XIX əsrdə Rusiya ordusunda xidmət edib general rütbəsinədək yüksələn məşhurlarımızdan biri öz xatirələrində bir maraqlı məqama toxunub. Onun yazdığına görə səhrada rast gəldiyi bir ərəb ətrafına toplaşanlara susuzluqdan yandığını bildirirdi. Ancaq heç kəsin təklif etdiyi su tuluğunu qəbul etməyərək, daha çılğın tərzdə qəlbinin susuzluqdan parça-parça olduğunu bildirməkdə davam edirdi. Sözsüz ki, bu "tamaşa" ziyarətçilərin Məkkəyə yaxıqlaşdıqları ərəfədə məqsədyönlü tərzdə nümayiş etdirilirdi.
İndi gələk bizim dövrə. Müxalifətçilərin 2012-ci il 8 aprel mitinqindən sonra tanıdığım bir müxalifətçi yazarla küçədə rastlaşdım.
- A həmkar, - dedim, - 20-ci sahədə keçirdiyiniz mitinqdə yaman qışqırırdınız, ha! Deyirdiniz ki, mitinqdə 20 min adam iştirak edir və biz yaxın gələcəkdə onların sayını 50 minə çatdıracağıq. Sizə inananların az olduğunu hiss etdikdə, bu rəqəmi 10 minə, daha sonra isə 5 minə endirdiniz. Bununla nə demək istəyirdiniz? Axı özün də yaxşı bilirsən ki, sizin keçirdiyiniz mitinqdə 1000 nəfərdən çox adam iştirak etməyib.
- Haqlısan, - deyə müxalifətçi həmkarım bildirdi. - Biz ona görə o cür qışqırırdıq ki, çəkdiyimiz rəqəmlər bizim arzularımız və xəyallarımızla bağlıdır.
- Axı 20 ildən artıq arzu və xəyallarla yaşamaq olmaz. Real gerçəkliklə də barışmaq lazımdır. Bu gün Azərbaycan müharibə şəraitində olsa da, iqtisadiyyatın, elmin inkişafı, mədəniyyət sahəsindəki uğuru göz qabağındadır. Siz bu inkişafın üzərinə kölgə salmağa qadirsinizmi?
- Əlbəttə, qadir deyilik. Ancaq biz də müxalifətik. Sərçə yanğın söndürmək üçün onun üstünə dimdiyindən su atırsa, biz də çığır-bağırımızla bu real siyasətin əleyhinə getməliyik. Bu, düz olmasa da, bizim işimizdir. Sən demə, özüm etiraf edəcəm. Əlbəttə, sərçə dimdiyindən atdığı bir damla su ilə yanğını sönməyəcək. Bu, sərçənin arzusu olaraq qalacaq. Meşə isə yanacaq. Biz də mitinqlərdə qışqırıb-bağırmaqla, rəqəmləri şişirtməklə istəyimizə nail olmayacağıq.
- Bəs nə üçün qışqırırsınız? Nə səbəbə iqtidarla dialoqa gəlmək istəmirsiniz?
- İqtidar parlamentdə təmsil olunan bir deputatımız üçün cüzi məbləğ ödəməyi planlaşdırır. Qərb isə bizə daha çox qrant buraxacığını vəd edir. Demokratiya şüarı altında biz daha çox bu məbləği əldə etməyə can atırıq.
- Bəs vətən, vətənpərvərlik necə olsun?
- Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacar demişkən, "Vətən...çoxmu sevir məni bu vətən? Mənə həcv yazır hər yoldan ötən. Bir də tərifləmə mənə vətəni. Bu qılınc olmasa yeyərlər məni". Qardaşım, bu vətənpərvərlik mənə qalıb? Başqaları qaz vurub qazan doldurur, bəyəm, mən xarici qranta iddia edə bilmərəmmi?
- Edə bilərsiniz, həmkar, ancaq xarici ölkələrin agentləri və vətən xainləri kimi!
Əxlaqi nəticə: Əgər səhrada susuzluğunu ön plana çəkən şəxs islam fanatizmini təbliğ edirdisə, mənim müxalifətçi həmkarım vətənin mənafeyini xarici qrantlara güzəştə gedir. Hər iki halda, "iş görüb, qarın otarmaq" ön plandadır.