Ziyalılar hər zaman baş verən hadisələrin, proseslərin, dövlətçiliyin inkişafında öndə gedirlər. Onlar xalqın mədəni irsini, milli məfkurəsini yaşadıb, gələcək nəsillərə ötürərək öz elmi, ədəbi və mədəni yaradıcılıqları ilə bəşəriyyətin nailiyyətlərini zənginləşdirib, onun misilsiz irsinin inkişafına öz töhfələrini verirlər. Qlobal dünyada hər bir milləti şəxsiyyətlər təmsil edir. Hətta sahəsindən, təmsil etdiyi toplumlardan asılı olmayaraq, hər bir şəxs davranışı, uğuru, nailiyyəti, şəxsiyyəti ilə millətinin adını uca etməyə çalışır. Amma bəzi insanlar da tapılır ki, "ziyalı" adını özünə yarlıq edərək şəxsi mənafeyi, marağı naminə bu ada ləkə gətirirlər. İfşa olunduğu təqdirdə isə, bu şəxsi marağını siyasiləşdirməyə cəhd göstərərək xalqın, dövlətin marağını satanlarla birgə xəyanətkar mövqe seçirlər. Bununla da cəmiyyətə ziyalılıq deyil, ziyanlıq gətirirlər.
Məhz bu səbəbdən də, elə təbəqələr də mövcuddur ki, onların ziyalı adından sui-istifadə etmələri şəxsi ambisiyalarının reallaşdırılmasına xidmət edir ki, bu da bilavasitə qərəzlərdən, yersiz iddialardan və başqa bu kimi arzuolunmaz faktorlardan doğur. Belə dırnaqarası ziyalılar xalq tərəfindən qəbul olunmayan siyasətin, yəni radikalizmin və dağıdıcılığın ətrafında özlərinin "mübarizlərini" sırımağa cəhdlər göstərir, bununla da sanki hər hansı "təfəkkürə" xidmət etdiklərini zənn edirlər. Amma bu vasitənin nə qədər səmərəli olub-olmamasını da yalnız xalq dəyərləndirir. Dəyərləndirilmələrdən isə məlum olur ki, bu, əslində, xalq və dövlətçiliyə qarşı aparılan qərəzli siyasətbazlıqdır.
Və çox təəssüf ki, bəzi insanlar var ki, ziyalı adını həm də alver, ticarət, ya da daha müasir dillə desək, marketinq predmetinə çevirməyə çalışırlar. Vaxtilə dövrünün ziyalı insanları olub ki, onlar heç ali savada da malik olmayıblar. Amma həmin insanlar öz tövsiyələri və nəsihətləri ilə xalqa düz yol göstəriblər. Məsələn, Dədə Qorqud hansısa akademiyanı bitirmişdimi, yoxsa Nobel mükafatı laureatı idi? Və ya Aşıq Ələsgər, Aşıq Şəmşir kimi insanlar vardı ki, böyük bir ərazinin idarə olunmasında, insanların bir-biriləri ilə münasibətlərinin, problemlərinin həllində öz tövsiyələrini verirdilər. Yəni xalqa xidmət edirdilər.
Rafiq Əliyev Əbdürrəhman Vəzirov
kimi "bambılı" ilə işlədiyi üçün ziyalı hesab oluna bilməz!
Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün "ziyanlıların" toplaşdıqları qurum bütövlükdə ölkədə ictimai çaşqınlıq yaratmaq istəyən qüvvələr olmaqla yanaşı, xarici anti-Azərbaycan meyilli təşkilatlarla da sıx əlaqələr saxlayırlar. Əbəs yerə deyil ki, onların hər biri zamanında ölkəni ağır vəziyyətdə qoyub qaçan şəxslər qrupuna aiddirlər. Onlar həm də bir vaxtlar Azərbaycana rəhbərlik etmiş xəyanətkar adamlarla yaxın əlaqələrdə olmuş şəxslərdirlər ki, bu gün həmin şəxslərin "dövlətçilikdən", "millətçilikdən" danışmağa qətiyyən haqları yoxdur. Bu gün özünü xalqın "fədaisi" kimi qələmə verən Rafiq Əliyev də Azərbaycan xalqının haqq-ədalət çağırışlarını boğmağa çalışan rəhbərlər sırasında yer alanlardandır. R.Əliyev Əbdürrəhman Vəzirov kimi "bambılı" ilə işlədiyi üçün ziyalı hesab oluna bilməz. Əgər Rafiq Əliyev, həqiqətən də, ziyalı idisə, nə üçün xalqımızın ağır zamanlarında qollarını çırmayaraq, Ə.Vəzirovun Azərbaycanın milli-azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının tətbiqi istiqamətindəki fəaliyyətinə mane olmurdu? Niyə bu gün verdiyi "ağıllı məsləhətləri" ilə o zamanlar çıxış etmirdi?
Məgər bu kimi faktları danmaq özünü ziyalı hesab edən kəsə yaraşarmı? Yox, əgər bu kimi faktlar danılırsa, demək, həmin adam, yəni R.Əliyev doğrudan da, ziyanlı şəxsdir. Ziyanlı ziyankarlara qarşı mübarizə isə həm də biz jurnalistlərin borcudur!