PDF Oxu

Köşə

  • 1 475

İP-in 8 aprel mitinqi haqqında perspektiv baxışlar...

İP-in 8 aprel mitinqi haqqında perspektiv baxışlar...

Gənclərin "təlimatçıları" olan Əli Kərimlinin və İsa Qəmbərin çoxminli insanın iştirakı ilə mitinq keçirmək cəhdləri həmişəki kimi iflasa uğrayacaq


Məlum olduğu kimi, İctimai Palata (İP) aprel ayının 8-də Səbail rayonu, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirməyi qərara alıb. Hər zaman olduğu kimi, mitinqöncəsi gəlişigözəl olan fikirlər səsləndirən, güclü fantaziyalarını işə salaraq, utopiyadan dəm vuran radikalların bu dəfəki mitinqinin də iflasa uğrayacağı heç kəsdə şübhə doğurmur. Çünki radikalların əvvəlki mitinq keçirmək cəhdlərinin iflasa uğraması haqqında zəngin təcrübənin olması, bu dəfə də İctimai Palatanın bu istiqamətdə hərəkətləri fiaskoya uğrayacaq. Çox uzağa getmədən, ötən ayın 17-də Əli Kərimlidən və İsa Qəmbərdən təlimat alan bir qrup gəncin hansı səviyyədə mitinq keçirdiyini xatırlamaq kifayət edər. Həmin vaxt Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandırılan bir qondarma təşkilatın təşkil etdiyi toplantıda heç normal şəraitdə keçirilən bir toy məclisinin qonaqları qədər adam yox idi. 30 dəqiqədən bir qədər artıq davam edən yığıncağı müşahidə edərkən, ortaya çox gülünc səhnələr və vəziyyətlər çıxdı. Sürücülük meydanında bir futbol komandası qədər görünən yığıncaq iştirakçılarının əllərində tutduqları sloqanlar, ifadə etdikləri sözlər elə təşkil olunmuş toplantının səviyyəsini nümayiş etdirirdi.

Daha detallı təhlil aparsaq, görərik ki, əslində, radikalların məqsədinin mitinq keçirmək deyil, sadəcə, xarici qərəzli dairələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə fon yaratmaqdır. Bundan başqa, bəzi xatırlatmalarla, 17 mart mitinqilə bağlı bəzi qaranlıq məqamlar da ortaya çıxır.


8 apreldən fərqli olaraq, 17 mart tarixi təsadüfi seçilməmişdi


Müxalifətçi gənclərin mitinq keçirməklə bağlı BŞİH-ə etdiyi müraciətində göstərdikləri 17 mart tarixi təşkilatçıların mənəvi rəhbərlərinin məsləhəti əsasında baş tutduğu da şübhə doğurmurdu. Yaxın tariximizə ekskurs edərkən, "17 mart"ın dövlətimizin və xalqımızın həyatına qara nöqtə kimi düşdüyünü müəyyənləşdiririk. Xatırladaq ki, 1995-ci ilin mart ayının 17-də elə bu mitinqin mənəvi təşkilatçıları olan Müsavat və AXCP başda olmaqla, xəyanətkar addım atıldı. Dövlətimizin müstəqilliyinin təməlini sarsıtmaq istəyən radikal müxalifətin funksionerləri Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovla birgə Ümummilli Lider Heydər Əliyevə qarşı sui-qəsdə və dövlət çevrilişinə cəhd etdilər. Lakin Ulu Öndər Heydər Əliyevlə xalqın birliyi müstəqilliyimizi qorudu.

Belə bir tarixin seçilməsi, əlbəttə ki, Müsavat və AXCP rəhbərliyinin iradəsindən irəli gələn məsələ idi. Çünki daim dövlətə və xalqa münasibətdə xəyanətkar mövqe tutmuş radikal müxalifətin nümayəndələri hər bir hərəkətində Vətənə, xalqa qarşı mövqe özünü göstərir. İstər Müsavat başqanının ermənilərlə sövdələşmə imzalaması, istərsə də, Almaniyanın XİN rəhbəri ilə keçirilmiş görüşdə AXCP sədrinin üzərinə öhdəliklər götürməsi həmin xəyanətkar mövqeyin göstəricilərindəndir.

Bütün bunları nəzərə alaraq, ehtimal etmək olar ki, birincisi, radikal müxalifət gənclərdən çirkin planlarını həyata keçirmək üçün istifadəyə israrlıdır, ikincisi, xarici havadarlarına göstərmək istəyir ki, onlar istənilən anti-milli tapşırığı yerinə yetirməyə hazırdırlar, üçüncüsü, 17 mart xəyanət tarixində mitinq keçirməklə, hər zaman dövlətə, millətə qarşı planlarda iştirakda maraqlı olduqlarını göstərdilər. Həmin hərəkətlərinin və düşüncələrinin davamı olaraq, radikallar 8 aprel tarixində də öz çirkin niyyətlərini ifadə etməyə çalışacaqlar.


