PDF Oxu

Köşə

  • 959

Mövcudluq şansını itirən müxalifət

Mövcudluq şansını itirən müxalifət

"İP" daxildə toplaşan müxalifət partiyası yetkililəri, qış fəsli başa çatan kimi, kütləvi etiraz aksiyalarına başlayacaqları haqda real olmayan bəyanatlar səsləndirirdilər. Əvvəl mart ayında möhtəşəm mitinq keçirəcəklərini bildirirdilər. Ancaq havaların soyuq keçməsini bəhanə gətirib, kütləvi aksiyalarını aprel ayına keçirdilər.

"İP"-çilər mart ayını mitinq və küçə yürüşləri üçün daha münasib ay hesab edirdilər. Çünki martda Beynəlxalq Qadınlar Günü, çərşənbə axşamları və Novruz bayramı kimi əlamətdar günlər mövcuddur. Bu günlər müxalifətçiləri bayram kimi yox, daha çox əhalinin sıx toplaşaraq, mərasimlər keçirdikləri günlər kimi cəlb edirdi. Onlar keçirilən şənliklərdə ikibir-üçbir ortaya atılıb, əhalini intizamsızlığa, itaətsizliyə çağırmaq məqsədi güdürdülər. Çünki onların əhalini bir yerə toplamaq imkanları olduqca məhduddur. Müxalifət apreldə də, mayda da, hətta isti yay günlərində də bu ağır işin məsuliyyətini öz üzərlərinə götürməyəcək və yenə də adamların çox toplaşmış olduqları yerlərdə epizodik məqamlardan sui-istifadə edəcəklər. Güman ki, apreldə aldatma günü və Leninin ad günündəki "toplantılardan" faydalanmalı olacaqlar.

Müxalifətin meydanlara adam toplaya bilməmələri ən azı 20 illik fəaliyyətsizlikləri ilə əlaqədardır. Xalq bu illəri müxalifətçiləri, bayram yumurtası kimi, dişinə vura-vura keçibdir. Müxtəlif birlik və bloklar altında fəaliyyət göstərən müxalifətçilər daim naşılıqlarını büruzə veriblər. Onların dava-qalmaqalla hakimiyyətə gəlmələri və cəmi bir ildən sonra yalvar-yaxarla hakimiyyət sükanını təhvil vermələri heç kəsin yadından çıxmayıb. Müxalifət bu gün də tez-tez gülüş hədəfinə çevrilir. Hazırda müxalifətçilər partiyadaxili və partiyalararası qalmaqallar yaşamaqdadırlar. Onların nə vaxtsa bir və ya iki partiya ətrafında birləşmələri reallıqdan çox-çox uzaqdır.

Müxalifətin uğursuzluğunun səbəbi gün kimi aydındır. Onların başbilənləri dərk etmək istəmirlər ki, indi 20 il əvvəlki dövr deyil. Ölkənin siyasi, iqtisadi və mədəni inkişafı haqda danışmağa xüsusi ehtiyac yoxdur. Artıq qüdrətli ölkələr Azərbaycanla hesablaşmaqdadırlar. Bu inkişafın təməli müxalifətçilərin ölkəni çökdürdükdən sonra yalvar-yaxarla təhvil verdikləri Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. İndiki inkişafa nail olmaq da asan olmamışdır. Çünki Ermənistan vasitəsilə ölkəmizə təzyiq edib, tərəqqimizə əngəl törədən ölkələr, xarici təşkilatlar da çox idi və s. Bundan sonra ölkə müxalifəti xalqı hansı müsbət əməli ilə sevindirmək istəyir?

Bugünkü iqtidar müxalifətin fəaliyyətinə qadağa qoymur. Qoy müxalifət fəaliyyət göstərsin. Ancaq nə qədər ki, onlar xarici ölkələrin qaranlıq qüvvələrin maliyyə yardımından istifadə edəcəklər, heç vaxt onları tanıyanların rəğbətini qazana bilməyəcəklər.

Müxalifət kütləvi aksiya da keçirə bilər. Ancaq mütləq müvafiq orqanlardan icazə almalıdır. Sözsüz ki, bu, müxalifəti qane etmir. Çünki etimadı itirmiş müxalifət bu tədbirləri ilə heç kəsi cəlb edə bilməyəcəyini yaxşı dərk edir. Odur ki, icazəsiz aksiyalar və ya internet saytlarındakı təxribatlı çağırışları ilə nəzərləri cəlb etmək istəyirlər. Əsasən də, gənclərin... Çünki yaşlılar onların dabbaqda gönlərini tanıyır. Elə gənclərin də məşğulluq məsələlərini tənzimləyən kifayət qədər təşkilat var.

Bugünkü müxalifətin oğurluq-doğurluqla ayağa durmaq üçün heç bir şansı yoxdur. Deməli, satqın xislətini dəyişməlidir. Yoxsa get-gedə daha dərin uçuruma yuvarlanacaqdır.

Digər xəbərlər