PDF Oxu

Köşə

  • 1 312

“Vahid namizəd” qarşıdurması “İP”-i uçuruma aparır

“Vahid namizəd” qarşıdurması “İP”-i uçuruma aparır

Rauf Arifoğlu:


Başqan Müsavatda günahın özü,

Onu qəhr eləsin Allahın özü,

İsadan yaxşıdı Pənahın özü,

Sədr ola bilərəm mən özüm belə.


Pənah Hüseynov:


İsa bəy hamını salıbdı candan,

Xoş şey gözləmirəm mən bu insandan,

Bu adam Əliyə qoşulan andan,

Bütün mitinqləri döndərdi külə.


Rauf Arifoğlu:


İsa qoparıbdı diri yaranı,

Edibdi on dəfə iri yaranı,

"İP"-in daxilində qatıb aranı,

Xeyli çat yaradıb o, gülə-gülə.


Pənah Hüseynov:


Xoş gəlmir dualist havası yəqin,

Həm də çox soyuyub yuvası yəqin,

"Vahid namizədlik" davası yəqin,

"İP"-in özünü də verəcək yelə.


Rauf Arifoğlu:


Hər biri arzular pullu "boss dayı",

İstər bir özünün olsun çox payı,

Əl də İsanın elə bir tayı,

Bu ona, o buna qurmaqda tələ.


Pənah Hüseynov:


"İP"-də yek namizəd qoyulub dəmə,

Məlum bu qalmaqal lazımdı kimə,

Rəqibi nə qədər enərsə bəmə,

O biri o qədər qalxacaq zilə.

Rauf Arifoğlu:


Haqsız qrant umar, dadar haqlı su,

Ürək bulandırar çirkli-qoxlu su,

Bu xəmir aparar, sözsüz, çoxlu su,

"İP" də yuvarlanıb qərq olar selə.


Pənah Hüseynov:


Bunlardan çox iti qaçar cücü də,

Dincəlmək istərlər "bəylər" Ficidə,

Yoxdu heç birində cüyür gücü də,

Hər ikisi deyir bənzərəm filə.


Rauf Arifoğlu:


Bu qalmaqal bitməz inanın mayda,

Biri fikrən burda, biri o tayda,

"İP"-də bu gedişlə cüzi bir fayda,

Əsla gətirməzlər millətə, elə.


Pənah Hüseynov:


Sarsılıb yerindən çıxmaqdadı təb,

Qərb üstə köklənib dilim, lisan, ləb,

Bunlar yaradıblar qəlbimdə qəzəb,

Çıxmazdım bunlarla hətta mən çölə.


Rauf Arifoğlu:


Pulu bir-birindən gizlərlər onlar,

Qərbi də, Şərqi də pislərlər onlar,

Çox mitinq keçirmək istərlər onlar,

Həm ona, həm buna ağırdı şələ.

Pənah Hüseynov:


Hər iki ağılda gizlənib çağa,

Sol əmrini alan dönəcək sağa,

Biri o birinin yanında ağa,

Bossların önündə hər biri kölə.


Rauf Arifoğlu:


Qalmayacaq "İP"-in heç səkisi də,

Yox onların normal bir çəkisi də,

Süquta gedirlər hər ikisi də,

Hər iki yarışçı düşəcək lilə.


Pənah Hüseynov:


Onlar unutmağa hazır gileyi,

Hər biri dodağa qondurar meyi,

Arzulamazdım mən bu cür taleyi,

Çolağa, topala, nə kora, şilə.


Rauf Arifoğlu:


Onu da biçəcək kimlər nə əkər,

Qabağa fırlanır zamanda təkər,

"İP"-də bir namizəd olarsa əgər,

Qorxuram o biri yıxılıb ölə.


Pənah Hüseynov:


Bunlar öyrəniblər havayı, müfə,

İstərlər xaricdə baxsınlar kefə,

İşdi, "İP" qırılsa növbəti dəfə,

O, bir də düzəlməz 10-15 ilə.

Rauf Arifoğlu:


"İP"-i geri saldı bağa ağuşu,

Onlara xoş qərbli ağa ağuşu,

İsidir onları dığa ağuşu,

Kimin göz yaşını gör kimlər silə?!


Pənah Hüseynov:


Vallah, yola getməz ölüylə İsa,

Çox söz deyib xaric diliylə İsa,

İnanma düzələ Əliylə İsa,

Pənah bəy, gözünə bir az su çilə.


Rauf Arifoğlu:


Düşməz damaqlardan bir gün mey-məzə,

Xarici qaydalar, maraqlar təzə,

Nə narıncı paltar görünür gözə,

Nə də maraq qalıb simvolik gülə.


Pənah Hüseynov:


Onların narıncı çuxası möhkəm,

Arxasında duran ağası möhkəm,

Ay Rauf, bunların yaxası möhkəm,

İndi get arzunu bosslardan dilə.


Rauf Arifoğlu:


Gələr həmkarına təpki, hədə o,

Hətta lap üzünə deyər gədə o,

Nə bu niyyətindən dönər, nə də o,

Bu xəmir çox saf su aparar hələ.


Pənah Hüseynov:


Gözlərdə alovu-közü görmədim,

Bunlarda səndəki üzü görmədim,

Nə onda, nə bunda, düzü, görmədim,

Bir-birinə qarşı insaf bir gilə.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər