PDF Oxu

Köşə

  • 1 666

Hansı dövrdə yaşamaq istəyərdiniz?

Hansı dövrdə yaşamaq istəyərdiniz?

Bir azərbaycanlı olaraq Atabəylər dövründə yaşadığınızı xəyal edin. Dövlətiniz bölgədə hakimdir. Dövlətin ərazisi indiki Güney Azərbaycan torpaqları daxil olmaqla, İraq, İran və Güney Qafqazın bir hissəsini əhatə edir.

Avropanın kralları sizin sədrəzəminizlə eyni səviyyədə qəbul olunur. Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri, dünya memarlıq tarixində iz buraxan Möminə Xatun kimi əsərlərin yarandığı bir əsr. Parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, filosof-şair dahi Nizami Gəncəvinin sənət incilərini bəşəriyyətə bəxş etdiyi bir dövr.

235 il ərzində bütün Yaxın Şərqdə böyük təsirə malik olmuş Səfəvilər dövlətinin zamanında yaşamağı necə, düşündünüzmü? 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmənistan və Şərqi Türkiyə ərazilərini əhatə etmiş nəhəng imperiya olan Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib.

Nəhayət, 200 ilə yaxın fasilədən, işğallardan, parçalanmaqdan yaxa qurtararaq, öz müstəqilliyini elan edən, 23 ay ömür sürən Azərbaycanın Xalq Cümhuriyyəti dövründə baş verən olaylara şahid olmaq istəyərdiniz?

Adınız Hüseyn Cavid, Əhməd Cavad, Müşfiq olsaydı və başınıza gələcəkləri bildiyiniz halda, ötən əsrin 30-cu illərində Stalini, Lenini, kommunizmi yox, türkçülüyü təbliğ edən əsərlər yazardınızmı?

71 ildən sonra, 1991-ci ildə vətən övladlarının qanı, canı hesabına müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını yenidən ucaltdıq. Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq.

İstəsəniz, müstəqilliyin ilk dövrlərinə gələk - 91-93-cü illərə. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpağımız işğal olunub. Ölkə daxilində hakimiyyət uğrunda silahlı qarşıdurmaların belə yaşandığı mübarizə gedir. Xaricdən Azərbaycanı parçalamaq istəyən güclərə daxildən dəstək verən qüvvələr var. Hakimiyyətdə təmsil olunanlar isə xalqın nicat yolunu düşünmür, özlərini hansı dövlətinsə ağuşuna atmağı düşünür. Yaxşı ki, həmin insanlar gec də olsa, layiq olmadıqları mövqedən qovuldular. Xalq öz liderini də, nicat yolunu da tapdı.

Düzdür, onların bəziləri istədikləri ağuşa düşdülər. Amma çox təəssüf ki, həmin insanlardan bu gün Azərbaycan müxalifətində təmsil olunanları da var. Həmişə olduğu kimi, ölkənin mənafeyi üçün deyil, düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Azərbaycanın uğurlarına qara yaxmaq, boş-boş bəyanatlar vermək, 5-10 nəfəri birtəhər bir araya yığıb "mitinq" keçirmək, misterlərinin göstərişi ilə dövlətçilik əleyhinə xəbərlər yaymaq onların əsas fəaliyyətidir.

Növbəti tapşırıq isə aprelin 8-də keçiriləcək mitinqdir. "İctimai Palata" deyilən bir qurumda bir araya gələn "liderlər" iddia edirlər ki, mitinqə 10-15 min tərəfdar çıxaracaqlar. Görünür, burada min sözü səhvən yazılıb. Çünki özləri də bu qədər insanın onları dəstəkləyəcəklərinə inanmırlar. Azərbaycan xalqı yenidən özbaşınalığın, anarxiyanın, aclığın yaşandığı 1991-1993-cü illərə qayıtmaq istəmir. Bizə güclü, bölgədə söz sahibi olan, gün keçdikcə qüdrətlənən, dünyada nüfuzu artan bugünkü Azərbaycan lazımdır. İndi sizə bir sual verim: Hansı dövrdə yaşamaq istəyərdiniz?

Bir də tövsiyəm var. Təmsil etdiyiniz millətin, yaşadığınız dövlətin, əldə etdiyiniz azadlığın qiymətini bilin.

Digər xəbərlər