Aprelin 8-də 20-ci sahədə - keçmiş texniki-peşə məktəbinin qarşısında keçirilən mitinqdə də işğal edilmiş ərazilərimizin qaytarılmasının yeganə yolu kimi müharibə variantına üstünlük verildiyi bildirilirdi. ANS telekanalının "Günə baxan" verilişindən rişələnən "Allah bizə səbr verməsin" ifadəsi bu fikirlə üst-üstə düşməkdir. "Qarabağ Azadlıq Hərəkatı"nın sədri Akif Nağı da 20 ildir Dağlıq Qarabağ probleminin yeganə həll variantının müharibə yolu olduğunu bildirir. Ancaq "Günə baxan"ın mövqeyində də Akif Nağının müharibə variantında da sözgəlişi deyilmiş məqamlar çoxluq təşkil edir. Sözdü də, ağıza ki, gəldi, buraxırlar onu dövriyyəyə. Ancaq onun törətdiyi məqamı əsla nəzərə almırlar. İnsan cəmiyyətidi də deyəcəklər ki, sözdü də deyiblər, nə ip salıbsınız boğazına.
"İctimai Palata" nümayəndələri isə müharibə variantına üstünlük verərkən, siyasi dividendləri əsas götürürlər. Burada əsas məqsəd xaricdən axan qrantları öz nəzarətləri altında saxlamaqdır. Bunlar elə danışırlar ki, elə bil, ermənilərin üstünə getsələr, qarşıduran tərəf qeyd-şərtsiz işğal etdiyi əraziləri tərk edib geri çəkiləcəkdir. Bu, belədirmi? Əlbəttə, yox...
Bu məsələni çözələməmişdən əvvəl ANS mübəlliğlərinə və A.Nağıya bildirmək istəyirik ki, mıs-mıs deyincə, Mustafasını deyin, yəni boş-boş danışmaqdansa, əlinizə silah alıb cumun ermənilərin üstünə, ya da "əlhəmdullah" deyib çəkilib əyləşin özünüzün sakit guşənizdə... Çünki bu məsələ sizin girdiyiniz kol deyil. Yaxşı bilirik ki, vuran oğul heç bir həmkarı ilə gənəşməz. Gənəşəndə də, çalışırlar ki, sözü ilə başqaları hücum mövqeyi tutduqca, özü geri çəkilsin. Bunu yarımmövqesizlikdən o yana yozmaq mümkün deyil.
İndi gələk "İctimai Palata"nın müharibə variantına. Bunların bu variantı fiksiyadan başqa bir şey deyil. Gəlin fikrimizi əsaslandıraq. Bu gün "İP"-in müharibə variantı çağırışı etməyə əsası varmı? Əlbəttə, yoxdur? Çünki onlar 1992-ci ildə hakimiyyət kürsüsündə oturarkən, İsa Qəmbərov da, Əli Kərimov da məsul vəzifə tuturdular. O vaxtkı iqtidarın müharibə variantı əvvəl Kəlbəcərin işğalına, daha sonra Surət Hüseynovun ortaya çıxarılması ilə AXC iqtidarının bir ilin tamamında iflası ilə nəticələndi. İndi "İctimai Palata"da dilotu yemiş kimi danışanlar, o vaxt hakimiyyəti onlardan qəbul edənlərin ayaqlarına düşüb yalvarmaq həddinə gətirilmişdilər.
Bəs əslində, vəziyyət nə yerdədir? İndi Azərbaycanın hərbi qüvvələri düşmənin silahlı qüvvələrindən qat-qat artıqdır. Azərbaycanın təbliğat mexanizmi də düşməninkini qabaqlamaqdadır. Beynəlxalq təşkilatların böyük əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunu bəyan edir. Sovetlər dönəmində Ermənistanı gizli surətdə dəstəkləyən Moskva, müstəqillik əldə etdikdən sonra bu bədnam ölkəni öz silahlı qüvvələri ilə müdafiə etməkdədir. Fransa prezidenti Nikolya Sarkozinin canfəşanlığı, müttəfiqimiz ABŞ-ın ilbəil Ermənistana və bədnam "DQR"-ə maliyyə yardımını artırması da günün reallığıdır. Bir sözlə, ikili standatlar öz hökmünü saxlamaqdadır.
Bununla belə, Azərbaycanın Ali Baş Komandanı istənilən vaxt məsələnin sülh yolu ilə həll edilməsinin qeyri-mümkün olduğunu bəyan edə bilər. O vaxtadək gözləmək lazım gələcəkdir. Artıq hərəkət əndazəni aşmaqdan başqa hər hansı fayda vermək imkanından uzaqdır.