantlar düzüm.
Arif Hacıyev:
Sənin tərəfindən xəcalətdi bu,
Əgər dəqiq desək, qəbahətdi bu,
Nə günə düşmüsən, nə halətdi bu?
Bəlkə təklifinlə mən dodaq büzüm?
Rəsul Quliyev:
Peşəniz boş yerə xəyala dalmaq,
Çətin, rəqiblərə qələbə çalmaq,
Məqsədim radikal başçısı olmaq,
İndi ərinməyib səndənmi küsüm?
Arif Hacıyev:
Vüsət, əzm bizdə mətanətdədi,
Nüfuzun enişdə, fəlakətdədi,
Sənin hərəkatın ətalətdədi,
Bu azman Müsavat "İP" ilə bizim.
Rəsul Quliyev:
Sizə pul payladım mən ətək-ətək,
Bir anda xərcləyib yedin, a pəltək,
Yaxın tarixlərdə xoş xatirə tək,
Küçə-meydanlarda qalmaqda izim.
Arif Hacıyev:
Qərbi məftun etdim hər sifətimlə,
Ad da qazanmışam mən zəfərimlə,
Qazandım pulları alın tərimlə,
Qarşında asfaltda qanadı dizim.
Rəsul Quliyev:
Barmaqlıq altından alaraq səni,
Zəhərli əqrəb tək çalaraq səni,
Barmaq arasına salaraq səni,
Elə eləmə ki, milçək tək əzim.
Arif Hacıyev:
Susmuşdum, sən rüşvət alanda, sözsüz,
Sevindim ofsaytda qalanda, sözsüz,
Sənin milyonların olanda, sözsüz,
Yox idi əynimdə bir cırıq bezim.
Rəsul Quliyev:
Sən get kameranda hapını aşır,
Çıxsan, Müsavatda qapını aşır,
Mən söz söyləyəndə, özünü yığşır,
Bu cür ittihamdan, çətin ki, bezim.
Arif Hacıyev:
Azad restoranda vurursan meyi,
Türmədə yeyirəm makaron, düyü,
Yaman pis ağrıyır çənəmin çüyü,
İçimi göynədir həm böyrək vəzim.
Rəsul Quliyev:
Səni yedirtməyə meyilliyəm, sən
Nahaqdan sancırsan, sənə beş əhsən,
Məni hövsələdən çıxarma ki, mən
Armud boğazını hirslənib üzüm.
Arif Hacıyev:
Başqan edəcəkdi məni bu bucaq,
Artıq Müsavatda çatmışam ocaq,
Sənin istəklərin alınmayacaq,
İstəyin odur ki, türmədə çezim.
Rəsul Quliyev:
Çox susdum, siz mənə atan məqamda,
Güldünüz, mən dərdə batan məqamda,
Mən gəlib oraya çatan məqamda,
Hazır olmalıdı stolum, mizim.
Arif Hacıyev:
Yalandan özünü yaman öymüsən,
Çox olub, alnınla yerə dəymisən,
Həmişə sən bizə boyun əymisən,
Mənmi etməliyəm qarşında təzim?
MİRZƏ QƏRƏNFİL