Sərdar Cəlaloğlu:
Məşğuldu beynimiz bir zəfər haqda,
Xaricdən axacaq dollar, zər haqda,
İndi düşünürük mitinqlər haqda,
Bu gün dialoqa yoxdu ehtiyac.
Araz Əlizadə:
Sizlərdən bir kəsin gəlməz heç xoşu,
Daim taqqıldadıb liderin boşu,
Üstün tutursunuz qəpik-quruşu,
Verərsiz torpağı bossa naəlac.
Sərdar Cəlaloğlu:
Yürüş-mitinqlərə çapmalı atı,
Ortada hallanır dialoq adı,
Bu gediş Rusiya variantıdı,
Bizə fayda verməz bu fitva, amac.
Araz Əlizadə:
Zaman sizi cavan yaşdan çıxarır,
İndi "İP" çörəyi daşdan çıxarır,
Qərb sizi tovlayıb başdan çıxarır,
Vermək həvəsində el boyda xərac.
Sərdar Cəlaloğlu:
Ehtiyac yox siz tək ayinbazlara,
İndi hamı gülür qoyunbazlara,
Bizi dəstəkləyən oyunbazlara,
Verrik Azərbaycan irilikdə bac.
Araz Əlizadə:
Bürünün narıncı rəngli əbaya,
Tapın özünüzçün zorba bir paya,
Sizdən xeyir gəlməz elə-obaya,
Tapın dərdinizə başqa bir əlac.
Sərdar Cəlaloğlu:
Salıb doğanağa uzun örkəni,
Ölçərik ayrıca hər bir bölgəni,
Satıb-sovurandan sonra ölkəni,
Qızıldan qoyarıq başımıza tac.
Araz Əlizadə:
Ağa simanızda görür qulunu,
Müqədəss bilərək bossun pulunu,
İllərlə tutdunuz xaric yolunu,
Yenə də qarnınız doymur, gözlər ac.
Sərdar Cəlaloğlu:
Əsas məqsədimiz kürsü davası,
Bizə pul gətirər xaric havası,
Gerçəkləşər Qərbin xeyir-duası,
Bizlər də olarıq hökmlü bir rac.
Araz Əlizadə:
Ehtikar tamahı tez əyləyin siz,
Kədər-qəminizi həm söyləyin siz,
Vətən yuxasından nuş eyləyin siz,
Qərargaha qoyub xudmani bir sac.
Sərdar Cəlaloğlu:
Vecə də almırıq ötəni belə,
Çətin dolandırmaq gedəni belə,
Pul üçün satarıq vətəni belə,
Hazırda onsuz da dəbdədi hərrac.
Araz Əlizadə:
Cinayət etdiniz eyni cinahda,
Daim işlətdiniz rəzil günah da,
Şah Abbas cildinə girdi Pənah da,
Olmadı biriniz heç Yusif Sərrac.
Sərdar Cəlaloğlu:
Çıxarıb verərdim sənə göz desən,
Dözərdim "İP"-də çox əgər döz desən,
Mənim ünvanıma şirin söz desən,
Sənə yeyərik kabablıq turac.
Araz Əlizadə:
Münasib deyildir həm bic amili,
Atın başınızdan bu gic amili,
Səni məhv edəcək xaric amili,
Sizi təqdir etmir bir saçı qulac.
Sərdar Cəlaloğlu:
Çoxlu qrant düşür yurist İsaya,
Nobel də verilər turist İsaya,
Dram verəcəkdir Paris İsaya,
Əlinin döşündən asacaqdı xaç.
Araz Əlizadə:
İsa son məqamda çal qoca çıxdı,
Alçaqdan danışdın, çox uca çıxdı,
Nə dedin sözlərin tam puça çıxdı,
Boş əngə verirsən, ağarsa da saç.
Sərdar Cəlaloğlu:
Sən bizə düşmənsən, vermə büruzə,
A yazıq, quruyub gəlmisən gözə,
Tez inan yalandan deyilən sözə,
Kim dostam deyirsə, sən sinəni aç.
Araz Əlizadə:
Sizi satqın görüb dirilibdi Qərb,
Bir vaxt eşidərsən devrilibdi Qərb,
Gördün təhlükəyə çevrilibdi Qərb,
O vaxt "İP"-i qırıb ADP-yə qaç.
Sərdar Cəlaloğlu:
Niyə danışırsan, türk demiş, böylə,
Sən get iştahanı möhkəm bülöylə,
Bizi pisləyirsən, düzünü söylə,
Bununçün kim səni edəcəkdi maç?
Araz Əlizadə:
A boss, qoy bizdəki ov tulan qorxsun,
Qurşaqdan aşağı ovulan qorxsun,
Sədr kürsüsündən qovulan qorxsun,
Sərdarı qurumda üzməkdə təlaş.
Sərdar Cəlaloğlu:
Söylə, nə olubsan bizim "İP"-ə paz?
Bəlkə, mən etmişəm Ayazına naz?
Uzaqsa çirkli Kür, bulanıq Araz,
Xəzərə tökülən çirkaba bulaş.
Araz Əlizadə:
Lotudan-potudan dilən, qənd dilə,
Sallaqxanalarda əl aç, ət dilə,
İsadan, Əlidən mərhəmət dilə,
Pul üçün yenidən bosslara əl aç.
MİRZƏ QƏRƏNFİL