Müxalifətçilər öz kütləvi aksiyalarını hər il şahmatvari tərzdə davam etdirir. Hamımız "Yaz yürüşü" və "Payız yürüşü" kimi istilahlarla müxalifət mətbuatında üzləşmişik. Ancaq heç birimiz müxalifətin "Qış yürüşü" və ya "Yay yürüşü" haqda eşitdiyimizi iddia edə bilmərik.
Görəsən, nə üçün müxalifət qışda və yayda kütləvi aksiya keçirməkdən imtina edir? Bir qədər dərindən düşünsək, görərik ki, onlar nəinki ilin bütün fəsillərində, hətta bütün aylarında, həftələrində və günlərində məmnuniyyətlə mitinq, küçə yürüşü və piket keçirərdi. Ancaq imanımı yandırıb, iddia edə bilmərəm ki, müxalifətçilər günün bütün saatlarında, dəqiqələrində və saniyələrində, kütləvi aksiya keçirmək sevdasına düşə bilərdilər. Bu cür məhdud vaxt çərçivəsində yalnız lider və sədrlərin qəlbdaxili monoloqları aşıb-daşardı. Bundan o yana ağıllarına heç nə gəlməzdi.
Xatırladırıq ki, müxalifətin aksiyaları onlardan çox, elektorat və kütlə dəstəyindən asılıdır. Hər həftə və hər bir ay, çətin ki, kimsə "İctimai Palata" və digər müxalifət bloklarının tədbirlərinə maraq göstərəydi. Lider və sədrlər yaxşı bilirlər ki, bu cür aksiyalar əsəbləri ən möhkəm olan elektoratı da hövsələdən çıxarar və onlar öz liderlərinə asi olardılar. Odur ki, hər ay və hər həftə mitinq və ya piket keçirmək radikalların menyularına daxil edilmir. Qış və yay fəsillərində də hər hansı mitinq keçirmək absurd olardı. Çünki radikal elektorat çox kövrək və elastik maddədən təşkil edilib. O, qışda donur, yayda isə əriyir. Aydın desək, Azərbaycan müxalifəti, liderləri ilə birlikdə, qışda soyuqdan, yayda isə istidən qorxur. Bu səbəbdən, onlar qış və yay fəsillərində istirahət edib enerji yığır, digər iki fəsildə isə küçə və meydanlara axışmaq qabiliyyətlərində olduqlarını nümayiş etdirirlər.
Müxalifətin enerjisinin mahiyyəti də özünəməxsus və çoxcəhətlidir. Onlar qışda yeyib-içib piy yığır, yayda isə Qərbin, ABŞ-ın və Şərqin sərin istirahət guşələrinə çəkilib məşq edirlər. Məşqlərdə çoxmərtəbəli və yağlı söyüşlər yüksək səslə nümayiş etdirilir, dövlət və iqtidar əleyhinə qulaq səsi eşitməyən şüarlar səsləndirilir. Məşqlərdə polisə söz və daşlardan atəş açılır, geri çəkilərkən sığınmaq üçün münasib dəlmə-deşiklər axtarılır. Bütün bu proseslər başa çatdıqdan sonra müxalifət öz canlı qüvvələrini küçə və meydanlara tökür.
Nə vaxt? Əlbəttə, payızda və yazda. Çünki bu fəsillərdə havanın hərarəti 15-20 dərəcə Selsi arasında var-gəl edir və elektoratın nə donmasına, nə də əriməsinə yol verilmir. Yəni aksiyalarda iştirak edən kütlələr soyuqdan üşümələrini və istidən tərləmələrini bəhanə gətirib, hadisə yerindən yayına bilmirlər.
Göründüyü kimi, payız və yaz yürüşü müxalifət liderlərinin kütləvi aksiyalar üçün seçdikləri fəsillər kimi qəbul edilərək, məxsusi olaraq, "Müxalifətin kütləvi aksiya fəsilləri" elan edilib. Çətini indi yalnız kamikadze-elektorat çatışmazlığıdır. Radikal liderlər bu məsələnin öhdəsindən gəlməyin asan olduğunu, yeganə problemin xarici ölkə maliyyəçilərinin az qrant ayırmaları ilə əlaqələndirirlər. Məhz bu səbəbdən də, aprelin 8-də icazəli mitinq keçirməkdən imtina etməyi və pərakəndə piket keçirməyi qərara alıblar. Piket də baş tutmasa, beş-üç manat xərcləyərək, bir neçə adam tutub o küçədən bu küçəyə buraxaraq, "möhtəşəm mitinq"in baş tutduğunu bəyan edəcəklər.