"İctimai Palata" liderləri aprelin 8-də 5 min nəfəri əhatə edəcək bir mitinq keçirməyi planlaşdırırlar. ADP sədri Sərdar Cəlaloğlu "İP"-çilərin bu mülahizələrinin fiaskoya uğrayacağını bildirir. Xatırladırıq ki, S.Cəlaloğlunun təmsiliçisi olduğu partiyanın əvvəllər "İP"-lə əlaqəsi olsa da, qısa müddətdən sonra bu əlaqə ipi qırıldı. Çünki özlərini "İP"-in "balinaları" hesab edən İsa Qəmbərov və Əli Kərimov ADP sədrinin, hətta ən kiçik niyyətinin də reallaşmasına rəvac verməyəcəklərini anlatdılar. S.Cəlaloğlu da əvvəl "Altılar"ın, sonra "Beşlər"in, daha sonra isə "Dördlər"in, nəhayət, "Üçlər"in sırasında özünü möhkəmləndirib, "İP"-ə alternativ qurum yaratdı. Sonralar "Altılar" bir neçə "İkilər"ə bölündü. Hazırda müxalifət ekspertlərinin dediklərinə görə, haqqında söhbət gedən "Altılar" ən azı altı yerə bölündüyündən, onun tərkibində olan partiyaların hər biri "Birlər" adı altında fəaliyyət göstərməklə, yalnız özlərini "İP"-in ən güclü alternativi hesab etməkdədir.
"İctimai Palata"nın özündə də sabitlik müşahidə olunmur. Bu qurumlar yarımneytral mövqe sərgiləsələr də, Müsavat və AXCP (i) arasında kəskin qarşıdurma özünün kulminasiya nöqtəsinə yüksəlməkdədir. İsa Qəmbərov və Əli Kərimov zahirən özlərini "atəşkəs" elan etmiş liderlərə bənzətsələr də, hər biri həmkarının əlindən zəncir çeynəmək vəziyyətinə gətirilib. "Birgə" işlərini də candərdi icra etməkdədirlər. Bu "candərdi əməkdaşlığın" müddətinin ölüncəyədək bitəcəyini güman etmək yanlış olardı.
Xülasə, "İP"-çilər aprelin 8-də "möhtəşəm mitinq" keçirmək eşqinə düşüblər. Onlarla əks-cəbhədə duran ADP sədri isə öz mülahizəsini bu məntiqlə möhkəmləndirir ki, "İP"-çilərin meydana beş min adam toplayacaqları təqdirdə, ADP-nin xüsusi rəsmi heyəti ilə gedib təntənəli surətdə onların əllərini sıxacaqdır. Öz aramızdır, martın 17-də "İP"-çilərin gənclərin icazəli mitinqlərindən ibarət olan tədbirlərində deyilən rəqəmdən heç on dəfə də az adam gəlməmişdi. Gələnlər də "İP" funksionerləri və onların qohum-əqrəbalarının oğul-uşaqları idi ki, onlar da aksiya başa çatar-çatmaz nəyə qadir olduqlarını büruzə verdilər. Yəni onların nifrin və qarğışları daxili mədəniyyətsizliklərini üzə çıxardı. Müxalifətin gənc təmsilçilərindən bundan artıq nəsə gözləmək də olmazdı.
"İP"-çilər aprelin 8-də mitinqlərinə gələcək adamların onları pis vəziyyətdə qoymayacaqlarına inanırlar. Ancaq nisbətən yaşlı adamlar daha təcrübəlidirlər, Ə.Kərimovu da, İ.Qəmbərovu da, "İP"-çilərin digər təmsilçilərini də yaxşı tanıyır və onların təxribatçı çağırışlarına uymağın yaxşı nəsə vəd etmədiyini bilirlər. Bilirlərsə, deməli, onların aksiyalarına gəlməyəcəklər də.
Necə deyərlər, mülahizə yürütmək yerində qalsın, ancaq şərti şumda kəsmək xırmanda yabalaşmaqdan münasib olduğundan, hadisələrin gedişinə aprelin 8-də tamaşa etməyə üstünlük veririk. Həmin günə o qədər də çox vaxt qalmayıb. Atalar demişkən, mən ölü, sən diri... Şükür, ölməyib meydana nə qədər adam çıxardığınızı da görərik. Həm də əgər yalanınıza, hətta heç öz müxalifətçi həmkarlarınız da inanmırsa, o zaman yaxşı olmazmı ki, arxın üstündən tullandıqdan sonra "hop" deyəsiniz? Yəni mitinq keçirib münasib adam topladıqdan sonra bəyanat verəsiniz.