"ACP" lideri Rəsul Quliyev hələ yanvar ayında okeanın o tayında otur-otura gopa basmışdı ki, martın axırlarında Bakıda 100 minlik mitinqlərin keçirilməsinə yardımçı olacaqdır. Onun bu "daşdan keçən" uydurmalarına baxmayaraq, ən azı on gün əvvəl məlum olmuşdur ki, R.Quliyevin bu niyyəti gerçəkləşməyəcək. Konkret ad çəkmədiyindən kimlərlə işbirliyi qurduğu müəmmalı çalarlarla əhatə olunur. Məhz bu müəmmalı cəhətlər də R.Quliyevin məkrli niyyətlərindən xəbər verməkdədir. Çünki ona maliyyə dəstəyi göstərən konqresmen və senatorlar ermənipərəstlər də ola bilər. Əlbəttə, bu cür adamlar axıradək "va bank" deməkdən çəkinməyi sevmirlər. Allahın bu cür dəvələrə qanad verəcəyi təqdirdə, belələrinin uçmamış dam qoyacaqları da şübhə doğurur. Məkr maddəsi belələrinin ürəklərinə və beyinlərinə işləmişdir.
R.Quliyev havadarlarının maliyyə dəstəyinin bir effekt vermədiyini anlasa da, geri çəkilməyəcəyini bildirir. Əlbəttə, bunu başa düşmək bir qədər çətindir. Çünki necə ola bilər ki, adam pul alır və söz verir ki, filan vaxt mitinq keçirəcək, ancaq aksiya baş tutmadıqdan sonra, nala-mıxa vurmağın hansı faydasından danışır? Görünür, R.Quliyev əldə etmiş olduğu maliyyə vəsaitini qaytarmaq istəmədiyi üçün manevr etməyə üstünlük verir. Manevrinin mahiyyəti isə budur ki, o, martın axırlarında baş tutmayan mitinqini aprel ayının əvvəllərinə keçirəcəyi iddiasını irəli sürür. Burada da onun "İctimai Palata" ilə problemləri yaranır.
"İP" çoxdandır ki, aprelin 8-nə təsadüf edən bazar günü R.Quliyevin kütləvi aksiyasından da "möhtəşəm mitinq" keçirəcəyini bəyan etmişdi. Onlar martın soyuq keçəcəyini nəzərə alıb, nisbətən isti keçəcək apreli hədəf seçmişdilər. R.Quliyevin öz pulunun gücü ilə mitinqini aprelin əvvəlinə transfer etməsi "İP"-çilərin qəzəblərinə səbəb olmuşdur. Onlar belə hesab edirlər ki, R.Quliyev öz mitinqini "İP"-in kürəklərinə yükləmək istəyir. Əlbəttə, "İP"-çilər R.Quliyevin mitinqini asanlıqla bölüşə bilərlər. Ancaq onların qənaətincə, gərək R.Quliyev əldə etmiş olduğu maliyyə dəstəyini mütləq onlarla bölüşsün.
R.Quliyev başqa yol tutmaq niyyətindədir. O, "İctimai Palata"nı əsil müxalifət qurumu hesab etmir. R.Quliyev özünün təsis etdiyi "Milli Müqavimət Hərəkatı"nı "İctimai Palata"dan yüksək tutur və radikal müxalifəti öz qurumu ətrafına toplamaq istəyir. R.Quliyev senator və konqresmenlərdən əldə etdiyi pulu "İP"-çilərlə bölüşmək niyyətindən uzaqdır. O, əldə etdiyi pulu "MMH"-yə cəlb olunan partiyaların liderlərinə vermək istəyir. Mart ayında pullar heç bir maraqlı partiya liderinə təklif olunmadı. R.Quliyev bu "əməliyyatı" aprelin əvvəllərində gerçəkləşdirmək istəyir.
Real vəziyyətdə R.Quliyevin nəyəsə nail olacağı şübhə doğurur. "İctimai Palata" liderləri də nəzərdə tutduqları 8 aprel mitinqini simiclik mücəssəməsi R.Quliyevlə bölüşməyəcəklər. Gənclərin məlum biabırçı mitinqlərindən sonra "İP"-çilər yeni aksiyalarını hətta təklikdə keçirəcəklərinə də ümid etmirlər. Uğursuzluğa səbəb elektorat qıtlığıdır.