Deyir, meymun baxar güzgüyə, adını qoyar özgəyə. Yaxşı deyib rəhmətlik atalar bu məsəli. Ancaq gəlin görək, həmin xırda məsəlin daxilində nə qədər düşündürücü məqamlar var. Yəni ataların dediyi həmin o gözəllik insanların fizioloji görkəmindən bəhs etmir. Burada əsas məsələ, mənəviyyat, ləyaqət, vicdan, şərəf kimi mövzuları əhatə edir ki, onların hər biri insanların daxili aləmində formalaşır. Və mən burada balaca, lakin özündə bir çox mənaları əks etdirən atalar sözünün ədəbi təhlili barədə danışmağı düşünmürəm. Çünki atalar sözünü işlətməyimin əsas qayəsi onu müxalifət qüvvələrinin "liderləri" ilə müqayisə etmək istəyimdir. Ona görə ki, onlar tez-tez güzgülərinə baxaraq, öz çirkinliklərini görürlər və bundan qeyzə gəlib həmin çirkinliklərini atırlar iqtidarın üzərinə. Lap AXCP (i) sədrinin müavini Gözəl Bayramlı kimi. Ancaq indidən deyim ki, mənim onun gözəlliyinə, yaxud da çirkinliyinə fizioloji tərəfdən münasibət bildirməyə nə həvəsim, nə də ki, iddiam var. Mənim iddiam odur ki, Gözəl daxili çirkinliyini "Azadlıq" adlı kağız parçasında geninə-boluna tərənnüm edib. Deyib ki? Daha dəqiq desəm, iddia etməyə cəhd göstərib ki, müxalifət qocalmayıb. Görünür, müxalifət düşərgəsinin, eləcə də, düşərgə timsalında Ə.Kərimovun sifətini tərənnüm edən G.Bayramlı güzgüyə baxdıqca-baxıb, baxdıqca baxıb və belə bir şəxsi qənaətə gəlib ki, yox, nə danışırsan, müxalifət qocalmayıbmış. Lap 90 yaşında güzgüyə baxıb özünü "cavan" göstərməyə səy göstərən bəzi qırmızı adamlar kimi.
ÖZLƏRİNƏ VURULUB ÖZLƏRİNİ İTİRƏNLƏR
Radikal müxalifət sülaləsinin heç nəyə qadir olmadığı, liderlərin müqəddəratının həll olunduğu bir dövrdə özlərini "cavan və potensiallı" kimi ictimaiyyətə sırımağa cəhd edən gözəl bayramlılar əlbət ki, yaxın zamanlarda məğlubiyyətlərinin matəm ələmlərini başları üzərinə qaldırmağa məhkumdurlar. Bu məsələ özünü aprelin 8-də də göstərdi. On-on beş nəfəri yüz-yüzəlli, yüz-yüzəlli nəfəri isə min-min beş yüz nəfər görən düşərgə liderlərinin həqiqətən də köhnəlib, sıradan çıxmalarının əsas səbəbi məhz onların qocalıb-əldən düşmələridir. Yəqin G.Bayramlı güzgüyə baxaraq, o qədər özünə vurulub ki, nəticədə özünü itirib.
YEGANƏ XİLAS YOLU PENSİYAYA ÇIXMAQDIR
Əslində 20 ildən artıq bir müddət ərzində olan-qalan bütün çirkinliklərini ortaya qoymuş olan radikal müxalifət və düşərgənin qocalmış "gözəlləri" bütün mənalarda hərdəmxəyallıqlara qapılıb xilas yollarını axtarmaqda davam edirlər. Ancaq tayfa xüsusiyyətləri ilə düşərgədəki sülaləliklilərini hər iki əlləri ilə inhisarda saxlayan Ə.Kərimov kimi qoca manqurtlar G.Bayramova kimi nənələrini irəliyə itələyib xilas yolunu da bunda görürlər. Amma nə o tərəfdən, nə də bu tərəfdən heç nə alınmır ki, alınmır. Bu zaman isə bir mövcudluq ortaya çıxır - müxalifətdən pensiyaya çıxmaq mövcudluğu. Bəlkə onda bir daha güzgüyə baxıb, qocaldıqlarını etiraf etməyə məcbur olarlar.