Özlərini radikal müxalifət hesab edən AXCP (i), Müsavat və digər partiya sədrləri nədənsə tarixi faktlara əsaslanaraq, həqiqəti söyləməkdən çəkinirlər. Bu da onların saxtalıqlarla dolu bir həyat sürdüklərinə və demokratik prinsiplərə yad olan siyasətin əhatəsində olduqlarına nişanədir. 1992-93-cü illər ərzində hər kəsə məlumdur ki, hakimiyyətdə olduqları dövr ərzində onların adı həm siyasi təcrübəsizlikləri, həm savadsızlıqları və digər mənfi xüsusiyyətləri ilə Azərbaycanın tarixində silinməz qara ləkə kimi həkk olundu. Yürütdükləri yanlış siyasətin ağır nəticələri öz fəsadlarını Qarabağ döyüşlərində torpaqlarımızın işğal olunması ilə nəticələndirdi. Ölkədə xaos hökm sürürdü. Xalqın etibarından istifadə edən bu "siyasətçilər" Azərbaycanı ağır fəlakətlərlə üz-üzə qoydular.
İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov və digər "sapı özümüzdən olan baltalar" sanki bu millətin qəsdində dururmuş kimi parçalayırdılar. 90-cı illərin əvvəllərini yada salsaq, ölkədə baş verən anarxiyanın məhz xarici qüvvələr tərəfindən əvvəlcədən yazılmış ssenari üzrə cərəyan etdiyini və məhz İsa Qəmbərov, Etibar Məmmədov və digər başıboş, özlərini siyasətçi kimi qələmə verməyə çalışan nadanların da bu ssenarilərdə rol aldıqlarının şahidi oluruq. Hakimiyyət uğrunda amansız mübarizəyə başlayan bəzi "xalqsevən" liderlər saxtalıqlarla bu xalqın qanını içməkdən belə çəkinməmişlər. Vaxtilə Əbülfəz Elçibəyə böyük hörmət bəslədiklərini dilə gətirən İsa Qəmbərov, Etibar Məmmədov və s. partiya sədrləri indi tarixi yalanlamaqla, əsil iç üzlərini büruzə verirlər. Hakimiyyətdə olduqları qısa bir müddət ərzində qardaşlaşan radikallar indi düşmənə çeviriliblər. "Bizi hakimiyyətə AXC gətirdi" sözləri ilə 1992-ci ildə Milli Məclisin iclasında çıxış edən İsa Qəmbərov indi ətrafında olan bütün daşları Əli Kərimovun bostanına atır. "Müsavatçılar bizim əqidə yoldaşımızdır" deyən Əli Kərimov şəxsi mənafelərinə görə İsa Qəmbərovla "İctimai Palata" deyilən qondarma qurum yaradır. Göründüyü kimi, şəxsi mənafelərdən yaradılmış radikal müxalifət partiyaları olan Müsavat, AXCP (i), AMİP nədənsə eyni xəmirdən yoğurulduqlarını unudurlar. AXC hərakatından damla-damla düşən radikal partiya sədrlərinin mətbuatlarına nəzər salsaq, bir-birilərinə qarşı olan əsil hörmətin hansı keyfiyyətlərə xas olduğunu anlayarıq. Dünənə kimi "qardaş, bəy" adlandırdıqları insanlara indi gözdənsalma siyasəti ilə yanaşmaları heç də təəccüblü deyil. İnsani keyfiyyətlərdən uzaq olan radikallara belə bir atalar sözü ilə yanaşsaq, sözün əsil mənasında, yerinə düşərdi, "Qınından çıxdı, qınını bəyənmədi". Unutmamalıdırlar ki, atdıqları hər bir səhv addıma görə gec-tez cavab verməli olacaqlar.
Zaur Ocaqverdiyev