Müxalifətin sosial bazası zəifdir


Hər zaman keçirilmiş mitinqlərə bənzədilən yığıncaqlarda 100-200 adamın iştirak etməsi radikal müxalifətin sosial bazasının həddindən artıq zəif olduğunu sübut edir. Biz "Səs" qəzeti olaraq, dəfələrlə yazmışıq ki, müxalifətin tutduğu yol dövlətə və xalqa qarşı yönəldiyindən onların təşəbbüsləri cəmiyyət tərəfindən dəstəklənə bilməz. Ötən ilin mart-aprel aylarında da bu cür yığıncaqların keçirilməsinə cəhd edildiyi zaman meydana maksimum 250-300 nəfərlə çıxmış müxalifətin sıraları sürətlə azalmağa başladı. Çünki destruktivliyi özünə mübarizə metodu seçən radikal müxalifətin rəhbərlərinin məqsədində xəyanət elementləri olduğunu hər kəs gördü. Bu səbəbdən də, yüzlərlə insan televiziyaların qarşısında Müsavat, AXCP və digər müxalifət partiyaların üzvləri üzvlük vəsiqələrini məhv etdilər.

O gündən bu günə qədər çox az adam müxalifətin mitinq çağırışlarına müsbət cavab verdi. Bu cavabın əyani təzahürünü də mart ayının 17-də müxalifətçi gənclərin keçirdiyi yığıncaqda gördük. O zaman da müxalifət ənənəvi metodlarından istifadə edərək, mitinq mənzərəsi yaratmağa çalışırdı. Əminik ki, aprel ayının 8-də də eyni mənzərə ilə qarşılaşacağıq.


Yığıncağa yenə də uşaqlar gətiriləcəkmi?


Uzun müddətdir ki, radikal müxalifətin keçirdiyi mitinqləri təhlil edərkən qəribə bir məqam ortaya çıxır. Onların mitinq texnologiyası məhz bu cür xarakterizə oluna bilər: az adamla insanların sıx olduğu məkanlarda təxribatlar törətmək, destruktivlik nümayiş etdirmək və imkan olduqda uşaqlardan daha çox istifadə etmək. Yaxşı xatırlayırıq ki, ötən il radikallar şəhərin mərkəzində mitinqlər keçirərkən, məhz bu metodlardan istifadə etdilər, qarşıdurma yaradıldıqdan sonra meydana uşaqları buraxdılar və sonradan hakimiyyəti şantaj kampaniyasına başladılar. Mart ayının 17-də keçirilmiş yığıncaqda da müxalifətçi gənclər meydana uşaqlar gətirmişdilər. Lakin yığıncaqda yaradılmış qarşıdurmada uşaqlardan istifadə edə bilmədilər. Görünür, bu gənclər mənəvi rəhbərlərinin "mitinqlərin keçirilməsi texnologiyaları haqqında" tövsiyələrini dəqiqliklə mənimsəməyiblər. Amma gün kimi aydın olan fakt ondan ibarətdir ki, radikal müxalifət şəxsi maraqları naminə uşaqları da qurban verməyə hazırdır. Görəsən, Əli Kərimli və İsa Qəmbər eyni taktikaya sadiq qalaraq, yenidən meydanı uşaqlarla doldurmağa cəhd göstərəcəkmi? Bunu isə aprel ayının 8-də görəcəyik.


Azərbaycan gəncləri müxalifəti dəstəkləmir...


Təbii ki, bu fikri də faktsız yazmırıq. Çünki 17 mart yığıncağında bir-biri ilə çox yaxından tanış olmuş gənclərin iştirakını sezməmək mümkün deyildi. İştirak edənlərin çoxu da bildirirdilər ki, onlar hər hansı bir siyasi təşkilata dəstək üçün ora gəlməyiblər. Hətta bir çoxları söyləyirdilər ki, onları buraya hansısa rok qrupunun konsertinə dəvət ediblər.

Həmin ərəfədə də yığıncaqdan əvvəl radikallar iddia edirdilər ki, guya meydana 2000-dən çox gənc yığacaqlar. Amma 300 nəfərdən artıq gənci bir yerə gətirməyi bacarmayan müxalifətin manipulyasiya ilə məşğul olduğunu gördük. Həmin yığıncaqda iştirak etmiş gənclərin bəzilərinin 4 siyasi partiyanın və 5 ictimai təşkilatın üzvü olması, qalanlarının da dostluq, yaxud tanışlıq xatirinə oraya gəlməsi faktını da nəzərə almaqla, soruşmaq istərdik ki, 10-a yaxın təşkilat 300 nəfərdən artıq gənci bir araya gətirə bilmirsə, nə üçün radikallar potensiallarına görə, çox böyük olan iddiaların arxasınca gedirlər?

