Mirmahmud Fəttayev:
Almaq qeyri-mümkün siftə pintindən,
Hörmətmi gözləyim "İP"-də pintindən?
Mən də öz sözümü dedim indidən,
Növbəti mitinqə getməyəcəyəm.
Arzu Səmədbəyli:
İşi elə-belə çözə, fərqi yox,
İstəyirsən uçur-bəzə, fərqi yox,
Gəlirsən-gəlmirsən, bizə fərqi yox,
Səndən güclüləri edəcəyik cəm.
Mirmahmud Fəttayev:
Piket-mitinqini bizə az yama,
Gəlmərəm, əmr etsə Barak Obama,
Nə bildim, vermədim hətta babama,
"İP" nə diqtə edir, etməyəcəyəm.
Arzu Səmədbəyli:
Mitinq Qərb gözündə ucaldır "İP"-i,
22 apreldə olmaz bir ÇP,
İştirak etməsə "cırtdan" "KXACP",
Bizim mitinqlərə çökməz kədər, qəm.
Mirmahmud Fəttayev:
Bir qazanc da gəlmir düzlərdən bizə,
Xaric də buraxmır xəzlərdən bizə,
Onsuz da pay çatmır sizlərdən bizə,
Bosslarından maraq güdməyəcəyəm.
Arzu Səmədbəyli:
Muğandan gedənik, Mildən gedənik,
Qərbin pulu üçün əldən gedərik,
Atadan-babadan zildən gedənik,
Sənsə 20 ildir fırladırsan bəm.
Mirmahmud Fəttayev:
"Cırtdan" qurumlarda başlarda tacam,
Qrant qazanmaqçün sizdən də acam,
Sizin hoqqanıza inanmayacam,
Siyasi meydandan itməyəcəyəm.
Arzu Səmədbəyli:
Arxada Qərb durur, biz əsil dağıq,
Bosslardan pul allıq nə qədər sağıq,
Ciblərinə xeyli pul qoyacağıq,
Kim mitinqə gəlsə, edəcəyik dəm.
Mirmahmud Fəttayev:
Sən öz liderinlə az danış, mumla,
Bir hektar torpaq al, ək, becər, şumla,
Gedərəm irəli öz qurumumla,
Yolunuz üstündə bitməyəcəyəm.
Arzu Səmədbəyli:
Haray-həşir saldın, oldun saqqız, qır,
Heç vaxt göstərmədin bir həya, abır,
Son anda bizləri etdin biabır,
Çətin ki, tapasan bir üsul, yol, çəm.
Mirmahmud Fəttayev:
Qərb bizdən gen qaçıb sizləri tutur,
Batman gəlmək üçün get ağır otur,
"İP"-də liderləri basıbdı qotur,
Elçibəydən sonra mən əsil bəyəm.
Arzu Səmədbəyli:
Bizim hər uğura tökmüsən qəhər,
Qəmli sifətindən tökülür zəhər,
Xoruz banlamasa bircə gün səhər,
"İP"-də açılmazmı de səhər, bəyəm?
Mirmahmud Fəttayev:
Məni siz həmişə sayıbsız üzsüz,
İşığa xor baxıb qalaram gözsüz,
Növbəti mitinqə gəlmərəm, sözsüz,
Güman edirsən ki, tədbirə dəyəm?!
Arzu Səmədbəyli:
Sən oldun cəbhədə bayraq tək əsən,
İndi də olmusan inciyən-küsən,
Bəlkə sən aqillər cərgəsindəsən,
Sənin nəzərində bəlkə mən keyəm.
Mirmahmud Fəttayev:
"İP" alağı üçün orağım yoxdu,
Tədbirlərinizdə sorağım yoxdu,
Sizin mitinqlərə marağım yoxdu,
Bu yöndə sözüm yox, dəyişməz qayəm.
Arzu Səmədbəyli:
Kimsə də xətrinə, yəqin dəyib ki,
İsa bəy sayıbdı bunu eyib ki,
Nəzərdə tutaraq səni deyib ki,
Üstündə olubdu həmişə sayəm.
Mirmahmud Fəttayev:
İsa şux dayanıb, başımı əyib,
Qrant alanda da tək özü yeyib,
Çoxdan böyümüşəm, başa düşməyib,
Olmaq istəyibdi İsa bəy dayəm.
Arzu Səmədbəyli:
Gülmərəm, sən mənə lap gülsən belə,
"İP"-in pis gününü lap bilsən belə,
Növbəti mitinqə lap gəlsən belə,
Çətin ki, önündə çöküb baş əyəm.
Mirmahmud Fəttayev:
Göynəməz burnumun heç ucu belə,
Qrantçün açmaram ovucu belə,
Baxmaram mən "İP"-ə gözucu belə,
Hətta lap özümə desən ki, səyəm.
Arzu Səmədbəyli:
Məni başqan kimi bir kişi sayıb,
Plovun qaymağı, kişmişi sayıb,
Özünü siyasət bişmişi sayıb,
Mən sənə nisbətən demə ki, çiyəm.
Mirmahmud Fəttayev:
Qışqırıb meydanda azğın dəli tək,
20 il sordunuz Qərbi zəli tək,
Mən də istəyirəm İsa, Əli tək,
Bossların verdiyi qrantdan yeyəm.
Arzu Səmədbəyli:
Cibimi dolduran yadı sayıram,
Boss verən qrantı maddi sayıram,
Dediyin, sözləri adi sayıram,
Əlidi həmkarım, İsadı yiyəm.
MİRZƏ QƏRNƏFİL