Göründüyü kimi, müxalifətçilər kifayət qədər partiyadaşları olmadığı üçün məcburən müxtəlif yalanlar vasitəsilə partiya və ya ictimai təşkilatlarla əlaqəsi olmayan gəncləri yığıncağa cəlb etməyə çalışırlar. Bu fakt isə, bir daha sübut edir ki, Azərbaycan gəncliyi radikal müxalifətin nə tutduğu yolu, nə də yığıncaqlarını, mitinqlərini dəstəkləyir. Əminik ki, aprel ayının 8-də də vəziyyət eyni olacaq. Çünki radikal müxalifətin potensialı və dəstəyi elə təsvir edildiyi kimidir.


17 martın sevişmək üçün əllərində sloqan tutanları...


Mart ayının 17-də sürücülük məktəbinin meydanındakı yığıncaqda bir məqam isə daha çox diqqəti cəlb edirdi. Buraya dəvət edilmiş gənclərin əllərində "Kameraları söndürün. Sevişirik" kimi plakatların olması onu sübut edirdi ki, radikal müxalifətin keçirdiyi yığıncağa əyləncə məqsədilə gələnlər də az olmur. Onların çoxu, hətta yığıncağın məqsədinin, tələbinin nədən ibarət olduğunu belə bilmirdilər. Sadəcə olaraq, əyləncə naminə meydana gələn gənclər yeni macəra axtarışı ümidilə bir araya toplaşmışdılar. Görünür, elə Əli Kərimlinin və İsa Qəmbərin yeni mitinq texnologiyası müxtəlif əyləncələrlə gəncləri mitinqlərə cəlb etməkdən və onlar üzərindən çirkin məqsədlərini həyata keçirməkdən ibarətdir. Yəqin ki, İP 8 aprel mitinqində də bu variantdan geniş şəkildə istifadə edəcək.


Radikallar bilməlidir: Azərbaycanda siyasi radikalizmə yer yoxdur


Ümumiyyətlə, radikal müxalifət gənclərinin mart ayının 17-də keçirdiyi yığıncağın iflasa uğraması bir daha isbatladı ki, Azərbaycanda siyasi radikalizmə yer yoxdur. Eyni zamanda, həm iştirakçıların sayının həddindən artıq az olması, həm gənclərin çoxunun siyasi bağlılığının olmaması, həm də oraya toplaşanların radikalların təxribatına uymaması sübut etdi ki, gənclər müxalifəti Azərbaycan iqtidarına alternativ kimi görmürlər. Bununla yanaşı, bu yığıncağın nəticəsi olaraq, xalq gördü ki, Əli Kərimli və İsa Qəmbər sağlam düşüncəli gənc yetişdirə bilmir. Onların təlimatları əsasında yalnız xəyanətkar, çirkin məqsədli gənclər formalaşa bilər. Bu mənada, demək olar ki, Azərbaycan xalqı radikalizmi qətiyyətlə rədd edir və Əli Kərimli, İsa Qəmbər kimilərin anti-milli hərəkətlərinin yer tutmasına imkan verməyəcək.


Son nəticə: Azərbaycanda insan hüquqlarının dövlət tərəfindən qorunduğu bir daha isbatlanır


Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirmək üçün icazə istəyən həm bir qrup müxalifətçi gəncə, həm də İctimai Palataya yer ayırmaqla, dövlətin konstitusiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının təmin olunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu, bir daha sübut edir ki, ölkəmizdə insanların sərbəst toplaşmaq, söz və fikir ifadə etmək azadlığı tam şəkildə təmin olunur, hər hansı bir məhdudiyyətin tətbiqindən söhbət belə gedə bilməz. Həmçinin, isbatlanır ki, insanların fundamental hüquqlarının qarantı kimi dövlət vətəndaşlarının siyasi mövqeyindən asılı olmayaraq, hüquq çərçivəsində bütün toplantılara və mitinqlərə icazə verir. Bu dəfə də BŞİH mitinq keçirməyə icazə üçün müraciət etmiş radikallara kifayət qədər geniş yer və vaxt verir ki, öz fikirlərini sərbəst şəkildə ifadə etsinlər.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti demokratik prinsipləri və dəyərləri üstün tutur. Ona görə də, müxalifətin də, bir sıra xarici qərəzli dairələrin də ölkəmizlə bağlı söylədiyi fikirlər əsassızdır, qeyri-obyektivdir. Daha bundan sonra heç kəs deyə bilməz ki, Azərbaycanda fikir, söz və sərbəst toplaşmaq azadlığı pozulur.


"Səs" Analitik qrupu

Digər xəbərlər